Gədəbəy İcra Hakimiyyətində qanunsuzluq aşkarlandı

Azərbaycan Hesablama Palatasının kollegiya iclasında dövlət büdcəsindən 2016-2017-ci illərdə Gədəbəy Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərdən istifadəyə dair auditin nəticələri haqqında hesabat müvafiq qaydada təsdiq olunub.
XALQ.AZ  xəbər verir ki, audit nəticəsində bəzi hallarda layihə-smeta sənədləri hazırlanmadan, satın alınacaq malların ehtimal olunan qiyməti müəyyən edilmədən satınalma müqavilələrin bağlanılması, vəsaitlərin satınalma keçirilmədən və məbləğ məhdudiyyətini aradan qaldırmaq məqsədi ilə ayrı-ayrı müqavilələrə bölünməklə icra olunması halları müəyyən edilib. Bəzi müqavilələrin icrası zamanı tərtib olunmuş müvafiq sənədlərdə müəyyən edilməyən bir sıra işlər üzrə vəsait nəzərdə tutularaq istifadə olunub, işlər yerinə yetirilmədiyi halda podratçıya vəsait ödənilməsi hallarına yol verilib, çəkilən xərclər müvafiq qaydada uçota alınmayıb.
Gədəbəy şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən Nazirlər Kabinetinin və Tarif Şurasının müvafiq qərarlarının tələblərinin gözlənilməməsi səbəbindən mənzil fondu üzrə gəlir az hesablanmış və bir sıra hallarda isə artıq vəsait xərcinə yol verilib, istismar olunan nəqliyyat vasitələri üzrə gündəlik fəaliyyət ilə əlaqədar manevr və marşrut xətti müəyyənləşdirilməməsi və tullantıların daşınması məqsədi ilə xidmət müqavilələrinin bağlanılmaması nəticəsində vəsaitlərin səmərəli istifadəsi təmin olunmayıb.
Qeyd edək ki, audit 2016-2017-ci illərdə Gədəbəy şəhərinin küçələrində yolların təmiri və abadlıq-quruculuq işlərinin və çoxmənzilli binaların təmiri işlərinin, həmçinin İcra Hakimiyyəti Başçısının Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən mənzil fondunun əsaslı təmiri və abadlıq işlərinin, şəhərin işıqlandırılması, yolların əsaslı təmiri, küçə, park və səkilərin süpürülməsi, təmizlənilməsi və abadlıq işlərinin aparılması üçün istifadə olunan ümumilikdə 6445,1 min manat vəsaiti əhatə edib.
Hesablama Palatasının Kollegiyası Gədəbəy Rayon İcra Hakimiyyəti tərəfindən auditlə müəyyən edilmiş nöqsanları aradan qaldırmaqla nöqsanlara yol vermiş vəzifəli şəxslərin qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edib, görülmüş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə kollegiya Qərarının surəti Gədəbəy Rayon İcra Hakimiyyətinə göndərilib.
Auditin nəticəsi barədə Milli Məclisə məlumat təqdim edilib.
Orxan