Goranboy rayonunda əhalinin narazılıqları səngimir

goranboy

Xalq.az  məlumat verir ki ,Uzun illərdir mavi yanacaq sarıdan korluq çəkən Goranboy rayonunun bir sıra kəndlərinə nəhayət ki, qaz xətti çəkilir. Amma kənd sakinləri mavi yanacaq probleminin həll olunmasına ürək dolusu sevinə bilmirlər. Deyəsən, yeni çəkilən qaz xətti rayon sakinlərinə özü boyda problem yaradıb.

Goranboy rayonunun Yenikənd və Qaraçinar kəndlərinin sakinləri şikayət edərək bildiriblər ki, qaz xətti çəkmək üçün kəndə gələn fəhlə briqadaları onlar üçün əməlli-başlı problemə çevrilib. Tenderi udub (əgər tender keçirilibsə-G.Ə) Yenikənd və Qaraçinar kəndlərinə qaz xətti çəkən şirkət nümayəndələri məcburi şəkildə sakinlərin evlərinə (Bu kəndlərdə yaşayanların böyük əksəriyyəti məcburi köçkünlərdi-G.Ə) soxularaq müxtəlif tələblər irəli sürürlər. Sakinlərin dediklərinə görə, onlardan gündəlik yemək tələb edirlər. “Fəhlələrin “üstündə duranlar” evlərimizə məcburi şəkildə soxulurlar.

Qarşımıza müxtəlif tələblər qoyurlar. Onlara yemək verməyimizi istəyirlər. Qaz dərdindən heç kim etiraz edə bilmir. Yemək verməyənlərə isə qaz xətti çəkməyəcəkləri ilə hədələyirlər. Elə bil qazı bizə verməklə qarşılığında yemək tələb edirlər”-deyə sakinlər bildirib.