Hansı şəhərin yarısı deputatın qardaşlarınındır?

meclis11

Son günlər ölkə mətbuatının gündəmindən düşməyən millət vəkili Rəfael Cəbrayılov Publika.az-a müsahibə verib. Müsahibədə qardaşları div kimi uşaqlar olmasından və 2 qardaşı şəhərin yarısını aparıb satıb yeməsindən danışıb.

Maraqlıdır millət vəkilinin qardaşları hansı şəhərin yarısının sahibidirlər?

 

Müsahibəni olduğu kimi təqdim edirik

 

 Milli Məclisin deputatı Rafael Cəbrayılov evinin və ofisinin “Nikoil Bank” tərəfindən əlindən alınacağı haqda mətbuatda yayılan xəbərlərə münasibət bildirib. Deputat R.Cəbrayılov Publika.Az-a açıqlamasında deyib ki, bu məsələ noyabr ayında da gündəmə gətirilib, ancaq kimsə indi bu məsələni yenə gündəmə gətirmək istəyir: “Mənə elə gəlir ki, bütün bunları edən adam kimdirsə, o, parlamentə olan adamdır. Bir nəfər üzdən iraq var, bütün bunlar onun sifarişidir. Ötən ilin noyabrından bəri eyni şeyi təkrar-təkrar gündəmə gətirirlər. 

 

Mən varam deyə, qardaşım bizneslə məşğul olmamalıdır? Mən nə deyirəm ki, gedib versinlər də məhkəməyə. Axı bunun mənə nə dəxili var?

 

Digər tərəfdən isə məhkəmənin qətnaməsi var. Qardaşımla bağlı məhkəmənin qərarından xəbərsiz olduğumu mən deməmişəm. Axı olan şeyi mən necə deyə bilərəm ki, olmayıb?”.

 

R.Cəbrayılov deyib ki, hazırda 2 qardaşı bizneslə məşğul olur: “Mənim 2 qardaşım var ki, şəhərin yarısını aparıb satıb yeyə bilərlər. Qardaşlarım div kimi uşaqlardır. İndi bu adamlar bizneslə məşğul olmamalıdırlar ki, nə var, nə var Rafael var? Misal üçün, dünyanın hər yerində 10 milyonluq bir iş görəndə, gedib onun yarısını kredit götürürlər. Bu, normal bir şeydir. İndi mənim qardaşlarımın da gördüyü işin müqabilində bankdan aldığı kredit vəsaiti 0,1 faizdən də azdır. Yəni, indi nə böyük hadisə baş verib ki, bu qədər şişirdilir? Əksinə, bu məsələ ilə bağlı hamı sevinməlidir ki, mövcud olan hər hansı mübahisə hüquqi müstəvidə həll olunur. Yəni, burada deputat qardaşı olmur, kim olur olsun, onu da məhkəməyə verirlər və məsələni hüquqi yolla həll edirlər”.

 

Deputatın sözlərinə görə, bu, həm də Azərbaycan cəmiyyətinin bir nailiyyətidir ki, hər şey hüquqi müstəvidə həll olunur: “Mən başa düşə bilmirəm, Allah etməsin, birdən gedib bir-birlərinə güllə atsa idilər, o zaman yaxşı olacaqdı? Mənim 2 qardaşım 15 ildir ki, bu bizneslə məşğul olur. Bu ilin noyabrında da qardaşlarımın banka 1 milyondan çox kredit borcları var idi, ancaq onu bir neçə ay ərzində tam bağladılar. Sonra yenə də kredit götürdülər və normal qaydada faizi ilə banka qaytarılacaq”.

 

Xatırladaq ki, “virtualaz.org” saytının ötən gün dərc etdiyi məlumatda “Nikoil Bank”ın deputat Rəfael Cəbrayılov, qardaşları Elşən Cəbrayılov, Rauf Cəbrayılov və bacılarının həyat yoldaşı Nurəddin Bünyatovu məhkəməyə verməsinə dair işin Ali Məhkəmədə olduğu bildirilib. Vurğulanıb ki, məhkəmə həmin iddianı qismən təmin edərək borcun cavabdehlərdən müştərək qaydada tutulması, Binəqədi rayonunda yerləşən ofis sahəsinə dair hüquqların yönəldilməsi və 5 otaqlı mənzilin hərracda satıldıqdan sonra mənzilin ən geci bir ay ərzində boşaldılması barədə qətnamə qəbul edib.

 

İddia onunla əsaslandırılıb ki, bank N.Bünyatova 795 min manat məbləğində kredit verib. Eyni zamanda kreditin müqaviləsinin öhdəliyinin vaxtında və lazımi qaydada icra olunması məqsədilə digər cavabdehlər Rauf, Elşən və Rafael Cəbrayılovlarla zaminlik müqaviləsi bağlanılıb. Lakin “ödəniş qrafiki”nin şərtlərinə əməl edilməyib, kredit və faizin vaxtında qaytarılmasına dair öhdəlik yerinə yetirilməyib.

  

Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq.