HƏR NƏ ARAR İSƏN ÖZÜNDƏ ARA

HƏR NƏ ARAR İSƏN ÖZÜNDƏ ARA
(Qənirə Paşayevanın “Hacı Bektaş Veli” yazısı)
1-ci yazı
16178910_1066991143412924_8970378071882501672_oMən Yunusu, Mevlananı anladım,
Mən Şəms adlı o günəşdən od aldım.
Səni bulan Aşiqlərdən yol aldım,
Qapını aç bu quluna, ey Rəbbim!

Hacı Bektaş Vəli dərgahına bu gözəlim diləklərsiz, bu duyğusal dualarsız necə qədəm basmaq, üz tutmaq olardı ki?! Əvvəldən sonacan qəlbimlə, aldığım nəfəslə bir arada dodaqlarım ucunda vird eləyirdim. Heç bir tərəddüdə-filana yol vermədən “Allah təkcə Məsciddə, Məkkədə, Mədinədə deyil ki, Allah hər yerdədi” – deyib dururdum.
Hər yerdə… Paklıqla süslənən hər görüntüdə, varlıqda!
Hər yerdə – bəri başdan birinin ünvanını mən deyirəm: Hacı Bektaş Vəli dərgahında…

Hararet nârda’dır, sac’da değildir,
Kerâmet sendedir, tâc’da değildir.
Her ne arar isen, kendinde ara,
Kudüs’te, Mekke’de, Hâc’da değildir.
Sakın, bir kimsenin gönlünü yıkma,
Gerçek erenlerin sözünden çıkma.
Eğer insan isen ölmezsin, korkma,
Âşığı kurt yemez, uc’da değildir.

Gönül kâbesine girmesin hülya,
Nefsine hakim ol, düşme bed hûya.
Kirleri arıtan baksana suya,
Hep yüzü yerlerde, buc’da değildir.

Bir gün sevgili peyğəmbərimiz Həzrəti Məhəmməddən (s.a.v) soruşurlar:
– İslam nədir?
– Gözəl əxlaq – deyə cavab verir, Allahın elçisi.
Təkrar soruşurlar:
– İslam nədir?
Peyğəmbərimiz yenə bir kəlmə ilə cavab verir:
– Gözəl əxlaq!
Allaha gedən yol da, Kəbəyə gedən yol da, məscidə gedən yol da gözəl əxlaqdan keçir. O gözəl əxlaqın boxçalarından biri idi Hacı Bektaş Vəli; Həzrəti Mevlana, Həzrəti Şəms Təbrizi, Həzrəti Seyid Yəhya əş-Şirvani əl-Bakuvi, Somuncu Baba, Şeyx Sadreddin Konevi həzrətləri… ilə bir arada… Özləri öz dəyərlərini hər kəsdən gözəl bilir, ehtiram göstərirdilər. Bu ehtiramın özü bir həyat məktəbi, örnək idi.

Sensiz benim bir dem karara mecâlim yok,
İhsânını ta’dâ da imkânım yok.
Tenimdeki her tüy eğer dillense,
Binde bir şükrümü ifâya imkânım yok. (H.B.V)

“BİR ŞAHİN KİMİYDİ” O BÖYÜK İNSAN
Bir adam pis yola əl atır. Kiminsə inəyini oğurlayır. Sonra səhvini başa düşüb oğurladığı inəyi Hacı Bektaşi Vəli dərgahına qurban olaraq aparır. Təbii ki, bu qurban haram sayıldığı üçün qəbul edilmir. O zavallı adam əlacsız qalıb Həzrəti Mevlanaya müraciət edir. Onun istəyi qəbul edilir. Oğurluq edən adam deyir, axı, Hacı Bektaş Vəli bu qurbanlığı haramdı deyə qəbul etməmişdi… Həzrəti Mevlana gülümsünüb aydınlıq gətirir: “Biz bir qarğa isək, Hacı Bektaş Vəli bir şahin kimidi. O, hər leşə qonmaz!” Adam bu durumu Hacı Bektaş Vəliyə anladır, o behiştlik insan aydınlıq gətirərək deyir: “Bizim könlümüz bir damla su kimidirsə, Mevlananın könlü bir okean kimidir. Bu səbəbdən bir damla ilə bizim könlümüz bulana bilər. Amma Mevlananın əngin könlü bulanmaz…”
Bir-birini belə dəyərləndirir, məqamlarını bu yöndən uca tuturdular.
Dostumuzla beraber, yaralanır kanarız,
Her nefeste aşk ile, yaratanı anarız.
Erenler meydanına, vahdet ile gir de gör,
Kırk budaklı şamdanda kırkımız bir yanarız.

