Göy üzündə evlənmək təklifi (VİDEO)

Türkiyədə daha bir qeyri-adi evlənmək təklifi hadisəsi baş verib.

XALQ.AZ-ın xəbərinə görə, hadisə Van-İstanbul reysi ilə hərəkət edən sərnişin təyyarəsində baş verib.

Məlumata görə, təyyarənin havaya qalxmasından sonra mikrofonla uçuş və s. barədə ümumi məlumatları verən pilot daha sonra sərnişinlərdən birinə evlənmək təklif edib.

Pilot Əli Kuzeyin 38 000 fut (təxminən 11 500 metr) hündürlükdə evlənmək təklifi həkim-ginekoloq olan Hazel Çağın Gürleyen üçün sürpriz olub. Gürleyenin bu cür evlənmək təklifi qarşısında təəccübü sərnişinlərin gurultulu alqışları ilə müşayiət olunub.

Həkim pilotun evlənmək təklifinə müsbət cavab verib və bu anları videoya çəkən uçuş heyəti daha sonra bunu sosial şəbəkədə paylaşıb.

Qeyd edək ki, Türkiyə ictimaiyyətində qeyri-adi evlənmək təkliflərinə tez-tez rast gəlmək mümkündür.