Gəncədə görməli olduğunuz 24 yer

Azərbaycanın qədim mədəniyyət mərkəzi, Şeyx Nizami yurdu Gəncə bu gün əcnəbi qonaqların,yaxından-uzaqdan gələn turistlərin diqqətində olan,tarixi memarlıq abidələri ilə hər kəsdə maraq doğuran dünya səviyyəli cəlbedici məkana çevrilib. Həm füsunkar mənzərəsi,həm də möhtəşəm abidələri,görməli yerləri,yaşıllığa və gül-çiçəklərə qərq olmuş parkları,göydələnləri ,xiyabanları ilə insanları valeh edən Gəncənin hər bir guşəsində,hər daşında qədim tariximizin silinməz izləri var.

Gəncənin diqqətçəkən görməli yerlərini sizə təqdim edirik.

1. Nizami Məqbərəsi

Nizami MəqbərəsiniGəncə şəhərinin simvolu da hesab etmək olar. Şəhərin girişində, Əhmədli kəndində yerləşən Məqbərənin ilk inşası 13-14-cü əsrlərə aid edilir. Ancaq hazırda Gəncənin şərqində ucalan məqbərə 1947-ci ildə inşa olunub, 1991-ci ildə isə yenilənib.Son illərdə Nizami Məqbərəsi əsaslı şəkildə bərpa olunaraq 35 hektar ərazidə şəhərcik yaradıb.

2.Heydər Əliyev Park-Kompleksi

2012-ci il yanvarın 21-də təməli qoyulan,2014-cü il yanvarın 21-də istifadəyə verilən Heydər Əliyev parkı Gəncənin ən füsunkar və gözoxşayan məkanlarından biridir. Dünyanın 5 ən böyük parkı arasında bu parkın da adı var. Ərazisi 450 hektar, uzunluğu isə 2 kilometrdir. Burada gəzinti, istirahət üçün bütün imkanlar var. Parkın girişində möhtəşəm “Zəfər tağı” ucaldılıb. Eni 20, uzunluğu 50, hündürlüyü isə 38 metr olan “Zəfər tağı”nın ətrafı seyr etmək üçün 30 metr hündürlüyündə meydançası da var. Meydançaya qalxmaq üçün pilləkənlər və lift quraşdırılıb. Parkda yaradılan süni göl və şəlalə də bu məkana xüsusi görkəm verir. Heydər Əliyev Parkında Müasir İncəsənət Muzeyi və Amfiteatr da inşa edilib. Burada tanınmış rəssamların müxtəlif əl işləri və digər sənət nümunələri nümayiş etdirilir

3.Qala Qapıları: Arxeologiya və Etnoqrafiya Muzeyi

Image result for gəncə qala qapıları

Kompleksin inşasına 2012-ci ilin yanvarında başlanıb, 2014-cü ilin yanvarında başa çatıb. Tarixdən məlumdur ki Gəncə qalasının beş qapısı olub.Yeni yaradılan bu abidə şəhərin “Məqbərə qapısı” adlanan qapılarının bərpa olunan variantıdır. Gəncə-Bakı magistral yolunun hər iki tərəfində inşa edilən, ümumi uzunluğu 50 metr, bürclərinin hündürlüyü 22 metr olan qalanın əsas hissəsi beşmərtəbəli, baş sütun hissəsi ilə birlikdə yeddimərtəbəlidir. Qarşıda 75 metr hündürlüyündə dövlət bayrağı ucaldılıb, ətrafında park salınıb. Abidə kompleksin sağ cinahında Gəncənin gerbi yaradılıb. Uzunluğu 62 metr olan yeraltı tunel hər iki qalanı birləşdirir.

4.”Zəfər Tağı”
 Related image
Image result for gəncə heydar əliyev park kompleksi
Heydər Əliyev Mərkəzi yaxınlığında inşa edilən “Zəfər tağı” bir möcüzədir desək,yəqin ki, yanılmarıq. Eni 20, uzunluğu 50, hündürlüyü isə 38 metr olan “Zəfər tağı”nın ətrafı seyr etmək üçün 30 metr hündürlüyündə meydançası var. Meydançaya qalxmaq üçün pilləkənlər və lift quraşdırılıb.
Qurtuluşumuzun rəmzi olan “Zəfər Tağı” möhtəşəmli ilə maraq doğurur və ziyarətçilər də Gəncənin çox şərəfli mubarizə tarixini əks etdirir.

