General 6 polisi həbs etdirib

ramil
“Əməkdaşlar tərəfindən insan və vətəndaş hüquq və azadlıqlarının pozulması barədə müraciətlər nazirliyin aidiyyatı idarəsi tərəfindən operativ və obyektiv şəkildə araşdırılır, nəticələri məruzə olunur və müvafiq tədbirlər görülür.”
Bunu daxili işlər naziri, general-polkovnik Ramil Usubov yanvarın 12-də Avropa Şurası Monitorinq Komitəsinin həmməruzəçiləri Sezar Florin Predan və Stefan Şennak ilə görüşdə bildirib.
Nazir deyib ki, təkcə son 5 ildə vətəndaşlarla kobud rəftara, müxtəlif hüquqpozmalara, bir sözlə, vətəndaş hüquqlarını pozduqlarına görə 1579 əməkdaş cəzalandırılıb, o cümlədən 146 nəfər daxili işlər orqanlarında xidmətdən xaric edilib, 134 nəfər tutduğu vəzifədən azad olunub, 6 nəfər isə cinayət məsuliyyətinə cəlb edilib:
“Polis orqanlarının Müvəqqəti Saxlama Yerlərinin müasir standartlara uyğun yenidən qurulması yönümündə də zəruri tədbirlər görülüb, hökumət, eləcə də qeyri-hökumət təşkilatlarından olan müşahidəçilərin müvəqqəti saxlama yerlərində azad və məhdudiyyətsiz monitorinq keçirmələrinə lazımi şərait yaradılıb. Təkcə son 5 il ərzində müvəqqəti saxlama yerlərində 1697 monitorinq keçirilib”.