“İnternet medianın dövlət tərəfindən maliyyələşməsi vacibdir. Saytlar da klassik Kütləvi İnformasiya Vasiələri (KİV) kimi dövlət tərəfindən maliyyələşməlidir. Çünki hüquqi baxımdan internet üzərindən yayımlanan xəbər portalları da Kütləvi İnformasiya Vasiələri hesab olunurlar. Eyni zamanda, praktiki baxımdan hazırda ictimai fikir formalaşdırmaq missiyası daha çox xəbər portallarının üzərinə düşür. Beynəlxaql təcrübə də onun göstərir ki, ictimai fikir daha çox xəbər portalları vasitəsilə formalaşır. Belə bir məqamda Azərbaycanda fəaliyyət göstərən həmin portallar dövlət tərəfindən maliyyələşməlidir”.
XALQ.AZ xəbər verir ki, bu sözləri Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov modern.az saytına açıqlamasında deyib.
Ə.Amaşovun sözlərinə görə, hansı xəbər saytlarına maliyyə ayrılması ilə bağlı bəzi prinsiplər müəyyən edilib.
“İndi saytlar çoxdur. Ancaq elə saytlar var ki, hüquqi şəxs kimi fəaliyyət göstərmir, qanunvericilikdə nəzərdə tutulan müvafiq icbari öhdəlikləri yerinə yetirmirlər. Bəzən bir internet media orqanında rekvizitlər qeyd edilmir. Hansısa oxucu maraqlanır, ancaq həmin saytın rəhbərliyi barədə məlumat əldə edə bilmir. Təbii ki, belə saytlara dövlət dəstəyi şamil edilə bilməz. Azərbaycanla bağlı həqiqətləri ölkədən kənarda yayan, ölkəmizi sevməyən qüvvələrə qarşı mübarizə aparan və ölkə daxilində xüsusi çəkisi olan, ictimai fikri formalaşdırmaqda rolu olan bütün saytlar dövlət tərəfindən maliyyələşə bilərlər”.