Gözləri görməyən maşın ustası (VİDEO)

83 yaşlı Ərəstun Mehdiyev Salyan şəhərində yaşayır. Gözlərinin görməməsi onun işinə heç bir təsir etmir.

XALQ.AZ-ın məlumatına görə, onu hamı maşın ustası kimi tanıyır. Gözləri görməsə də, çətinə düşən sürücülər dərhal ona üz tutur. Usta da onları naümid qaytarmır. 13 yaşından avtomobillərin təmiri ilə məşğul olan Ərəstun dayı sonralar, həyətdə özünü əsl usta kimi təsdiqləyib.

Sənətkar görmə qabıliyyətini də bu yolda qurban verib. Onun sözlərinə görə hələ gənc yaşlarında maşın təmir edərkən paslı dəmirlərdən biri onun gözünə batıb. Bunun təsirindən əvvəlcə gözünün biri, daha sonra isi o birisi də tutulub.

Artıq 28 ildir ki, usta dünya işığına həsrətdir. Buna baxmayaraq o, bu günə kimi fasiləsiz olaraq öz sevimli peşəsi ilə məşğul olur.

Avtomobil ustasının gözlərinin görməməsi onun işinə heç bir təsir etmir. Kifayət qədər ucuz və keyfiyyətli iş gördüyü üçün müştəriləri kifayət qədərdir. Ərəstun dayının 4 övladının hər biri onun yolunu davam etdirir. Gözləri görməsə də o özünü xoşbəxt sayır, çünki kimsəyə əl açmadan öz halal zəhməti ilə öz ailəsini dolandırır.