“Heydər Əliyev və müstəqilliyimizin yaxın tarixi”

XX əsrin 90-cı illərində Azərbaycan xalqı müstəqillik yollarında məhz Ulu öndər Heydər Əliyevin respublikaya birinci rəhbərliyi dövründə əsası qoyulan zəngin iqtisadi-siyasi, mənəvi və intellektual potensiala istinad edib. Ümummilli Lider hələ XX əsrin 70-80-ci illərində Azərbaycanın nə vaxtsa müstəqil dövlət olacağını özünün dərin fəhmi ilə duyub, buna zəmin hazırlamaq üçün əzmlə çalışıb.

XALQ.AZ  xəbər verir ki, bu fikirlər Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə əlaqədar Tovuz Rayon İcra Hakimiyyətində keçirilən elmi-praktik konfransda səsləndirilib.

Elmi-praktik konfransda rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalovun “Heydər Əliyev və müstəqilliyimizin yaxın tarixi” mövzusunda məruzəsi dinlənilib. Məruzədə Heydər Əliyevin fəaliyyətinin müxtəlif mərhələləri haqqında ətraflı məlumat verilib. Bildirilib ki, 1969-cu ildə Azərbaycan KP MK-nın birinci katibi vəzifəsinə təyin olunan Heydər Əliyev qısa vaxt ərzində respublikada ciddi iqtisadi islahatların həyata keçirilməsinə nail olub. Nəticədə təkcə sənayedə deyil, kənd təsərrüfatında da əsaslı yüksəliş dövrü başlanıb. 1982-ci ildə kənd təsərrüfatı məhsulları istehsalının həcmi 1969-cu ildəkinə nisbətən 3,9 dəfə artıb. Azərbaycan bir sıra iqtisadi göstəricilərə görə müttəfiq respublikaların əksəriyyətini qabaqlayaraq ön sıralara çıxıb. Heydər Əliyev o illərdə gördüyü böyük işlərlə bugünkü və gələcək tərəqqinin, dinamik sosial-iqtisadi inkişafın möhkəm təməlini qoyub.

Diqqətə çatdırılıb ki, Ümummilli lider Heydər Əliyev milli-mənəvi dəyərlərimizin qorunmasına, Azərbaycanda elmin və təhsilin inkişafına xüsusi diqqətlə yanaşıb və onun sayəsində yüzlərlə azərbaycanlı SSRİ-nin ən nüfuzlu ali məktəblərində müxtəlif ixtisaslara yiyələniblər. Bu, respublikada yerli kadr potensialının yaradılmasına, cəmiyyətin mədəni inkişafına xidmət edib. Böyük lider Azərbaycan xalqının mədəni dünyaya inteqrasiyasını təmin etməyə, onu sivilizasiyalı cəmiyyət quruculuğuna hazırlamağa çalışıb.

Qeyd olunub ki, dünyada analoqu olmayan aqrar islahatların Azərbaycan variantının həyata keçirilməyə başlanmasından 22 il keçir. Bu müddət ərzində aqrar sahənin yeni iqtisadi şəraitə müvafiq olan dinamik inkişafı təmin edilib, ölkədə ərzaq təhlükəsizliyi kimi strateji məsələ, demək olar, həll olunub, böyük neft gəlirlərindən istifadə olunmaqla, Azərbaycanda qeyri-neft sektorunun inkişafı təmin edilib. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və ciddi elmi əsaslara söykənən sosial-iqtisadi siyasət strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan dünyada ən çox dinamik inkişaf edən ölkələrdən birinə çevrilib.

Elmi-praktik konfransda Gənclər Mərkəzinin direktoru Rauf Rüstəmovun “Heydər Əliyev və gənclər siyasəti”, müəllim Talıb Mahmudovun “Azərbaycan elminin inkişafında Heydər Əliyevin rolu” və Puşkin adına tam orta məktəbin direktoru Rəşid Əmrahovun “Heydər Əliyev və təhsil” mövzularında məruzələri də dinlənilib.

 

 

Elgün