Həmsədrlər ölkəmizə turist kimi səfər edirlər

 

6

“Biz bu kimi tədbirləri təşkil etməklə çalışırıq ki, Ermənistan silahlı qüvvələrinin azərbaycanlılara qarşı törətdiyi həmin hadisələri gənc nəsil bilsin”. Xalq.az  xəbər verir ki, bunu Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasının 22-ci ildönümü münasibətilə təşkil olunan anım tədbirində Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.

Baş nazirin müavininin sözlərinə görə, Laçın həqiqətən Azərbaycan üçün strateji əhəmiyyət kəsb edən bir ərazidir: “Laçınlılar türk tayfasına mənsubdurlar və mənşəyi türkdür. Rayon 1923-cü ildə şəhər statusu alıb. Hər bir bölgəmizin özünəməxsus təbii sərvəti və adət-ənənələri var. Onlar bir-birindən müxtəlifliyinə görə seçilir. Laçın ərazisi isə yad edilərkən bir anlıq göz önünə mərdlik gəlir. Laçınlılara Ümummilli lider Heydər Əliyevin xüsusi münasibəti olub. Bunu Prezident İlham Əliyev 50 yaşı tamam olarkən laçınlılarla keçirdiyi görüşdə də bir daha vurğulayıb. Hesab edirik ki, o qala bərpa olunacaq və öz şöhrətini yenidən qaytaracaq, bizdə hərbi vətənpərvərlik sevgisi və duyğusu daha da çoxalıb”.

Əli Həsənov bildirib ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki səyləri səmərəsizdir: “Bəyəm qarşılıqlı etimad bizdə olmayıb ki, onlar yenidən bu məsələni ortaya atıblar. Ermənilər ən gözəl yerlərdə yaşayıb və bütün yüksək vəzifələrdə təmsil olunublar. Ermənilər azğın kimi bizə qonşu olan ölkələrin hər birində yaşayırlar, onlar Laçın rayonunu işğal edərək Dağlıq Qarabağa dəhliz açdıqlarını deyirlər. Bizim azərbaycanlılar dünyanın hər bir yerində yaşayırlar. Onda gərək bizdə onlardan humanitar dəhliz tələb edək? Bu gün Azərbaycan Prezidenti Dağlıq Qarabağla bağlı beynəlxalq iyrənc siyasəti görərək ölkəmizin rolunu müəyyənləşdirib. Bu iqtisadiyyatımızın inkişafı və ordumuzun gücləndirilməsidir. Bu gün dünyada ədalətsizliklər baş alıb gedir. Hər bir həmsədr sadəcə olaraq ölkəmizə turist səfəri edir. Onlardan uğurlu hansısa fəaliyyət gözləməyə dəyməz. Azərbaycan xalqı ilə Prezident arasında heç bir boşluq yoxdur. Bunu ölkəmizə gələn hər bir xarici qonaq da dilə gətirir”.