Gəncə “Avropanın İdman Şəhəri” tituluna namizəddir

Artıq Azərbaycanda keçirilən Avropa və dünya çempionatları silsilə xarakteri daşıyır. Dövlət başçısı cənab İlham Əliyevin apardığı uğurlu idman siyasətinin nəticəsi olaraq Azərbaycan dünya idman ictimaiyyəti tərəfindən ciddi tərəfdaş, idmançılarımız isə əsas rəqib kimi qəbul olunurlar.

XALQ.AZ  xəbər verir ki, bu sözləri  Milli Məclisin deputatı Naqif  Həmzəyev bildirib.

O, qeyd edib ki, idman həm insanların fiziki cəhətdən sağlamlığına xidmət edən, həm də ölkənin şöhrətini ucaldan  sosial sahə olduğu üçün ölkənin regionlarında da diqqət mərkəzindədir. Azərbaycanın ikinci böyük şəhəri Gəncədə idman siyasətinin düzgün qurulduğunu bu sahədə qazanılmış uğurlu nəticələr də təsdiqləyir. İdmançılarımız  hər il müxtəlif idman növləri üzrə keçirilən yarışlarda, turnirlərdə uğurlu nəticələr əldə edirlər. Bu sahədə qazanılan nailiyyətlər həm də Gəncənin ümumi inkişaf səviyyəsinin, iqtisadi potensialının yüksək olduğunu bir daha nümayiş etdirir.  Bu da haqlı olaraq qədim şəhərin “Avropanın İdman Şəhəri” tituluna namizədliyinin irəli sürməsinə təkan verir.

İnanırıq ki, 2016-cı ildə Avropanın Gənclər Paytaxtı, 2017-ci ildə Müstəqil Dövlətlər Birliyinin Mədəniyyət Paytaxtı titulunu layaqətlə daşıyan Gəncə şəhəri 2019-cu ildə Avropanın İdman Şəhəri titulunu da fəxrlə  daşıyacaq, bu şərəfli missiyanın öhdəsindən uğurla gələcək.