Gədəbəydə 250 qoyun dərəyə aşdı (FOTO)

Qoyun

Gədəbəydə xeyli sayda xırdabuynuzlu heyvan qeyri-adi şəkildə tələf olub. Rayonunun Dəyirmandağı kəndinin sakinləri olan yeznə və qayının qoyun sürüsü Alınçalı yaylağı adlanan ərazidə otlayırmış.

Sürüyə onların 12 və 14 yaşlarındakı 2 oğlu nəzarət edib. Bu zaman qəfil başlayan güclü külək leysan yağışa çevrilib. Uşaqların sözlərinə görə, həmin vaxt uçurumun kənarında olan qoyunlardan biri küləyin təsirilə qayalıqdan dərəyə yuvarlanıb.

Daha sonra isə digər qoyunlar da onun ardınca dərəyə aşıb. Hadisə baş verərkən qoyunların qarşısını almağa çalışan yeniyetmə də dərədə yıxılmaqdan son anda ağaclardan tutaraq xilas ola bilib.

Uzun sürən axtarışdan sonra heyvanların cəsədləri tapılıb. Heyvanların cəsədləri topa şəkildə dərədə olub. Gədəbəy rayon İcra Hakimiyyətinin fövqəladə hallar komissiyasından təsərrüfat sahiblərinə bildirilib ki, heyvanlar sığorta olunmadığından kompensasiya ödənilməyəcək.

Heyvanların sahibləri isə deyir ki, hadisə hava şəraitilə əlaqədar baş verdiyindən təbii fəlakət kimi qiymətləndirilə və onlara dəyən zərər qismən də olsa ödənilə bilər. Onlar bununla bağlı müvafiq dövlət qurumlarına müraciət etmək niyyətindədir.

Qoyun