General əmr verdi

ramilll

 

İslam oyunlarına 12 min polis cəlb olunacaq. XALQ.AZ-ın məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis polkovniki Oqtay Kərimov nazirlikdə keçirilən geniş kollegoya iclasında bildirib.

O, bu mühüm beynəlxalq idman tədbirinin yüksək səviyyədə təşkili məqsədilə Azərbaycan prezidentinin 2015-ci il 18 sentyabr tarixli Sərəncamı ilə Təşkilat Komitəsinin yaradıldığını, möhtərəm dövlət başçısının qarşıya qoyduğu vəzifələrin tam və vaxtında yerinə yetirilməsi üçün texniki vasitələrə, əşya və ləvazimatlara olan tələbatın müəyyən edilməsi, təşkilati iş, şəxsi heyətin hazırlığı, profilaktik tədbirlər, ictimai qaydanın qorunması, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahələrində qarşıda duran vəzifələrin planlı surətdə yerinə yetirildiyini diqqətə çatdırıb.

Bildirilib ki, bütövlükdə, daxili işlər orqanlarından bu mühüm əhəmiyyətli beynəlxalq tədbirə cəlb ediləcək şəxsi heyətin sayı 12 min nəfər olacaq. Onlardan da 252-si qadın əməkdaşlardır. Əməliyyat Komitəsi ilə birgə aparılmış ilkin hesablamalara əsasən, nəzarət-buraxılış yerlərində 154 ədəd X-RAY və 286 ədəd stasionar metal detektordan istifadə edilməsi nəzərdə tutulur. Bununla əlaqədar, xüsusi yoxlama avadanlıqlarında xidmət aparacaq 1.800 əməkdaş praktiki məşğələlərə cəlb edilib. Yol hərəkətinin təhlükəsizliyi və yüksək səviyyəli nümayəndə heyətlərinin müşayiəti üzrə görüləcək işlər də diqqət mərkəzindədir. Bu istiqamətdə qarşıda duran vəzifələr yol-patrul xidmətinin 1200-ə yaxın əməkdaşı tərəfindən xüsusi təyinatlı 400 avtomobildə təmin ediləcək.

Bundan əlavə, ictimai asayişə nəzarətin fasiləsiz həyata keçirilməsi məqsədilə hazırda yarış və qeyri-yarış obyektləri ətrafında 214 nöqtədə 642 videomüşahidə kamerasından istifadə edilir. May ayının 1-dək isə buraxılış rejimində tətbiq olunacaq hər bir stasionar metal detektorun qarşısında “üztanıma” funksiyalı 267 kamera quraşdırılacaq. Ümumilikdə, bu gün respublika üzrə “Təhlükəsiz şəhər” sisteminin 3.270 nöqtədə 12 min, habelə şəxsi mülkiyyətdə olan obyektlərə aid avtonom rejimdə işləyən daha 100 min videomüşahidə kamerası fəaliyyət göstərir.

İclasda qeyd olunub ki, I Avropa Oyunları ərəfəsində alınmış minlərlə radiostansiya, metal detektor, planşet, bort-kompyuter, videoqeydiyyat qurğusu və “İPatrol” mayaklar, habelə “BMW” və “Mercedes” markalı 837 ədəd xidməti avtomobil IV İslam Həmrəyliyi Oyunları zamanı da istifadə ediləcək.