“Gənclər qrantlardan sahibkarlıq fəaliyyəti üçün də istifadə edə biləcəklər” – Fərhad Hacıyev

Gələcəkdə gənclər qrantlardan sahibkarlıq fəaliyyəti üçün də istifadə edə bilərlər.

XALQ.AZ -ın Trend-ə istinadən məlumatına görə, bunu 2 fevral – Gənclər Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun illik hesabat konfransında çıxışı zamanı fondun icraçı direktoru Fərhad Hacıyev bildirib.

F.Hacıyev qeyd edib: “Çox istərdik ki, növbəti mərhələdə gənclərimiz sahibkarlıq sahəsi üzrə daha çox layihə təqdim etsinlər. Lakin bunun üçün həlli vacib olan bir məsələ var”.

O əlavə edib ki, hazırda “Qrant haqqında” qanuna əsasən, qrant formasında layihə alan şəxs bu maliyyədən gəlir əldə edə bilməz:

“Biz hazırda onun üzərində çalışırıq ki, qrant onu alan şəxsə eyni zamanda hər hansı sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa kömək etsin və beləliklə, gənclərimizin bu sahəyə marağı artsın. Hazırda bununla bağlı işlər aparılır. Yəqin ki, yaxın gələcəkdə gənclər qrantlardan sahibkarlıq fəaliyyəti üçün də istifadə edəcəklər”.