General görüş keçirdi

rramil
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov bu gün ölkəmizdə rəsmi səfərdə olan İranın ədliyyə naziri Mustafa Purməhəmmədinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
XALQ.AZ  DİN-ə istinadən xəbər verir ki, görüşdə iki ölkənin daxili işlər nazirlikləri arasındakı əlaqələrin son illər daha da möhkəmləndiyini nəzərə çatdıran Ramil Usubov rəhbərlik etdiyi qurumun eyni zamanda qonşu Rusiya, Türkiyə, İran, Gürcüstanla yanaşı 40-dan artıq dövlətin anoloji strukturları ilə ikitərəfli və çoxtərəfli formatda səmərəli əməkdaşlıq etdiyini, qlobal xarakter almış transmilli mütəşəkkil cinayətkarlığın təhlükəli növlərinə, xüsusən narkotiklərin qanunsuz dövriyyəsinə və qaçaqmalçılığına qarşı mübarizənin yeni istiqamətlərinin müəyyənləşdirilməsinin və birgə səylərin zəruriliyini qeyd edib.
Sonda general-polkovnik Ramil Usubov birgə əməkdaşlığın potensial imkanlarını yüksək qiymətləndirərək qarşılıqlı faydalı əlaqələrin ölkələrimizin və xalqlarımızın mənafelərinə, beynəlxalq təhlükəsizliyin təmini işinə xidmət edəcəyinə əminliyini bildirib.
Nazir Mustafa Purməhəmmədi regionda qeyri-stabilliyin, terrorun və ekstremizmin hökm sürməsi fonunda hər iki ölkədə sabitliyin, əmin-amanlığın təmin edilməsinin, məlumat və təcrübə mübadiləsinin bölgədəki təhlükəsizliyə müsbət təsir göstərəcəyini deyib, İranın hüquq-mühafizə orqanlarının azərbaycanlı həmkarları ilə əməkdaşlığa hər zaman hazır olduğunu vurğulayıb.
Səmimilik və mehribanlıq şəraitində keçən görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.
İran İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadə qəbulda iştirak edib.