“Gəncə Avropa Gənclər Paytaxtı 2016”

Gence

Gəncədə “Gəncə Avropa Gənclər Paytaxtı 2016”-ya hazırlıq çərçivəsində 8 günlük beynəlxalq təlimlərə başlanılıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, təlimlər Gəncə Şəhər İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Avropa Komissiyasının “Gənclər fəaliyyətdə” proqramının dəstəyi ilə “İctimai işlərdə aktivlik-vətəndaşlıq təhsili” adı altında keçirilir.

Xorvatiya, Gürcüstan, Ukrayna, Latviya, Polşa, Çexiya, Almaniya, İtaliya, Rumıniya və Türkiyə respublikalarından gəlmiş gənclər təlimlərə qatılıblar. Beynəlxalq təlimçi Sebastyan Şvaytser çıxış edərək Azərbaycana, eləcə də 2016-cı ildə Avropa Gənclər Paytaxtı olacaq Gəncəyə səfərindən razı qaldığını bildirib və 10 ölkədən gələn gənclərin 2016-cı ildə Avropa Gənclər Paytaxtına hazırlıqla bağlı arzu və təkliflərini dinləyib.

“Gəncə Avropa Gənclər Paytaxtı 2016” İctimai Birliyinin sədri Elmir Vəliyev yerli və Avropa gəncləri nümayəndələrinə təşkilatın fəaliyyəti və hazırlıq işləri haqda ətraflı məlumat verib, çıxışında bildirib ki, Gəncə şəhərinin 2016-cı il üçün Avropanın Gənclər Paytaxtı seçilməsi ölkəmiz və şəhərimiz üçün çox böyük uğur, eyni zamanda böyük məsuliyyətdir.

“2016-cı il üçün hazırlıq mərhələsində bizim proqramımız əsasən ən aktual olan 5 sahəni təhsil, gənclərin məşğulluğu, könüllülük, sosial rifah və gənclərin cəmiyyətdə fəal iştirakı məsələlərini əhatə edəcək. Layihənin icrası zamanı ictimaiyyətin geniş iştirakını təmin etmək üçün müxtəlif işçi qrupları və nəzarət şuraları yaradılacaq. Ümumilikdə, 25-i yerli, 18-i beynəlxalq səviyyəli olmaqla 43 müxtəlif layihə həyata keçiriləcək”, deyə Elmir Vəliyev bildirib.

Daha sonra Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Mikayıl Zeynalov çıxış edərək Azərbaycanın yerli gənclər sektorunda tərəfdaşlıq və təşəbbüslər yaratmaq, Beynəlxalq əməkdaşlığı gücləndirmək və gələcək təşəbbüsləri inkişaf etdirmək məqsədilə keçirilən Beynəlxalq təlim kursunda irəli sürülən təkliflərə münasibətini bildirib.

Məlumata görə “Avropa Gənclər Paytaxtı” layihəsində qalib gəlmiş paytaxt şəhərlərin şəbəkəsi yaradılıb. Gəncə şəhəri “Avropa Gənclər Paytaxtı – 2016” seçildiyi gündən etibarən bu şəbəkənin bütün görüşlərində fəal iştirak edərək Azərbaycanı uğurla təmsil edir.