Gədəbəydə kritik durum

 

44

Rayon əhli qazsız, susuz, yolsuz və işıqsız qalıblar

Gədəbəy rayonunun sakinləri nə edəcəklərini bilmirlər. Üzləşdikləri vəziyyətlə bağlı yerli İcra Hakimiyyətinə etdikləri şikayətlərə isə nə məhəl qoyan var, nə də onların dərdi ilə maraqlanan. Redaksiyaya müraciət edən bir qrup rayon sakini isə mövcud vəziyyətdən bezdiklərini dilə gətirirlər.  Camaat deyir ki, yaşadıqları rayonda sosial problemlər əndazəsini çoxdan aşıb. İndiyə qədər hər şeyin düzələcəyi ümidi ilə yaşasalar da, artıq buna inamları belə qalmayıb. Səbəb isə sadədir: Rayonun icra başçısı Ramiz Yediyarov  başı özünə qarışıb və bu səbəbdən də camaatın hansı vəziyyətdə yaşadığı vecinə də deyil.

Xalq.az-a danışan rayon sakinləri qeyd edirlər ki, faktiki olaraq nə kəndlərə getmək üçün düz əməlli yolları var, nə qaz, nə işıq, nə də su təminatları qaydasındadır. Nərimankənd, Hacılar,  Poladlı ,və Şəkərbəy  kəndlərində isə durum daha dözülməzdir. Onların bildirdiyinə görə, bu kəndlərə gedib çıxmaq özü bir zülm işdir. Üstəlik, vəziyyətlə bağlı dəfələrlə Ramiz Yediyarovun  qəbuluna düşmək istəsələr də, bir nəticə hasil olmayıb.  Əksinə, hər dəfə üz tutduqları  Gədəbəy İcra Hakimiyyətində onlara deyiblər ki, icra başçısı buralarda yoxdur və gələndə onlara xəbər ediləcək. Amma 1 aydır nə icra başçısı gəlib çıxır, nə də onların dərdinə əlac edən var. «Kəndlərin sosial problemlərini həll etmək üçün dövlət proqramı var. Lakin Ramiz Yediyarovun təşəbbüskarlıq göstərməməsi bizim acınacaqlı vəziyyətdə yaşamamıza səbəb olub. İcra başçısının bu hərəkətləri camaat tərəfindən təqdir olunmur. Əksinə, üzləşdikləri dəhşətli vəziyyətlə bağlı Bakıya gedərək, sözlərini Prezident Administrasiyasına demək istəyirlər.. Di gəl, kimsə bununla maraqlanmır. Rayonu başlı başına buraxıblar. Nə şikayətə baxan var, nə də dərdimizə əlac qılan».

Qarşı tərəfinədn mövqeyini dərc etməyə hazırıq