Gürcüstanda seçki keçirilir

Secki

Gürcüstanda bu gün yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilir. ANS PRESS-in məlumatına görə, ölkədə 3 milyon 430 minə yaxın seçici qeydiyyata alınıb. Bu gün bələdiyyə seçkiləri ilə yanaşı, ölkədə ilk dəfə 12 şəhərin meri birbaşa seçki yolu ilə seçiləcək.

Paytaxt Tiflisdə mer postu uğrunda iki rəqib siyasi partiyanın – keçmiş prezident Mixeil Saakaşvilinin “Vahid Milli Hərəkat” partiyasının namizədi Nika Melia və hakim “Gürcü Arzusu” koalisiyasının namizədi David Narmania mübarizə aparır.

“Gürcü Arzusu”nun namizədinin Tiflis meri seçiləcəyi təqdirdə, 2012-ci ildə hakimiyyətə gələn partiya prezident administrasiyası ilə yanaşı, həm milli, həm də yerli hökumətlərdə hakimiyyəti ələ almış olacaq. Lakin Tiflis sakinləri arasında yeni hakimiyyəti dəstəkləyənlərlə yanaşı, ona inanmayanlar da var.

“Mən siyasətçilərdən və onların yerinə yetirilməyən vədlərindən artıq yorulmuşam. Yeni iş yerlərinin yaradılması problemi həll edilməlidir. Onların bunu etmək qabiliyyətinin olmadığını görəndə cəmiyyətdə hərc-mərcliyin artmasının səbəblərini başa düşürəm” – Kaxa Broladze adlı Tiflis sakini belə deyir.

Rəsmi statistikaya görə, Gürcüstanda işsizlik səviyyəsi 15% təşkil edir. İşsizlik və yoxsulluqla mübarizə yeni seçiləcək Tiflis merinin əsas vəzifələri olacaq.