Hakimiyyət qanun çərçivəsində internetdə tənqidi çıxış edənlərdən narahatlıq keçirmir

elnur

Özünü insan haqları müdafiəçisi elan edən Rebekka Vinsentin Azərbaycandakı seçkiqabağı durumla bağlı “Əl-Cəzirə”nin saytında yaydığı və bu gün bəzi müxalif qəzetlər tərəfindən tirajlanan məqaləsi tamamilə böhtan, iftira üzərində qurulub və qərəzli xarakter daşıyır.

Xalq.az Gün.Az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiriElnur Aslanov deyib.

“R.Vinsent bu cür yalanlarla məşğul olduğu üçün utanmalıdır. Azərbaycanda internet məkanında tənqidi baxışlarla çıxış edənlərin təhlükələrlə üzləşdikləri, hakimiyyətin onların fəaliyyətini məhdudlaşdırdığı barədə iddialar R.Vinsentin boş təxəyyülündən başqa bir şey deyil və heç bir real faktlara əsaslanmır”.

E.Aslanov qeyd edib ki, Azərbaycan hakimiyyəti internetin əhali arasında daha geniş yayılmasında maraqlıdır və vətəndaşların internetdən daha rahat istifadəsi üçün konseptual dövlət siyasəti həyata keçirir.

O vurğulayıb ki, hətta ucqar kəndlərin genişzolaqlı internetlə təmin edilməsi məqsədi ilə ardıcıl tədbirlər görülür.

“Buna görədir ki, Azərbaycanda internet istifadəçilərinin sayı 65%-i ötüb, ölkə post-sovet məkanında 3G, 4G tətbiq edən ilk dövlətlər sırasındadır. Əhali arasında həmçinin mobil telefonlarla internetə qoşulmaq da böyük populyarlıq qazanıb. 2013-cü il ölkədə İKT ili elan olunub”.

Prezident Administrasiyasının rəsmisi qeyd edib ki, artıq Azərbaycanda elektron demokratiya formalaşıb və onun bilavasitə təminatçısı cənab Prezident İlham Əliyevdir.

“Ölkədə “Elektron hökumət”in qurulması, ASAN xidmətin yaradılması və sürətlə genişləndirilməsi, dövlət qurumlarının və məmurların sosial şəbəkələrdə fəallığının artırılması, onların vaxtaşırı Prezidentin facebook səhifəsi vasitəsilə vətəndaşların suallarını cavablandırması və aparılan digər işlər bu iradənin bariz göstəriciləridir.

Dövlət ünsiyyətin yeni forması kimi sosial şəbəkələrdə məmur-vətəndaş arasında virtual əlaqənin davamlı olması, möhkəmləndirilməsi üçün dəstəyini davam etdirəcək”.

E.Aslanov bildirib ki, Azərbaycan hakimiyyəti qanun çərçivəsində internet məkanında tənqidi baxışlarla çıxış edənlərin fəaliyyətini siyasi mübarizənin normal şərti kimi qəbul edir və bundan heç bir narahatlıq keçirmir.

“Azərbaycan torpaqları işğal olunub və ölkə Ermənistanla münaqişə vəziyyətindədir. İstisna deyil ki, maliyyə mənbələri şübhəli bəzi “insan haqları müdafiəçi”lərinin vaxtaşırı ortaya atılaraq Azərbaycan Respublikası əleyhinə mənfi rəy yaratmağa çalışması erməni diaspor təşkilatlarının sponsorluğu ilə baş tutur.

“Hüquq müdafiəçisi” olaraq 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün pozulmuş hüquqları ilə bağlı səsini ucaltmayan bəzi şəxslərin Azərbaycana qarşı iftiraları da bu qəbildən hesab oluna bilər.

Bir daha bəyan edirik ki, Azərbaycanda istifadəçilərin internetdə fikir, söz azadlığı bundan sonra da təmin olunacaq və qorunacaqdır”.