Leyla Əliyeva festivalda – FOTO

İyunun 1-də Heydər Əliyev Mərkəzinin parkında Uşaq festivalı keçirilib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva festivalda olub.

XALQ.AZ xəbər verir ki,  Heydər Əliyev Fondunun təşəbbüsü, Təhsil Nazirliyinin, Heydər Əliyev Mərkəzinin və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə keçirilən tədbirdə yüzlərlə azyaşlı, o cümlədən Bakıda və regionlarda fəaliyyət göstərən uşaq evlərinin sakinləri və internat məktəblərinin şagirdləri iştirak ediblər.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva festivalda olub. O uşaqlarla ünsiyyətdə olub, fotoşəkillər çəkdirib. Festivalda hər kəs – balaca rəssamlar, rəqqaslar, idmançılar, musiqiçilər öz məharətlərini göstəriblər.

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə keçirilən festival çərçivəsində balacalar üçün müxtəlif əyləncə proqramları təqdim olunub. Festival çərçivəsində Azərbaycan Avtomobil Federasiyası uşaqlar üçün yol hərəkəti qaydalarına dair təlim təşkil edib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin guşəsində interaktiv oyunlar və əyləncəli müsabiqələr təşkil olunub. Uşaqlar tərəfindən maraqla qarşılanan müsabiqələrdə qaliblərə və iştirakçılara müxtəlif hədiyyələr təqdim edilib.

Eyni zamanda, parkda uşaqlar üçün müxtəlif maraqlı attraksionlar – batutlar, sürüşkənlər, karusellər, yelləncəklər də quraşdırılıb. Cizgi filmlərinin qəhrəmanlarının (maskotlar) iştirakı ilə keçirilən “Disney parad” nağıllar aləmini daha da zənginləşdirib.

Uşaqlar sevimli personajları ilə görüşüb, onlarla birlikdə əyləniblər. Həmçinin azyaşlılar üçün konsert proqramı təşkil olunub. Konsertdə uşaq yaradıcılıq mərkəzləri və studiyaları müxtəlif mahnılar, rəqslər, səhnəciklər təqdim ediblər.

Bakıdakı və regionlardakı uşaq evləri və internat məktəblərinin yaradıcı yetirmələri, xüsusi qayğıya ehtiyacı olan uşaqlar isə rəqs nömrələri, müxtəlif əl işlərini nümayiş etdiriblər. Uşaqlar üç saat ərzində bayramlarını bol əyləncələrlə qeyd etməklə yanaşı, istedad və bacarıqlarını da nümayiş etdirib, həm də yeni-yeni dostlar qazanıblar.

Heydər Əliyev Mərkəzinin parkındakı festival iyunun 2-də də saat 16-dan 19-dək davam edəcək. Əraziyə giriş və əyləncə qurğularından istifadə pulsuzdur.

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.