Göyçayın 14 kəndinə içməli su verilib

“Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Prezidentin 17 mart 2017-ci il tarixli Sərəncamına uyğun olaraq Göyçay rayonunda həyata keçirilən layihə uğurla yekunlaşıb.

“Azərsu” ASC-dən XALQ.AZ -a verilən məlumata görə, layihə çərçivəsində rayonun 14 kəndində yeni içməli su təchizatı infrastrukturu yaradılıb.

Göyçay rayonunun Bığır kəndində keçirilən açılış mərasimində rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə regionların sosial iqtisadi inkişafı proqramı çərçivəsində Göyçay rayonunda icra olunan layihələrdən danışıb. Bildirib ki, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində kəndlərdə həyata keçirilən içməli su layihələri ölkə rəhbərliyinin regionların inkişafına göstərdiyi xüsusi diqqətin bariz nümunəsidir.

“Azərsu” ASC-nin sədr müavini Seymur Seyidov Göyçay şəhərində içməli və kanalizasiya layihələrinin uğurla yekunlaşdığını bildirib. Göyçay şəhər sakinlərinin fasiləsiz içməli su ilə təmin olunduğunu xatırladan sədr müavini qeyd edib ki, növbəti mərhələdə içməli su təchizatının yaxşılaşdırılması layihələri rayonun kəndlərində icra olunub. Ümumilikdə 170 kəndi əhatə edən layihələr çərçivəsində kəndlərdə su təchizatı infrastrukturları yaradılıb və bu sahədə işlər 2018-ci ildə də davam etdiriləcək.

Qeyd edək ki, “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Prezidentin Sərəncamına uyğun olaraq Göyçay rayonunun Müskürlü, Çaxırlı, Yenikənd, Kürdşaban, Məlikkənd, Mollahacılı, İnçə, Aşağı Qaraməryəm, Alxasava, Çayarxı, Qarabaqqal, Hacılıkənd, Bığır və Alpout kəndlərində içməli su təchizatı layihələri həyata keçirilib. Bu kəndlərdə 63 km su xətləri çəkilib və əhalinin ümumi istifadəsi üçün 145 ədəd bulaq quraşdırılıb. Göyçay rayonunun 14 kəndində icra olunan layihələr ümumilikdə 40 min nəfərdən artıq sakinin içməli su təminatının yaxşılaşdırılmasına imkan yaradıb.

“Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Sərəncama uyğun olaraq 28 rayonun 170 yaşayış məntəqəsində yeni su təchizatı sistemləri yaradılıb və bu layihələrdən 271 mindən artıq sakin faydalanır

RƏSUL