Edeb-erkâna bağlıdır, ayağımız, başımız,
Güllerden koku almıştır, toprağımız taşımız.
Soframızda bulunan lokmalar hep helâldir,
Yiyenlere nûr olur, ekmeğimiz aşımız. (H.B.V)

Hacı Bektaş Vəli dərgahına yolçuluq etdiyimiz hər məqamda bu ucalığa, bu dəyərə xitabən söyləməkdəydim ki:

“Nəfs” adında bir şeytanı tərk etdim,
“Həyat nədir?” – gec də olsa dərk etdim.
Ən böyük Eşq… O, Sənmişsən! – dərk etdim,
Qapını aç bu quluna, ey Rəbbim!

Arabamız Mucura doğru yürüməkdədi… Kırşəhər səmti bizim Dəvəçi-Siyəzən bölgələrini xatırlatmaqdadı. Kayseri səmtindən Mucura 89, Kırşəhərə 110 km məsafə ölçüsü olduğu lövhələrdə əks olunub. Bu yerlərin yol rahatlığı, yol mədəniyyəti bir özgə örnəkdi. Manzemuna az, lap az qalıb – vur-tut 10 km. Qarşı dərəyə bir gözəl kənd sığınıb. Yolboyu 30-40 ev görünür. Ətəyi çinar ağacları ilə çevrələnib. Bizim tərəfləri salır yadıma. Gəncədən keçib Şəmkirin Çinarlı, Seyfəli kəndləri boyu irəlilədikcə belə görüntülər sıx-sıx çəkir diqqətimi. Manzemundan sonra Yemlihə kəndi gəlir. Solunda qaya abidələr sıralanıb. Daşlarda ovulmuş ev xatirələri sahibsiz qalmış quş yuvalarını xatırladır. Sonra 100-150 evlik daha bir kəndi keçirik. Yenə çinarlıqdı dörd bir tərəfi.
Boğazlıyan, Yozqat, Samsun yolu sağa burulur. Sol tərəf Bayramtəpəyə aparır. Çılpaq təpəciklər izləyir bizi. Hər yan əkin yeridi burda. Gen-bol çöllük çəkir nəzərlərimi. Ta Kalaba kəndinə qədər beləcə uzanıb gedir bu çöllük. Avanos və Nevşəhərə aparan yol burdan sola dönür. Kalaba kəndinin gözəl evləri yenə ikiqatlı, üçqatlıdılar. Qədimlik tökülür görünüşündən. Kalaba kəndinin sonra Çallıgədik gəlir. Gözəl bir yerdir. Ardınca da Çalış… Burdan Hacı Bektaş Vəli dərgahına 50-60 km-lik yol var. Ora qədərsə Kozaklıköy var, Toppaklı var. Yol boyu gömgöydü əkin yerləri; çılpaq təpələrə yanıq verirlər. Hacıbektaş-Nevşəhər yolundan sola dönürük. Avucu keçirik. Ərik ağacları düzüm-düzümdü. Ətrafı taxıl zəmisiylə çevrələnibdi. Təpələr maraqla boylanıb baxır. Uzaqda kəndlər var əl içi boyda. Bu gözəlim evlər üç-üç, beş-beş kənara çəkilib söhbət eyləyən ahıl insanları xatırladırlar. Keçib yetişirik mənzil başına…

