“Heydər Əliyev siyasəti: hüquqi dövlət quruculuğunda media təminatı”

 

Beynəlxalq Mətbuat Mərkəzində “Heydər Əliyev siyasəti: hüquqi dövlət quruculuğunda media təminatı” mövzusunda konfrans keçirilib. XALQ.AZ-ın verdiyi məlumata görə, tədbirdə Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev, “İki Sahil” qəzetinin baş redaktoru, Mətbuat Şurası İdarə Heyətinin üzvü Vüqar Rəhimzadə, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, “SƏS” Media Qrupunun rəhbəri Bəhruz Quliyev, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deputatlar, mətbuat orqanlarının rəhbərləri iştirak ediblər.

Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə Azərbaycanın ictimai-siyasi həyatında əldə olunan nailiyyətlərdən, ölkənin daxili inkişafı, beynəlxalq aləmdə müsbət imicinin formalaşması istiqamətində həyata keçirilən siyasətdən, Azərbaycanın hüquqi dövlətə çevrilməsi yönündə keçirilən islahatlardan söz açıb.

O qeyd edib ki, medianın inkişafı ilə bağlı Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan siyasət hazırda layiqli şəkildə həyata keçirilir: “Nə qədər ki, jurnalistika, Azərbaycan xalqı var, Ulu Öndərin qoyub getdiyi dəyərlər yaşayacaq”.

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev bildirib ki, bu gün Ümummilli Lider Heydər Əliyevin 95 illik yubileyi Azərbaycanla yanaşı, ölkə hüdudlarından kənarda da təmtəraqla qeyd edilir: “Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gələndə Azərbaycanın inkişafı üçün böyük işlər gördü. Ümummilli Lider ikinci dəfə hakimiyyətə xalqın tələbi ilə gəldi və xalqı acınacaqlı və təhlükəli vəziyyətdən xilas etdi. Müharibə şəraitində olan ölkədə atəşkəsə nail oldu, o vaxtki hakimiyyətin səriştəsizliyi səbəbindən dağılmaq təhlükəsi yaşayan ölkəni xilas etdi. Heydər Əliyev sabitliyə nail olandan sonra tanınmış xarici şirkətləri Azərbaycana dəvət etdi və Xəzərdə neft yataqlarının işlənməsinə başlanıldı. Azərbaycanda iqtisadi inkişaf başlandı və 1993-2003-cü illərdə Azərbaycanın iqtisadi inkişafı formalaşdı”.

Heydər Əliyevin Azərbaycan mediasının inkişafındakı xidmətindən danışan V.Əliyev deyib ki, Ümummilli Lider, həmçinin ilk olaraq Azərbaycanda söz azadlığının inkişafına mane olan amilləri aradan qaldırdı: “1998-ci ildə ölkədə söz azadlığı təmin edildi, senzura ləğv olundu. 2003-cü ildə Azərbaycan Mətbuat Şurası yaradıldı. Bu gün bu qurum öz fəaliyyətini tənzimləyir. Bu gün Heydər Əliyevin formalaşdırdığı siyasi xətt Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən də yüksək səviyyədə davam etdirilir. Bu gün Azərbaycanda Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu fəaliyyət göstərir və indiyə qədər fonda 4 milyon manat yardım edilib. Ümumilikdə isə bu vaxta qədər medianın inkişafına 60 milyon manat yardım göstərilib. Bu gün Prezidentin nəzarəti ilə jurnalistlərin əksəriyyətinə yeni mənzillər inşa edilərək hədiyyə verilib. Hazırda daha 255 ailənin mənzillə təmin edilməsi üçün bina inşa olunur. 2005, 2010 və 2015-ci illərdə yüzlərlə jurnalistə fəxri ad və yardımlar göstərilib. Hazırda ölkədə 5000-ə yaxın mətbuat orqanı qeydiyyatdan keçib və sərbəst fəaliyyət göstərir. Həmçinin ölkədə 50-yə yaxın jurnalist təşkilatı fəaliyyət göstərir”.

“İki sahil” qəzetinin baş redaktoru, Mətbuat Şurası İdarə Heyətinin üzvü Vüqar Rəhimzadə bildirib ki, Azərbaycanda jurnalistlərə, mətbuat nümayəndələrinə həmişə xüsusi hörmət göstərilib: “Ulu Öndər Heydər Əliyev sayəsində ölkədə söz azadlığı təmin olunub. Bu da Azərbaycanı demokratik ölkə kimi qurmağa xidmət edir. Bu gün Azərbaycan jurnalistikası Prezident İlham Əliyevin müvafiq qərar və sərəncamları ilə uğurla inkişaf edir. Ulu Öndər Heydər Əliyevin qoyub getdiyi siyasət tərəqqi deməkdir və bu gün də bu siyasət müasir şəkildə Prezident İlham Əliyev tərəfindən davam etdirilir”.

Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli deyib ki, qəzetlərə birdəfəlik maddi yardımların verilməsinə Ümummilli Lider Heydər Əliyevin dövründə başlanıb: “Ulu Öndər Heydər Əliyevin dövründə jurnalistika sahəsində bir sıra qanunlar qəbul olunub. Bu gün biz bir neçə il əvvəl mövcud olan çətinliklərdən uzağıq. Biz Heydər Əliyev məktəbi keçmişik, onunla fəxr edirik”.

Heydər Əliyevin jurnalistlər arasında səmimi bir mühit yaratdığını söyləyən deputat Aqil Abbas da Azərbaycanda mətbuat azadlığının bərqərar olmasında Heydər Əliyevin rolundan söz açıb.

Millət vəkili Hikmət Babaoğlu isə bildirib ki, Ulu Öndər Heydər Əliyev jurnalist peşəsinin çətin olduğunu deyir və bu fəaliyyəti həmişə qiymətləndirirdi: “O, Azərbaycan mətbuatının böyük qayğıkeşi idi və fəaliyyətini həmişə stimullaşdırırdı”.

“SƏS” Media Qrupunun rəhbəri Bəhruz Quliyev isə deyib ki, Ulu Öndər Heydər Əliyev müstəqil mətbuatın inkişafında xüsusi rol oynayıb: “Azərbaycanda demokratik, plüralist mətbuatın formalaşmasında, onun hüquqi normativ bazasının yaradılmasında, azad sözün, fikir və mətbuat azadlığının təmin edilməsində Ümummilli Lider Heydər Əliyevin xidmətləri əvəzsizdir. Azad mətbuatın inkişafına əngəl yaradan süni məhdudiyyətlərin, o cümlədən senzuranın aradan qaldırılması, qanunvericiliyin təkmilləşdirilməsi və müasir dünya standartlarına uyğunlaşdırılması, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi və onlar üçün çoxsaylı güzəştlərin müəyyənləşdirilməsi, bu istiqamətdə verilmiş bir sıra fərman və sərəncamlar, mətbuat işçiləri ilə mütəmadi görüşlər ənənəsinin yaradılması, KİV-lə bağlı problemlərə operativ və prinsipial müdaxilə – bütün bunlar Heydər Əliyevin azad sözə verdiyi qiymətin təzahürüdür”.

B.Quliyev əlavə edib ki, dahi Liderin müstəqil mətbuata göstərdiyi qayğı sayəsində kütləvi informasiya vasitələrinin (KİV) sivil, demokratik vətəndaş cəmiyyəti quruculuğunda, iqtisadi və sosial islahatların həyata keçirilməsində, cəmiyyətdə sosial ədalət və şəffaflığın təmin edilməsində, insan hüquqlarının müdafiəsində, həmrəylik və tolerantlıq mühitinin yaradılmasında, milli şüurun, siyasi mədəniyyətin və bütövlükdə sağlam mənəvi dəyərlərin formalaşması istiqamətində rolu artıb.

Konfrans müzakirələrlə davam etdirilib.