Gəncənin əhalisi 1 milyona çatdırılacaq

gence

Gəncə İcra Hakimiyyətinin (İH) başçısı Elmar Vəliyev şəhərin əhalisini 1 milyona çatdıracağını deyib.

ANS PRESS-in qərb bürosundan verilən xəbərə görə, İH başçısı bu barədə I rübün yekunları ilə bağlı keçirdiyi toplantıda bildirib.

Elmar Vəliyev bunu necə edəcəyini də söyləyib. Şəhərin müxtəlif yerlərində 12 mərtəbəli binalardan ibarət şəhərciklər salınacaq. Bu zaman o, “Yeni Gəncə” massivində artıq işə başlandığını bildirib. Orada 12 ədəd 12 mərtəbəli bina tikintisinə başlanıb. Eyni zamanda o, Gəncənin Abbas Səhhət xəstəxanasının və Heydər Əliyev park kompleksinin yaxınlığında da 12 mərtəbəli binalardan ibarət şəhərciklər tikiləcəyini deyib.

Azərbaycanın ikinci ən böyük şəhəri Gəncə əhalisinin sayı hazırda 336 min 100 nəfərdir. İH başçısının planı şəhər əhalisini 3 dəfə artırılması deməkdir. Yeni iş yerləri açılmadan heç bir tikinti ilə şəhərə bu qədər əhali cəlb etmək mümkün deyil. Sovet dövründə 22 böyük müəssisənin işlədiyi bu şəhərdə bu gün yalnız bir böyük müəssisə – Gəncə Gil Torpaq Kombinatı işləyir. İri xalça, mahud, farfor, toxuculuq, əyiricilik, pambıq emalı, yağ-piy emalı, elektronika, maşınqayırma, cihazqayırma, qənnadı, aviasiya müəssisələrinin işini dayandırdığı bir şəhərdə belə planlar böyük səy istəyir.