Güclü olmalı yerlərdə yetərincə güclü deyilik;Aqil Ələsgər

5

 

 

Avrasiya Qəzetçilər Dərnəyinin Qafqaz təmsilçisi Aqil Ələsgərin “OLAYLAR”a müsahibəsi

– Son 10 ildə Azərbaycan diasporunun durumunda nə kimi dəyişiklər baş verib? 

  • Bilirsiniz, bu suala birmənalı cavab vermək çox çətindir. Çünki diasporamız 10 il əvvəlki diaspora deyil, təbii ki, inkişaf var. Ancaq əsas məsələ odur ki, bu inkişaf bu günki Azərbaycanın hədəflərinə cavab verirmi? Bu günki Azərbaycanın geostrateji maraqlarını nə qədər təmin edir? Baxın, əsas məsələ budur. Nə yazıq ki, bu məsələdə o qədər də qənaətbəxş mövqedə deyilik.

– Türkiyədəki diasporamızı necə qiymətləndirirsiniz?

  • Mən Avropada da, ərəb ölkələrində də, eləcə də qardaş Türkiyədə diasporamızın fəaliyyətini izləmişəm. Hesab edirəm ki, güclü olmalı yerlərdə yetərincə güclü deyilik. Məsələn, diaspora fəaliyyətlərimizin geniş keçirildiyi yerlərdən biri Türkiyədir. Əslində Türkiyədəki fəaliyyətlərimiz çox qənaətbəxş sayıla bilər. Ən azından Xocalı soyqırımı ilə bağlı demək olar ki, hər şəhərdə bir neçə tədbir keçirilir. Ancaq biz Türkiyədə daha güclü, koordinasiyalı bir diaspora ortaya qoya bilərik. Bu gün erməni diasporası Türk mediasında bizdən daha güclü durumdadır.

– Xaricdə yaşayan soydaşlarımız daha çox hansı ideya ətrafında birləşməyə meyllidir?

  • Xaricdə yaşayan azərbaycanlıları birləşdirməkdən daha çox küsdürməmək lazımdır. Təkcə, azərbaycanlıları deyil, həmin ölkələrdə yaşayan Azərbaycan dostlarını da itirməmək lazımdır. Mən elə insanlar tanıyıram ki, həyatını Azərbaycanın haqlı davasına həsr edib, ancaq bizimkilərlə tanış olandan sonra əli-ayağı soyuyub. Ən böyük problemimiz insanları dövlətdən küsdürməməkdir. Xüsusilə, media sahəsinə ciddi fikir verilməlidir. Diasporamızın fəaliyyəti ilə bağlı bizim telekanallarımız və ya qəzetlərimizə müsahibə verməyin ümummilli problemlərimizi dünyaya çatdırmaqla heç bir əlaqəsi yoxdur. Əsas olan xarici media orqanlarında Qarabağ və s. problemlərimizi gündəmə gətirməkdir.

– Diaspor təşkilatlarının əsas işi nədən ibarət olmalıdır?

  • Əslində, diaspora işi könüllülük prinsipi əsasında qurulan işdir. Azərbaycan həqiqətlərini dünyaya yaymaq xaricdə yaşayan hər bir azərbaycanlının mənəvi borcu olsa da, heç kimin yaxasından yapışıb, “niyə işləmirsən” demək olmaz. Bu səbəbdən də kağız üzərində var olub, əslində olmayan təşkilatları diriltməyə can atmaqdansa, gənclərlə işləmək, gənclərin enerjisindən faydalanmaq lazımdır. Gənc beyinlər istənilən yeniliyi daha da inkişaf etdirmək gücündədir. Və bir məsələ unudulmamalıdır ki, diaspora fəaliyyəti anım günlərində tədbirlər keçirməkdən ibarət deyil. Dövlət davamlı olaraq, bu sahədə çalışan insanları təşviq etməli, ilin 365 günü onlardan xəbərlər gəlməlidir. Daha “30 təşkilat birləşib filan işi gördü” kimi Xruşşov-Brejnev dövrünün “pripiska” fəaliyyəti görülməməlidir. Və ya başqa bir məsələyə diqqət çəkim. Bu ilin əvvəlində Abbas Abbasov başda olmaqla bir qrup milyarder köhnə təşkilatın fəaliyyətindən narazılığını bildirərək, yeni qurum yaratdılar. Nəticə nə oldu? Heç nə. Yəni, yeni təşkilatlar yaratmaq və ya bəyanatlar vermək heç də məsələnin həlli deyil. Bəzən fərdlərin təşəbbüskarlığı ayrı-ayrı qurumların fəaliyyətini üstələyir. Buna Leyla xanım Əliyevanın, Taleh Heydərovun, Anar Məmmədovun fəaliyyətləri real örnək təşkil edir.