“Hesablama Palatası haqqında” qanun dəyişib

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Hesablama Palatası haqqında” yeni qanun layihəsi III oxunuşda müzakirə olunub.

XALQ.AZ xəbər verir ki, layihə müzakirələrdən sonra təsdiqlənib.

Yeni qanuna əsasən, Hesablama Palatasının fəaliyyət istiqamətləri qanunla müəyyən edilmiş qaydada kənar dövlət maliyyə nəzarəti tədbirlərini həyata keçirmək, icmal büdcənin, o cümlədən dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarının büdcələrinin layihələrinə və icrasına dair rəy vermək, həyata keçirdiyi kənar dövlət maliyyə nəzarəti tədbirlərinin nəticələri əsasında maliyyə intizamının gücləndirilməsi, maliyyə nəzarəti üsullarının təkmilləşdirilməsi və maliyyə nəzarəti fəaliyyəti işinin planlaşdırılması məqsədilə mütəmadi təhlillər aparmaq, maliyyə idarəetməsinin və dövlət maliyyə nəzarətinin həyata keçirilməsinin təkmilləşdirilməsi, həmçinin dövlət vəsaitlərindən səmərəli və məqsədyönlü istifadə ilə bağlı tövsiyələr vermək, xarici dövlətlərdə uyğun funksiyaları həyata keçirən qurumlarla və beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək, ali audit orqanlarının beynəlxalq təşkilatlarına üzv olmaq, birgə nəzarət tədbirlərini həyata keçirmək kimi müəyyənləşib.

Belə ki, Palata icmal büdcənin, o cümlədən dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının büdcələrinin layihələrinə və onların icrası layihələrinə rəy verməli, dövlət maliyyə nəzarətinin obyektlərində müxtəlif sahələrdə kənar dövlət maliyyə nəzarəti tədbirlərini həyata keçirməlidir.

Palata icmal büdcədən, o cümlədən dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarının büdcələrindən hüquqi şəxslərə ayrılan vəsaitlərin qanunauyğun, məqsədyönlü, effektiv və təyinatı üzrə istifadəsi, dövlət əmlakının idarə edilməsi, dövlət satınalmaları, dövlət investisiyaları, dövlət proqramlarına ayrılmış vəsaitlərin istifadəsi, qrantların və maliyyə (texniki) yardımlarının təyinatı üzrə istifadəsi, ətraf mühitin mühafizəsi, təbii ehtiyatların istifadəsi və idarəedilməsi, daxili və xarici dövlət borcunun idarə olunması, dövlət zəmanəti ilə cəlb edilmiş borc öhdəliklərinin yerinə yetirilməsi, bağlanmış müqavilələrin şərtlərinə əməl olunması, xarici ölkələrə və şəxslərə verilən vəsaitlər üzrə öhdəliklərin icrası, dövlət sifarişləri, büdcədənkənar əməliyyatlar üzrə vəsaitlərin əldə edilməsi və istifadəsi, büdcə ili ərzində vahid xəzinə hesabında olan vəsaitin qalığının idarə olunması və ya idarəetməyə verilməsi və dövlət vəsaiti ilə bağlı digər sahələrdə nəzarət tədbirləri reallaşdıracaq.

Palata kənar dövlət maliyyə nəzarətini təmin etmək məqsədilə dövlət xəzinədarlığı məlumatlarına birbaşa çıxış imkanı əldə edir.

Layihədə qeyd olunur ki, Hesablama Palatasının audit fəaliyyəti kənar dövlət maliyyə nəzarəti obyektlərinin gəlirlərinin, xərclərinin, əmlakının, öhdəliklərinin, zəmanətlərinin, digər aktiv və passivlərinin idarə olunmasının, maliyyə əməliyyatlarının düzgünlüyünün və tamlığının, iqtisadi və maliyyə fəaliyyətinin qənaətliliyinin, effektliyinin, nəticəliliyinin müəyyənləşdirilməsi, daxili nəzarət sistemlərinin qiymətləndirilməsi məqsədilə həyata keçirilir.

Qanunda bildirilir ki, növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında qanun layihəsi ona əlavə edilmiş digər sənədlərlə birlikdə bu qanuna və “Büdcə sistemi haqqında” qanuna uyğun olaraq rəy verilməsi üçün Milli Məclisdən Hesablama Palatasına daxil olduqdan sonra Palata 30 gün müddətində rəy verir və parlamentə təqdim edir.

Bundan başqa, dövlət büdcəsinin icrası barədə illik hesabat və müvafiq qanun layihəsi rəy verilməsi üçün Milli Məclisdən daxil olduğu gündən 15 gün müddətində Hesablama Palatası onlara rəy verir və öz rəyini parlamentə təqdim edir.

 

Orxan