“ARA, BUL!” SƏSLƏNİŞİ…
“Oxu, öyrən!” çağırışı, tapşırmasıyla savaba, mükəmməlliyə dəvət edir müqəddəs kitabımız “Qurani-Kərim” bəşər övladını.
Həzrəti Mevlana “Dinlə!” əxlaqına dəvət edirdi könül dostlarını… Hacı Bektaş Vəli “Ara, bul!” deyir…
Yusif Balasaqunlu “Qutadğu-bilik”də sözü övlad əvəzi ağırlayır, bərabər tuturdu:

İnsan ölüb getdi, uykuya daldı,
Dünyada söz adlı övladı qaldı.
Ölümsüz, əbədi qalmaq istəsən
Sözündən, özündən yardım istə sən…

Hacı Bektaş Vəlinin bir övladı – yəni söz yadigarı “Əlinə, dilinə, belinə sahib ol!” səslənişiylə ömrünü uzadır, yaşadır onu… Bir özgə övladı-sözü “Mərifət əhlinin ilk məkanı ədəbdir” dərsi verir… “Nəfsinə ağır gələni kimsəyə tətbiq etmə” söyləməsi də var. “Düşməninizin dahi insan olduğunu unutmayın” deyirdi, “nəbilər, vəlilər insanlığa Allahın hədiyyəsidir” tapşırmasını sırğa edirdi yaddaşlara. Düşüncə qaranlığına işıq tutanları mutlu sayırdı. Elmdən keçməyən yolun sonunun qaranlıq olduğunu söyləyirdi. Deyirdi ki, insanın camalı onun sözünün gözəlliyidir. Arifləri həm arı, həm arıçı qismində dəyərləndirirdi. “İncidilsən də incitmə” insanlığının fikir babası da o idi – Hacı Bektaş Vəli…

Erkek-dişi sorulmaz muhabbetin dilinde,
Hak’kın yarattığı her şey yerli-yerinde.
Bizim nazarımızda, kadın erkek-farkı yok,
Noksanlıkla eksiklik, senin görüşlerinde. (H.B.V)
Şərq dünyasının eşq, vəfa simvollarından biri olan Leyli hələ XVI əsrin poetik təsvirində “Dövran ki, məni məzaca saldı, bilməm satan kim, alan kim oldu?” deyə hüquqsuzluğunun baisi olaraq dövrü, zamanı qınayırdı. O eşq afətindən üç yüz il əvvəl isə Hacı Bektaş Vəli “Qadınları oxudun” deyə “Cənnət anaların ayağı altındadı” söyləyən ulu ustadının – Həzrəti Məhəmmədin (s.a.v) parlaq səslənişinə əks-səda verir, səsini nur içində nur olan o ali zatın səsinə qoşurdu:

•Axtar, tap.
•Qadınları oxudun.
•İncisən də, incitmə.
•Murada çatmaq səbr ilədir.
•Doğruluq dostluq qapısıdır.
•Araşdırma açıq bir sınaqdır.
•Əlinə, belinə, dilinə sahib ol.
•Hər nə axtarsan, özündə axtar.
•Ariflər həm arıdır, həm arıçı.
•Bir olalım, iri olalım, diri olalım.
•Mərifət əhlinin ilk məqamı ədəbdir.
•Oxunacaq ən böyük kitab insandır.
•İnsanın camalı sözünün gözəlliyidir.
•Nəfsinə ağır gələni kimsəyə tətbiq etmə.
•Elmdən gedilməyən yolun sonu qaranlıqdır.
•Düşüncə qaranlığına işıq tutanlar necə xoşbəxtdir.
•Elm həqiqətə gedən yolları işıqlandıran işıqdır.
•Düşməninizin dahi insan olduğunu unutmayın. (H.B.V)