 5.”Nizami Gəncəvi” muzeyi

Nizami Gəncəvi yaradıcılığı səkkiz əsrdən artıqdır ki, xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilib. Böyük sənətkarın bütün həyatı və zəngin ədəbi fəaliyyəti həmin dövrdə Azərbaycanın və Qafqazın ən iri şəhəri, eyni zamanda,Yaxın və Orta Şərqin mühüm mədəniyyət mərkəzi kimi tanınan Gəncə ilə bağlıdır. Şair ömrü boyu burada yaşayıb yaradıb və dünya poeziyasına bir-birindən dəyərli söz sənəti inciləri bəxş edib.Onun xatirəsinə ucaldılmış Nizami Muzeyində  görkəmli sənətkarın həyat və yaradıcılığı,dünya şöhrətli əsərləri haqqında zəngin eksponatlar nümayiş etdirilir.

6.”Məhsəti Gəncəvi” Mərkəzi

Gəncədə Məhsəti Gəncəvi Mərkəzi Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilib. 2014-cü il yanvarın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mərkəzin açılışında iştirak edib.

Mərkəzdə şairənin yaradıcılığına həsr olunmuş rəsm qalereyası, tədqiqatçılar üçün oxu zalı, musiqi studiyası, not kitabxanası, muğam, fortepiano şöbələri və iclas zalı var.

Oxu zalında Məhsəti Gəncəvinin həyat və yaradıcılığı, ədəbi irsi haqqında kitablar, Azərbaycan, rus və ingilis dillərində elektron formatda şairənin rübailəri, bununla yanaşı Azərbaycanın görkəmli şair və mütəfəkkirləri, Azərbaycan musiqisi və xalçaçılığına aid nəşrlər təqdim olunur.

7.”İmamzadə” dini kompleks

Azərbaycanın müxtəlif bölgələrində Məhəmməd peyğəmbərin nəslindən olan insanların məzarları var. Bu insanlar imamların övladları olduğu üçün həmin yerlər “İmamzadə” adlandırılıb. Hazırda Azərbaycan ərazisində Naxçıvan, Şamaxı, Bərdə və Masallıda İmamzadə adlı ziyarətgahlar mövcuddur. Bu sahədə araşdırma aparmış bəzi tədqiqatçılara görə, Səudiyyə Ərəbistanı və İraqdan sonra Peyğəmbər nəslinin nümayəndələrinin ən çox məzarları Azərbaycandadır. Belə ziyarətgahlardan biri də Gəncədəki VIII əsrə aid tarixi memarlıq abidəsi – xalq arasında “Göy günbəz”, “Göy məscid” yaxud “Göy İmam” kimi tanınan “İmamzadə” dini–mədəniyyət kompleksi şəhərin və bütövlükdə,ölkəmizin ən dəyərli memarlıq abidələrindən biri hesab edilir. Bu kompleksin ən qiymətli abidəsi türbədir. Burada beşinci imam Məhəmməd Baqirin oğlu İbrahim dəfn olunub.

8. Xan bağı

Xan bağı, bir başqa adı ilə Sərdar bağı Gəncənin və Azərbaycanın ən gözəl və yaşıl parklarından biridir. Şəhərin mərkəzində yerləşən bağ, 1847-ci ildə carın Qafqazdakı canişini (“sərdarı”) knyaz Mixail Vorontsovun təşəbbüsü ilə salınıb.

9. Cavadxan küçəsi

Cavadxan küçəsi son illərdə əsaslı bərpa və yenidənqurma işləri aparılaraq açıq səma altında zəngin muzeyə çevrilib.Cavadxan Gəncə tarixinin ən görkəmli şəxslərindən biri sayılır. Onun adına olan küçə şəhərin mərkəzi və qədim yerlərindən biridir. Bu küçədə ilk dəfə AXC dövründə Azərbaycan qəzeti dərc olunub.

