Güləşçilərimizdən Tehranda tarix qələbə

idman
XALQ.AZ-ın məlumatına görə, İran İslam Respublikasının paytaxtı Tehran şəhərində yunan-Roma güləşi üzrə böyüklər arasında Dünya Kuboku yarışları başa çatıb.

Dünya Kubokundan gözləntilərimiz böyük idi. Hər halda yunan-Roma güləşi üzrə yığma komandamız Tehrana əsas heyətilə yollanmışdı. Lakin ilk görüşdə güləşsevərlər sürprizlə qarşılaşıb. Azərbaycan yığmasının iranlı baş məşqçisi Cəmşid Xeyrabadi ev sahiblərilə görüşdə Millinin əsas idmançılarına istirahət verib və komanda böyük hesabla məğlub olub. Bu qərar Ermənistan yığması ilə olan növbəti görüşün prinsipiallığı nəzərə alınaraq atılıb. Bu taktiki gediş hesabına Azərbaycan yığması heç də zəif olmayan Ermənistan millisini 8-0 hesabı ilə məğlub edib. Dünyanın ən güclü 10 güləş komandası arasında yer alan Ermənistan üzərində qələbədə Azərbaycana çılğınlıqla dəstək verən iranlı azarkeşlərin də rolu az olmayıb.

Azarkeşlər Azərbaycan idmançılarına qonaq olduqlarını unutdurublar və yarışın sonunda millimiz tarixində ilk dəfə yunan-Roma güləşi üzrə dünya kubokunun bürünc medallarına yiyələnib.

Qeyd edək ki, bu vaxta qədər güləşçilərimiz 2011-ci ildə Minskdə və 2012-ci ildə Rusiyanın Saransk şəhərində keçirilən Dünya Kuboklarında 4-cü yerlə kifayətlənmişdilər.