Gənc gimnastlarımız 2 qızıl medal qazandılar

55

 

Rəhiməxanım “Miss-2005” elan edilib.

Gənc azərbaycanlı gimnastlar Yeni il bayramı ərəfəsində Tallində keçirilən beynəlxalq “Christmas Cup” turnirindən iki qızıl medalla qayıdıblar.

Xalq.az  Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, “Baku Flames” klubunun doqquz yaşlı yetirməsi Nərminə Səmədova gürzlərlə yarışı udaraq başqa ölkələrdən olan yaşıdları arasında birinci yeri tutub.

Onunla eyni klubdan olan Rəhiməxanım Aslanlı da (2005-ci il təvəllüdlü) qızıl mükafata layiq görülüb. O, topla kompozisiyanı başqalarından daha yaxşı və daha məharətlə ifa edərək “Miss-2005” elan edilib və əlavə olaraq tac da alıb.

Yeddi yaşlı Cəmilə İbrahimova da taca layiq görülüb. Yeni seçilmiş “Miss-2007”çoxnövçülük üzrə yarışda nə qədər çalışsa da, dördüncü yerdən yuxarı qalxa bilməyib.

Bu arada, bir neçə milli hakim beynəlxalq kateqoriya alıb. Kiyevdə keçirilən hakimlik seminarının nəticəsinə görə, Azərbaycanın beş mütəxəssisi, o cümlədən milli komandanın məşqçiləri Kamilla Məmmədova, Jalya Qaratova, Anastasiya Prasolova, Yevgeniya Jıdkova və Vəfa Bakarova 4-cü kateqoriya hakimlik dərəcəsi alıblar.

Bununla da Azərbaycan yuxarıda adları sadalananlar, eləcə də Natalya Bulanova və Fatimə Şəfizadənin simasında artıq yeddi beynəlxalq dərəcəli hakimə malikdir.