10. Şah Abbas Məscidi

Gəncəlilərin “Cümə Məscidi” də adlandırdığı Şah Abbas Məscidi 1606-cı ildə Şah Abbasın istəyi ilə inşa olunub. Məscidin memarı isə həmin dövrdə Gəncədə bir çox binanın memarı olan Şeyx Bahəddin Məhəmməd Amildir.

11. Çökək Hamamı

Çökək hamam 1606-cı ildə memar Şeyx Bahəddinin layihəsi əsasında tikilib. Bu binanın tikintisində də Şah Abbas Məscidində olduğu kimi, yumurta ağı ilə gil-əhəng (gəc) qatışığından və qırmızı kərpicdən istifadə edilib.

12. “Butulka ev”

Gəncə mərkəzində diqqətçəkən binalardan biridir. 1960-1964-cü illərdə 50.000 şüşədən istifadə edilərək inşa olunub. Gəncəlilərin “butulka ev” adlandırdığı bu mülk də tarixi əsərlər siyahısına daxildir.

13.”Avropa 2016-Gənclər Paytaxtı” Parkı

Gəncəçayın sağ sahili boyunca salınmış “Gəncə 2016-Avropa Gənclər Paytaxtı” parkı şəhərin gözəlliyinə yeni çalarlar gətirib və bu layihə çərçivəsində keçirilən saysız-hesabsız tədbirləri,unudulmaz tarixi günləri yenidən xatırladır.

14.Gəncənin Bayraq Meydanı

Bayrağın postamenti 4 m, dirəyinin hündürlüyü 100 m, bayrağın eni 25 m, uzunu isə 50 m-dir.

Gəncə çayının sağ sahilində yerləşən Azərbaycan Dövlət Bayrağı Meydanının 2011-ci ildə tikintisinə başlanıb, 2012-ci ilin yanvar ayının 21-də Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin iştirakı ilə açılış mərasimi olub. Gəncənin ən görkəmli yerində salınan Bayraq Meydanı gənclərin hərbi vətənpərvərlik tərbiyəsində,mubarizə ruhunun yüksəlməsində xüsusi rol oynayır.

15.“Gəncəçay” parkbulvar kompleksi

Park bulvar kompleksinin uzunluğu 1,2 kilometrdir. İnşasına 2014-cü ildə başlanılan və ümumi sahəsi 34 hektar olan bu kompleksdə istirahət üçün hərtərəfli şərait yaradılıb, geniş işıqlandırma işləri görülüb, 15 fəvvarə və müxtəlif kompozisiyalı 10 heykəl quraşdırılıb. Çayın məcrasının hər iki tərəfində betondan ümumi uzunluğu 2,4 kilometr olan istinad divarı tikilib. Bulvarda Bayraq Meydanı, “Əli və Nino” kompleksi, Mətbuat Evi, Kitab Evi, Uşaq Əyləncə və Ticarət Mərkəzi, altımərtəbəli və yeddimərtəbəli üç yaşayış binası, üç kafe, restoran və kinoteatr, açıq havada attraksionlar və digər sosial obyektlər inşa edilib. Burada 1,7 kilometr uzunluğunda velosiped yolu və iki velosiped dayanacağı inşa edilib, böyük monitor quraşdırılıb.

16. Göygöl

1139-cu ildə Gəncədə yaşanan zəlzələnin nəticəsində Kəpəz dağının bir hissəsi uçaraq Ağsu çayının qarşısını kəsmişdi. Bu təbiət hadisəsi Azərbaycanın ən gözəl yeri olan Göygölün yaranmasına səbəb olub.

17. Maralgöl

Maralgöl də, Göygöl kimi eyni zəlzələ nəticəsində Murovdağın ətrafında yaranmış göllərdən biridir. Dərinliyi 60 metr olan göl yaşıl meşələrlə əhatə olunub.