Hacı Bektaş Vəlinin Xorasanda dünyaya göz açdığı, əski qaynaqlarda Suluca Karahöyük, bugünkü adı Hacıbektaş olan cənnətməkanda haqqa qovuşduğu bilinir. Türbəüstü yazılar 1248-1337-ci illər arası yaşadığına şəhadət verir. Bəzi qaynaqlar isə 1208-1271-ci illəri daha doğru hesab edir. Əgər Həzrəti Mevlana ilə Hacı Bektaş Vəli arasındakı dərin ehtiram, bir-birinin hansı dəyər daşıyıcısı olmalarını bilmələri reallığını nəzərə alsaq, onda Hacı Bektaş Vəlinin 1208-1271-ci illər arası yaşaması daha doğru görünür. Həzrəti Mevlananın 1207-ci ildə dünyaya gəldiyi bilinən bir tarixdi. Belədə, Hacı Bektaş Vəlinin 1248-ci ildə doğulduğunu əsas götürsək, aralarında 41 illik yaş fərqi görünər və bu yaş fərqində olan insanların bir-birini daha mükəmməl şəkildə dəyərləndirməsi o qədər inandırıcı görünməz. Onun 1208-ci ildə doğulmasını nəzərə alsaq, Həzrəti Mevlana ilə aralarında vur-tut 1 yaş fərqi olduğu bilinir. Hər halda, bu yaş yaxınlığı onları bir-birinə daha sıx şəkildə bağlaya bilərdi. Eyni zamanda 1208-1271-ci illər arası toplam 63 il edir. Bu, həm də Həzrəti Peyğəmbərimizin(s.a.v) cismani ömür həddidi. Ruhu bir olanların cismani yaşam dövrünün də eyni olması daha çox qəbul ediləndi. Ancaq gerçəyi odur ki, türbəsi önündə yazılan qeyddən məlum olur ki, o, 1248-1337-ci illər arasında yaşayıb. Bu yazılanlara nəzər yetirirəm, yaddaşımda isə Yunis Əmrə babamızın misraları sıx-sıx cövlan etməkdədi:

Bədən fani, can ölməz,
Gedənlər geri gəlməz.
Ölərsə bədən ölər,
Canlar öləsi deyil…

Fəzilətlərin sonsuz dənizlərindən olan Hacı Bektaş Vəli dərgahı önündə böylə düşünür, ruhuna dualar oxuyurdum…

ONU DƏDƏM QORQUD ŞƏKİLLİ GÖRDÜM…
Avuqu keçib Hacı Bektaş Vəli dərgahına yetişdiyimiz ilk anda nəzərimi ilk çəkən abidə qarşı meydanın sol tərəfini əhatələyən kompleks-abidə oldu. Hacı Bektaş Vəlinin şərəfinə ucaldılan abidə bütün görünüşü, durumu ilə tam bir Dədə Qorqud şəkillənməsi idi ki, durmuşdu. Dədənin ərdəmli deyimi səslənirdi qulaqlarımda:
Gəlimli, gedimli dünya,
Son ucu ölümlü dünya.
…Əcəl aldı, yer gizlədi,
Fani dünya kimə qaldı?..

Gözlərimsə barelyef boyunca yazılmış fikir ümmanı üzərində gəzir-gəzir:

Sevap-sayğı üste kurulmuşdur yapımız,
Ta ezelden ebede açıq olub qapımız…

Gör hansı qapılardan keçib yetişmişdi gor­gahına… Əhməd Yəsəvi Ocağının məhəbbət şərbətindən muradınca nuş etmişdi. Əhməd Yəsəvi Ocağının zikrini dinləmişdi, barınmışdı, dil əzbəri etmişdi:

Dünya üçün qəm yemə,
Haqdan özgəni demə…
Kişi malını yemə,
Sirat üzrə tutarı.
Əhliğ-əyal, qarındaş,
Heç kim olmadı yoldaş.
Mərdanə ol qərib baş,
Ömrün yel tək ötəri.
Qul Xacə Əhməd taət qıl,
Ömrün bilməm neçə il,
Əslin bilsən-abü-gil,
Yenə gilə gedəri…

Bilinəni budur ki, Əhməd Yəsəvi Ocağında kamala yetən Hacı Bektaş Vəli İran, İraq, Ərəbistan və Suriya üzərindən Anadoluya gəlmiş, burada Antep, Antakiya, Maraş, Sivas, Tokat, Amasya, Çorum, Yozqat və Kırşəhərdə gəzib-dolandıqdan sonra Suluca Karahöyükdə yerləşmişdir. İnsanlığa xidmət göstərən fəlsəfi görüşlərini burada təkmilləşdirmiş, tam bir fikir, düşüncə mərkəzi olaraq Hacı Bektaş Vəli Dərgahını formalaşdırmışdır. Bu bənzərsiz şəxsiyyət tərəfindən qurulan Dərgah Orhan Qazi, Murad Xudavendigar, İldırım Bəyazid, Yavuz Sultan Səlim, IV Mustafa, Sultan Abduləziz və İkinci Abdulmecid dönəmlərində təmir edilmiş, 1925-ci ilə qədər fəaliyyət göstərmiş, 1957-1964-cü illər arasında vəqflər rəhbərliyi tərəfindən təmir edilərək və muzey olaraq yenidən müsafirləri üzünə açılmışdır. Ən əski çağlarında burada Qonaq evi, hamam və s. bölümləri də olub. Günümüzə yetən çamaşırxana və hamam bugünün özündə də qalmaqdadı. Muzey quruluş baxımından bir-birinə keçidi olan 3 ana bölümdən ibarətdi.
Birinci bölümü Nadar adıyla tanınır. Bu bölümə güney səmtdən qədəm qoyulur. Giriş qapısının sağında üçlər çeşməsi yer alıb. Ehsanı olsun deyə su içib, ruhuna dualar oxuyub keçirik. Külliyyəni çevrəliyən divarlar 1897-ci ildə Hacı Mehmet Dədəbaba zamanında yapdırılıb, indi mövcud olan divarlar, ilkin təməl üzərində Mədəniyyət və Turizm Bakanlığı tərəfindən yenidən qurulub. Ta qədimlərdə bu bölüm daxilində bugünümüzə gəlib çatmayan müxtəlif odalar fəaliyyət göstərib.

ÜÇLƏR ÇEŞMƏSİNDƏN SÖZ AÇIM SİZƏ
Bu çeşmə Feyzulla Dədəbaba zamanında Sədrəzəm Xəlil Paşanın həyat yoldaşı Fatma Nuriyə xanım tərəfindən yapdırılmışdır. Usta olaraq Nevşəhərdən Mustafa Vəsfini dəvət edibmiş. Düz dam alınlığının ortasında 12 dilimli Bektaşi tacı (Hüseyin-i tac) yer alıb. Kəmər gözünün üst tərəfində oyma kitabə, ortasında isə Süleyman Möhürü üslublu təsvir əks olunub.
(Ardı var)

15995108_1066988403413198_4934839880871602835_o16177746_1066995806745791_5045539230287171737_o16178496_1066988603413178_96554335061412832_o16178616_1066997263412312_2451670104799638025_o16179475_1066992743412764_8407728919609643991_o16179588_1066990630079642_7406494507397106501_o16179681_1066988980079807_1016761860286924202_o16251568_1066994220079283_4003498350762267265_o16251632_1066996800079025_2021347815308410638_o16252539_1066996150079090_8977972693720006860_o16265849_1066990973412941_639390246381896606_n16299888_1066989846746387_273452018021970271_o16300303_1066994070079298_8792067574504186836_o16179794_1066987383413300_8461526333825978934_o