General Milli Məclisdə hesabat verdi

 

Vilayət Eyvazov: "Ötən il 141 insan alveri faktı aşkarlanıb"

Milli Məclisin bugünkü iclasında Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru 2016-ci il üzrə illik hesabat verir. 

Hesabatı daxili işlər nazirinin birinci müavini, İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinator, polis general-leytenantı Vilayət Eyvazov təqdim edir.

Nazir müavinin təqdim etdiyi hesabatda il ərzində insan alveri və buna qarşı mübarizə ilə bağlı statistika əks olunub.

İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinator çıxışı zamanı bildirilib ki, keçən il Azərbaycanda həyata keçirilmiş əməliyyat-profilaktik tədbirlərlə 2015-ci illə müqayisədə 29,4 faiz çox və ya 141 insan alveri faktı aşkarlanıb, 15 cinayətkar qrup (+2) zərərsizləşdirilib və həmin cinayətlərin qurbanı olmuş 70 şəxs müəyyən edilib.

DİN rəsmisinin sözlərinə görə, onların hər birinə 400 manat məbləğində birdəfəlik müavinət verilib, 25-i işlə təmin edilib, 38 nəfər peşə kurslarına göndərilib.

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında insan alveri qurbanları üçün Yardım Mərkəzi tərəfindən 63 qurbana hüquqi və psixoloji yardım, Səhiyyə Nazirliyinin xüsusi tibb müəssisələrində 7 qurbana və 450 potensial qurbana dövlət hesabına tibbi xidmət göstərilib. Qurbanların himayəsində olan 31 azyaşlı uşaq müxtəlif təhsil proqramlarına cəlb edilib, 3 uşağa aliment ödənilməsində, 2 uşağa doğum haqqında şəhadətnamə alınmasında köməklik göstərilib, daha 7-i “Azərbaycan Uşaq Birliyi”nin nəzdindəki sığınacağa yerləşdirilib”.

V.Eyvazov bildirilib ki, qurbanların təkcə sosial reabilitasiyasına, o cümlədən sığınacaqda saxlanılmasına və onlara birdəfəlik müavinətlərin verilməsinə Daxili İşlər Nazirliyinin büdcəsindən 153 min manat ayrılıb və bu məbləğ tam şəkildə təyinatı üzrə istifadə olunub: “Həmçinin, Vəkillər Kollegiyası ilə bağlanmış müqavilə əsasında hər bir zərərçəkmiş şəxs ibtidai istintaq və məhkəmə baxışı dövründə dövlət hesabına peşəkar hüquqi yardımla təmin edilib. Xarici ölkələrdə əmək fəaliyyəti, təhsil, əcnəbilərlə nikah, məişət zorakılığı, miqrantların müvəqqəti qeydiyyatı, övladlığa götürmə və digər məsələlərlə bağlı “Qaynar xətt” telefon xidmətinə daxil olmuş 15 minə yaxın müraciətin hər biri üzrə təşəbbüskarlara zəruri izahlar verilib”.

Nazir müavini vurğulayıb ki, 2016-cı ildə Azərbaycanın şəhər və rayonları üzrə tikinti sahələrində və istehsal müəssisələrində keçirilmiş tədbirlərlə 6 məcburi əmək cinayəti müəyyən edilib:

“Əcnəbilərin əmək istismarına cəlb olunması ilə bağlı Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin müraciətləri əsasında aparılmış araşdırmalarla məcburi əmək faktı aşkar edilməyib. Lakin əmək qanunverciliyinin tələblərinin pozulması halları mövcud olub ki, bununla əlaqədar müvafiq xətaları törətmiş şəxslər barəsində inzibati tənbehlər tətbiq olunub. Miqrantların məcburi əməyə cəlb olunmasının qarşısının alınmasında ölkədə yaşama və olma qaydalarını pozan 26 435 əcnəbi və vətəndaşlığı olmayan şəxsin aşkarlanaraq barələrində qanunverciliyə uyğun məsuliyyət tədbirləri görülməsinin, o cümlədən 5 523 nəfərin ölkə hüdudlarından kənara çıxarılmasının da böyük əhəmiyyəti olub. Ərazi polis orqanları, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən keçirilmiş reydlər zamanı küçə həyatına məruz qalan, dilənçilik edən və qeyri-qanuni qulluğa cəlb olunan 600-ə yaxın azyaşlı müəyyən edilib. Müvafiq yoxlamalarla həmin uşaqların insan alverinin və məcburi əməyin qurbanı olması təsdiqlənib. Bununla belə, övladlarının təlim-tərbiyəsi ilə bağlı vəzifələri yerinə yetirməyən, onları hüquqazidd əməllərə cəlb edən 240 valideyn barəsində inzibati tənbeh tədbirləri tətbiq olunub, habelə uşaqlara müvafiq qayğı və yardımların göstərilməsi, sosial problemlərinin həlli ilə əlaqədar yerli icra hakimiyyətləri yanında fəaliyyət göstərən komissiyalara baxılması üçün 300 material göndərilib.

Xüsusi monitorinq qrupları tərəfindən övladlığa götürülmüş 200-dən çox uşağın qəyyumluğa və himayəyə verildiyi ailələrdə yaşayış şəraiti də yoxlanılaraq zəruri sosail və tibbi yardımla əhatə olunmaları təmin edilib”.

Milli Məclis Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru 2016-ci il üzrə illik hesabatını qəbul edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.