Gözü çıxarılan girovla bağlı şikayət ediləcək

Esir

Kəlbəcərdə girov götürülən Şahbaz Quliyevin yaxınları beynəlxalq təşkilatlara müraciət edəcəklər.

Bu barədə ANS PRESS-in bölgə müxbirinə Ş. Quliyevin əmisi oğlu Natiq Quliyev məlumat verib. O, Ş. Quliyev gözünün çıxarılması barəsində xəbərlər eşitdiklərini və buna görə çox narahat olduqlarını söyləyib:

“Biz Ş. Quliyevin taleyinə görə çox narahatıq. O, öz torpaqlarımız olan Kəlbəcərə gedib. Onun öz torpağına getdiyinə görə gözlərinin çıxarıması xəbərləri bizi çox narahat edir. Bu məsələyə görə biz beynəlxalq təşkilatlara müraciət edəcəyik”.

Qeyd edək ki, Kəlbəcərdə girov götürülmüş Azərbaycan vətəndaşlarının sonrakı taleyinin aydınlaşdırılması ilə bağlı məsələ Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən araşdırılır.

Dövlət Komissiyasından verilən məlumata görə, son günlər Ermənistana aid elektron kütləvi informasiya vasitələrində yayılmış məlumatlarda, o cümlədən video və fotomateriallarda Azərbaycan Respublikasının Kəlbəcər rayonu ərazisində girov götürüldüyü bildirilən Azərbaycan vətəndaşlarının sonrakı taleyinin aydınlaşdırılması ilə bağlı məsələ Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının gündəlik diqqət mərkəzindədir.

Xatırladaq ki, ermənilər Kəlbəcər rayonunun ərazisində yaxınlarının qəbirlərini ziyarətə getmiş 3 nəfər azərbaycanlıya hücum ediblər. Onlardan biri öldürülüb, ikisi isə saxlanılıb. Ermənilər onların diversant olduğunu iddia edir.