Günay Məmmədovanı nişanlısı öldürüb?-İddia

metrrr

Avqustun 30-da gecə saatlarında aeroport yolunda baş verən qəzada dünyasını dəyişən Bakı Metropoliteninin işçisi Günay Məmmədovanın ölümü demək olar ki, hamını sarsıtdı. Onu şəxsən tanımayanları da. Metronun “Gənclik” stansiyasında bələdçi işləyən Günay gülərüz və xoş təbəssümü ilə sərnişinlərin də yaddaşında qalmışdı. Müğənni Səyyad Əlizadənin “Bizim metropoliten” mahnısına çəkilən klipdən sonra Günay daha da sevilməyə başlamışdı. O ərəfədə redaksiyamıza gələrək Publika.az-a müsahibə vermişdi. Belə xoş hadisədən sonra Günayın faciəvi ölümü ilə bağlı bu gün onun yaşadığı evin qapısını açmaq düzü, bizim üçün də çətin oldu. Həyətdə təcili tibbi yardım maşınını görüb, içəri keçməyə bir qədər tərəddüd etdik. Bizi görən Günayın atası Hüseyn Məmmədov evin qapısını üzümüzə açdı. Bu məqamda “Günayı çağırın mənə” deyə içəridə fəryad qoparan qadının səsi sanki yeri-göyü lərzəyə gətirdi. Bibiləri dedi ki, o qadın Günayın anasıdır. Artiq 4 gündür ki, belədir. Bu müddət ərzində də elə gün yoxdur ki, bu evə təcili tibbi yardım çağırılmasın.
Evdə hökm sürən ab-havaya baxmayaraq, söhbətimizi Günayın atası Hüseyn Məmmədovla davam etdirdik.

  • Hüseyn müəllim, gəlin əvvəlcə Günayın uşaqlığından danışaq. Evin neçənci övladı idi, ümumiyyətlə necə uşaq olub?

  • Günay evin böyük övladı idi. Özündən balaca 1 qardaşı, 1 bacısı var. Amma o, bir az fərqli idi. Danışan , gülən, açıq xasiyyətli və özünü çox istədən idi. Həm də mərd və qoçaq idi. Həmişə evin yükünü çiyinlərində daşıyırdı.

  • Uşaqlıqda hansı peşəyə yiyələnmək istəyirdi?

  • O uşaqlıqda stüardessa olmaq istəyirdi. Bu da onun uniformaya olan həvəsindən irəli gəlirdi. Stüardessa olmaq üçün də ali təhsil lazım idi. O isə orta təhsilli olduğu üçün arzusunu reallaşdıra bilmədi. Amma bu arzu Günayın içində ölmədi. Dedi ki, metropoliten işçisi olacağam. Onlar da uniforma geyinir. Beləcə, bu istiqamətdə arzularının arxasınca getdi.

  • Metropolitendə neçə müddət idi ki, çalışırdı?

  • 5 il olardı. İşini çox sevirdi. Hər gün həvəslə işə gedirdi. Bu illər ərzində hörməti və səmimiyyəti ilə dost qazandı özünə.

  • Hüseyn müəllim, Günay Səyyad Əlizadənin klipinə çəkiləndən sonra ətrafda ona qarşı diqqət daha da artdı. Nə əcəb razılıq vermişdiniz ona klipə çəkilməyə?

  • Hə, mane olmadım. Çünki onun ictimai yerlərdə iştirak etməyə böyük həvəsi vardı. Ona görə də qarşısına sədd çəkə bilmədim. Klipdən əvvəl Günay Space televiziyasında yayımlanan “Azəri STAR” müsabiqəsinə qatıldı və 3-cü yerə çıxdı. Yaxşı səsi vardı. Sonra ona Səyyad Əlizadədən klipinə çəkilmək üçün təklif aldı. Daha sonra ATV telekanalında yayımlanan “Şarm” verilişinə dəvət aldı. Verilişdə model kimi gəlinlik paltarlarını reklam edirdi. Onun özü ilə bağlı arzuları çox idi.

  • Deməli, həyata bağlı, pozitiv insan olub…

  • Əlbəttə. Nə qədər əsəbi və gərgin olsa da, işdən yorğun gəlsə də bir dəfə onun dilindən işlə bağlı narazılıq eşitmədim. Bəlkə də ağlına da gətirməzdi ki, belə tez dünyasını dəyişər.

  • Təbii ki, ictimai fəaliyyəti geniş olan bir gənc qızın heyranları da çox olardı. Nişanlısı ilə necə tanış olmuşdu?

  • Nişanlısı da Metropolitenin işçisidir. Rabil Rzayev metroda polis işləyir, çavuşdur. 8 ay idi ki, bir-birini tanıyırdılar. Amma mən bir az gec bildim. Evi təmir etdirdi ki, qonaqlarımız gələcək. Qoy gəlib evimizi səliqəli görsünlər. Sonra da anası dedi ki, Günayı öz iş yoldaşı istəyir, elçi gəlmək istəyirlər.

  • Siz də buna tez bir zamanda razılıq verdiz. Bəs oğlan barəsində maraqlanmadınız?

  • Hə razılıq verdim, çünki qızım razı idisə mən heç nə deyə bilməzdim. Həm də bir yerdə işləyirdilər, 8 ay idi ki, bir-birilərini yaxından tanımışdılar. Düşündüm ki, yaxşı olar və onlar nişanlandılar.

  • Günayın ölümü ilə müxtəlif versiyalar səsləndi. Bəzi mətbuat orqanları yazdı ki, işdən evə gedərkən yolu keçəndə maşın vurub. Yaxınlıqda yerüstü keçid olsa da keçiddən istifadə etməyib.

