Gürcüstandakı hadisələrdə bəzi dövlətlər maraqlıdır

allahsukur_588865756090

Gürcüstanın Adigen rayonu Çela kəndində məscid minarəsinin sökülməsi müsəlmanlar arasında güclü etirazlara səbəb olub.

Gürcüstandakı mənbələr bu hadisənin ilk olmadığını deyirlər. Buna qədər daha iki minarənin yıxıldığını nəzərə çatdırırlar. Çeladidə minarənin yıxılmasına gəlincə, rəsmi Tbilisi səbəb kimi Türkiyə tərəfin quraşdırdığı minarə barədə gömrük sənədlərindəki məlumatların həqiqətəuyğun olmamasını göstərir. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Gürcüstan nümayəndəliyi bu hadisəni müsəlmanlara və islama hörmətsizliyin ifadəsi adlandırıb. Bu hadisənin xristian və müsəlmanlar arasında ağır toqquşmalara səbəb ola biləcəyi ehtimalını nəzərə alan Bütün Gürcüstanın patriarx-katalikosu II İlya hər iki tərəfə sakit olmaq çağırışı edib.

Mənbə keçən il Faxralı kəndində tarixi məscidin bərpasına yaradılan süni maneələrə diqqət çəkib. Bundan əlavə, azərbaycanlılar yaşayan bir sıra kəndlərin giriş-çıxışlarına xaç şəkilli dəmir dirəklərin basdırılması hallarına toxunulub.

Amma Gürcüstandakı mənbələr müsəlmanlara dözümsüzlüyün bununla bitmədiyini deyirlər. Son bir ildə müsəlmanların cəm halda camaat namazı qılmalarına belə maneələr olduğunu nəzərə çatdırırlar.

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülsislam Allahşükür Paşazadə Turan-a açıqlamasında baş vermiş hadisə barəsində məlumata malik olduğunu deyib. O bildirib ki, QMİ-nin Gürcüstan nümayəndəliyi vasitəsilə Gürsüstan hökumətinə tövsiyələrini çatdırıb. Məsələnin danışıqlar, müzakirələr vasitəsilə həll olunmasına çalışdıqlarını bildirib. Bununla yanaşı, QMİ sədri ad çəkmədən hadisənin layın qızışmasında bəzi dövlətlərin maraqlı olması bəyanatı səsləndirib