Füzulidə şikayətçilar özlərin yandırır

Yandi-1

İcra Hakimiyyətinin şikayətlərə baxmaması və saymamazlığı indiyə qədər 3 nəfərin özünə qəsd etməsinə səbəb olub

Ötən gün Füzuli rayon İcra Hakimiyyətində şikayətlərə baxılmadığı və şikayətçilərin qəbul edilməməsi barəsində məlumat vermişdik. Verilən məlumatda deyilirdi ki, ötən həftə İcra Hakimiyyətinin qarşısına toplaşan şikayətçilər icra başçısı Alı Alıyev tərəfindən qəbul edilməməsinə etiraz ediblər. Bundan əlavə, polisin gücü ilə onlar binanın önündən uzaqlaşdırılıblar. Amma şikayətçilər tez bir zamandan yenidən görüş üçün gələcəklərini bildirib və qəbul edilməyəcəkləri təqdirdə davamlı aksiyalara başlayacaqlarını vurğulamşıdılar.

Qeyd edək ki, bu yazımızı başqa saytlar öz adlarına çıxmışdılar. Amma bu məlumatın ardından Füzuli rayon İcra Hakimiyyəti apar-topar məlumat yayaraq, belə bir şeyin olmadığını bildirmişdilər. Üstəlik, rayonda guya abadlıq və quruculuq işlərinin “fontan” vurduğunu iddia etmişdilər.

İcra başçısı Alı Alıyevin rəhbəri olduğu rayonda məhz şikayətlərə baxılmaması və vətəndaşların yerli məmurlar tərəfindən istismara məruz qalması səbəbindən son iki ildə 3 nəfər özünü yandıraraq, intihar edib. Və bu olaylardan ikisi məhz Füzuli rayon İcra Hakimiyyətinin binası qarşısında baş verib.

Bu olaylardan biri iki il əvvəl baş verib. Və yerli sakinlərdən biri məzh icra başçısı Alı Alıyev tərəfindən qəbul edilmədiyi və şikayətinə baxılmadığı üçün İcra Hakimiyyətinin qarşısında özünü yandırıb. Onun kimliyi barədə müfəssəl məlumar əldə etməyə çalışırıq.

İkinci oxşar olay isə 2012-ci ildə məktəb müəlliməsi Radə Quliyevanın özünü dərs dediyi “Qayıdış-1” qəsəbəsinin məktəbin önündə baş verib. Bu intihara səbəb isə onun məktəbin direktorunun yerli hakimiyyət orqanları ilə birlikdə külli miqdarda dövlət vəsaitini mənimsəməsi və Quliyevanın bundan xəbərdar olması göstərilir. İddia edilir ki, sözügedən şəxs direktor və məsul şəxslər tərəfindən davamlı olaraq təhdid edilib. Bundan bezən Radə Quliyeva isə özünə qəsd etməli olub.

Üçüncü və sonuncu belə olay isə ötən ilin dekabrında baş verib. Əldə etdiyimiz məlumata görə, Horadiz şəhərində İcra Hakimiyyətinin binası qarşısında Dilağarda kənd sakini Dünyamin Adıgözəlov adlı şəxs üzərinə benzin tökərək özünə od vurub. Səbəb də yenə Alıyevin onun şikayətlərinə baxmaması və qəbul etməməsi olub.

Qeyd edək ki, bu hələ bilinən məsələlərdir. Bilinməyən olayların da olduğu şübhəsizdir. Güman ki, Alı Alıyev bu cür olayları yuxarılardan gizlətmək üçün onları ört-basdır edir, intihar edənlərin ailələrinə təzyiq etməklə onları susdurmağa çalışır.

P.S. Əgər həqiqətən də Füzuli İcra Hakimiyyətinin açıqladığı kimi, şikayətçilər vaxtlı-vaxtında qəbul edilir və problemlərinin həllinə yardımçı olunursa, o zaman bu insanlar niyə özlərini yandırıblar? Elə buradan aydın şəkildə məlum olur ki, Füzuli İcra Hakimiyyəti və onun başında duran Alı Alıyev yalan danışır və öz əməllərini gizlətmək üçün ictimaiyyəti çaşdırmağa çalışırlar. 

Jam.az