Gürz oynatmada qızıl medal qazandıq

Idman-2

Beynəlxalq Gimnastika Federasiyasının himayəsi ilə Daşkənddə keçirilən bədii gimnastika üzrə Dünya kubokunun növbəti mərhələsi, həmçinin yeniyetmə və gənclərdən ibarət “Happy Caravan” Beynəlxalq turniri başa çatıb.

Turnirdə Azərbaycan, ABŞ, Belarus, Rusiya, İtaliya, Yaponiya, Malayziya, Çin, Çexiya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Meksika, ümumiyyətlə dünyanın 20 ölkəsindən 80 idmançı mübarizə aparıb.

Azərbaycandan 16 gimnast qız qrup və fərdi proqramlar üzrə keçirilən yarışlarda ölkəmizi təmsil edib.

Gənclər arasında qrup üzrə gürz oynatma yarışlarında Azərbaycan komandası qızıl medal qazanıb, qrup üzrə çoxnövçülükdə üçüncü yeri tutub. Marina Durunda gürz və lent oynatma üzrə üçüncü yeri tutub.

Yeniyetmələr arasında isə gimnastlarımızdan Jalə Piriyeva top və lentlə oyunlarda ikinci, Züleyxa İsmayılova həlqə yarışlarında üçüncü olub. İdmançılarımız bu növ üzrə komanda yarışlarında üçüncü yeri tutublar.