18.Gəncə İstiqlal parkı

Gülüstan yaşayış sahəsində ərazisi 5 hektar olan parkda 15 ədəd müasir işıq dayağı quraşdırılıb, 15 ədəd oturacaq qoyulub, 2 bulaq və bir fəvvarə inşa edilib, əraziyə 20 mindən artıq gül-çiçək, 320 ədəd ağac və gül kolu əkilib, 200 paqonmetr qranit pilləkən düzəldilib. Parkın girəcəyində hündürlüyü 15 metr olan abidənin ətrafına 250 kvadratmetr qranitdən döşəmə salınıb. Abidənin postamentinə İstiqlal Bəyannaməsinin mətni, ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Cümhuriyyətlə bağlı fikirləri və Gəncədə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qəbul etdiyi qərarlar haqqında məlumat həkk olunub.

19. “Uğurlu xan” karvansarayı

“Uğurlu xan” karvansarayı  qədim memarlıq abidəsi olmaqla,tariximizin müəyyən dövrünü əks etdirir.Bir zamanlar ticarət mərkəzi olan və ipəkyolunun üzərində yerləşən  Gəncəyə əcnəbi ölkələrdən saysız-hesabsız qonaqlar  gələr, bu karvansarayda qalardılar.Karvansaray bir növ otel rolunu oynayırdı.

20. “Mirzə Şəfi Vazeh” Parkı

Vazeh Şərq poeziyasının çoxəsrlik ənənələrini layiqincə yaşatmış və yüksək insanpərvərliyi, mənəvi gözəlliyi tərənnüm edən diqqətəlayiq irs qoyub gedib. Onun yaradıcılığı Azərbaycanın Avropa ilə ədəbi-mədəni əlaqələrinin inkişafında özünəməxsus mühüm yer tutur.

XIX əsrin birinci yarısında yaşayıb yaratmış Azərbaycan şairi Mirzə Şəfi Vazehin şəxsiyyəti və yaradıcılığı onu Şərq poeziyası klassikləri pleyadasının parlaq nümayəndələrindən biri hesab etməyə əsas verir. Görkəmli şair, pedaqoq və maarifçi-filosofun həyat və yaradıcılığına, onun şərq və qərb sivilizasiyalarının müdrikliyini özündə üzvi şəkildə birləşdirən poetik irsinin qeyri-adi taleyinə maraq bu gün də azalmır.Gəncədə Mirzə Şəfi Vazehin anadan olmasının 220 illik yubileyi münasibəti ilə gözəl və yaraşıqlı park salınıb.Burada şairin abidəsi ucaldılıb.

21. Səlim karvansarası

Gəncənin Ağkənd ərazisində XIV əsrə aid tarixi karvansara Elxanilər hökmdarı Əbu Səid Bahadur tərəfindən inşa olunub. Gəncəyə səyahət edənlər bu abidəni də görməli yerlər siyahısına əlavə etməlidir.

22. Cavadxan küçəsində tarixi evlər

AXC-nin qurucularından olan Xasməmmədov qardaşlarının yaşadığı ev, həmçinin 1899-cu ildə tikilən və alman mühəndisi Zingerin yaşadığı ev də Cavadxan küçəsinin tarixi tikililərindəndir.

23.Hacıkənd istirahət guşəsi

Related image

Uzun illərdən bəri istirahət məkanı kimi tanınan səfalı Hacıkənd qəsəbəsi bu gün müasir görkəmi,əsrarəngiz ab-havası ilə daha cazibədardır.Qəsəbədə yeni sosial obyektlər tikilib,yollar asfaltlanıb,kommunal infrastruktur layihələr həyata keçirilib,istirahət və yaşayış üçün yüksək səviyyədə şərait yaradılıb.

24.”Xəmsə” Parkı

Gəncə şəhəri,Nizami küçəsi,Bayraq meydanının yaxınlığında 5 mərtəbəli “Xəmsə” Ticarət və Əyləncə Mərkəzi yerləşir.Hazırda binada bir neçə brend magazaları və kinoteatr ( cinemaplus) fəaliyyət göstərir. Binada kinoteatr, Uşaq Əyləncə Mərkəzi, fastfood restoran ve kafelər , market və parkinq mövcuddur.

 

 

Orxan