  • Yalandı. Onun özünün maşını vardı. İşə maşınla gedib-gəlirdi.

  • Bəs hadisə necə oldu? Günay həmin gün işdə idi?

  • Yox, evdə idi. Axşam saat 8 radələri olardı. Nişanlısı gəldi maşınla apardı onu. Anası da dedi ki, onlardan bu vaxt hara getdiklərini soruşub. Deyib gəlin həyətdə nə söhbətiniz varsa eləyin. Onlar da deyiblər yox, yarım saata gəlirik. Özüm onu nişanlısı ilə birlikdə yola saldım. Bir saatdan sonra da elə qara xəbəri gəldi.

  • Bəs sonra maraqlanmadınız ki, aralarında nə baş verib. Bəlkə ciddi problem olub?

  • İnanın, bilmirəm. Amma onları yola salandan sonra anasından soruşdum ki, nə məsələdir, bu vaxt onlar hara getdilər. Yoldaşım dedi ki, Rabillə dalaşıblar. İki gündür ki, Günay yemək də yemir. Yəqin onu aydınlaşdıracaqlar.

  • Xəbəri necə eşitdiniz?

  • Tanımadığım nömrədən zəng gəldi soruşdular ki, Günayın atasıdır? Dedim bəli, dedilər Günayı maşın vurub. Sonra da mənə hadisə yerinin ünvanını verdilər. Getdim balamı yerdə parça-parça gördüm. Əzilmişdi, qolu-ayağı qırılmışdı, başı partlamışdı. Bir sözlə, sümüklərini yerdən özüm yığmışam. Elə bildim maşın vurub. Sonra da düşündüm ki, əgər maşın vurubsa bəs Rabil hanı?

  • Haradan bildiniz ki, Günayın ölümündə məhz günahkar Rabildir? Yəni bunu necə öyrəndiniz?

  • Yolda quraşdırılan kameradan baxmışıq. Necə var elə də danışıram sizə. Hadisə avqustun 30-da saat 20.27 radələrində olub. Deməli, Günayı evə gətirəndə maşında 4 nəfər olublar. Maşın hərəkət edə-edə qızımı itələyib maşından yerə atıblar. Sağdan gələn X5 markalı maşın da üstündən keçib. Kameradan baxdım ki, maşından yerə yıxılanda əynində olan köynək cırıq-cırıq olub. Deməli, yolda əməlli-başlı dalaşıblar. O, 4 nəfər kimdir bilmirəm. Hətta Günayın əlində onlardan birinə məxsus mühafizəçi vəsiqəsi olub. Onun nişanlısının bu qədər vicdansızlığını ağlıma da gətirə bilmirəm. Ən azından bunu Azərbaycan polisinin adına yaraşdırmıram. Mənə oradan zəng edib bir kəlmə desəydi ki, belə hadisə eləmişəm bilməmişəm, əsəbi olmuşam, mən onu bağışlayardım. Amma mənim indi ona nifrətim böyükdür. Çünki qızım belə olmamalı idi. Onu nişanlısı ilə yola salmışdım, nişanlısı ilə də evə qayıtmalı idi. Mən bu işi belə qoymayacağam. Mənə ən çox təsir edən odur ki, balamı müsəlman adəti ilə dəfn edə bilmədim. Mən onu sellofana büküb basdırdım. Balam məsciddə yuyulmadı, yəni yuya bilmədilər. Əti parça-parça idi. 4 gündür nişanlısının telefonuna zəng çatmır. Hadisə baş verən gün o oğlan cənazənin qulpundan yapışmadı.

  • Bəs oğlanın valideynləri yas mərasimində iştirak etdilərmi? Onlardan soruşmadınızmı ki, bu, nə məsələdir?

  • Onlar dəfn olunan gün yox, üçündə gəldilər. Şokdadırlar, nə baş verdiyini bilmirlər.

  • Bəs övladınızın ölümünün səbəbləri ilə bağlı şübhələriniz də yoxdur? Çünki bizdə olan məlumata görə, Günay ailəli olub ayrılıb. Rabillə tanış olanda oğlan onunla şərt kəsərək nişanlanıb. Şərt isə ondan ibarət olub ki, Günayın əvvəllər ailəli olması ikisinin arasında sirr olaraq qalacaq. Yəni Rabilin ailəsi bundan xəbər tutmamalıdır. Amma bu xəbər haradansa Rabilin ailəsinə çatıb və tərəflər arasında münaqişə yaranıb.

  • Bəli, o evli olub ayrılıb. Cəmi bir neçə ay evli olub. Qaldı ki, problemin onun ayrılması məsələsi olmasına, əgər bilsəydim ki, səbəb budur tədbir görərdim. Lap nişanı qaytarmağa razılıq verərdim. Amma Rabilin qızımı belə vəhşiliklə öldürməsinə bir ad verə bilmirəm. Yalnız onu bilirəm ki, qızımı Rabil qəsdən öldürdü. Onun yarım saata gəlişi 1 saat çəkdi. 1 saatdan sonra asfaltdan onun parçalarını yığdım. (Gözləri dolur)

Qeyd edək ki, Suraxanı Rayon Prokurorluğundan bildirildi ki, Rabil Rzayev hadisəni törətdikdən sonra qaçıb, gizlənib. Hazırda onun axtarışları davam etdirilir. X5 markalı avtomobilin sürücüsü isə tutularaq istintaqa təhvil verilib.

Bu günün reallığı isə odur ki, sərnişinləri gülərüzlə yola salıb qarşılayan Günay Məmmədova artıq haqq dünyasına qovuşdu. Yadda qalmağı bacaran bu gənc qız faciəvi ölümü ilə də yaddaşlara həkk olundu. Allah rəhmət eləsin!