Heydər Əliyevin siyasi xəttinə daim sadiq olmalıyıq

42

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisində 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninin, “Dövlət qulluğunda fərqlənməyə görə”, “Tərəqqi”, “Hərbi xidmətdə fərqlənməyə görə” və “Vətən uğrunda” medallarının, Naxçıvan Muxtar Respublikasının fəxri adlarının döş nişanlarının təqdimat mərasimi keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov təltif olunanları muxtar respublikamızın 90 illik yubileyi və mükafatlara layiq görülmələri münasibətilə təbrik edərək deyib: “Azərbaycanda bütün sahələrdə inkişaf təmin olunub. Bu inkişafın əldə olunmasında fərqlənənlərin əməyi isə dövlətimiz tərəfindən layiqincə qiymətləndirilir. Dövlət tərəfindən inkişaf strategiyası müəyyənləşdirilir, müxtəlif sahələr üzrə proqramlar qəbul edilir. Bu inkişaf strategiyasının və dövlət proqramlarının icraçıları isə insanlardır”.

Ali Məclisin sədri deyib: “Ölkəmizin inkişafında öz fəaliyyəti ilə fərqlənənlərin, Vətəninə və xalqına xidmətdə nümunə göstərənlərin əməyinə dövlətimiz tərəfindən daim yüksək qiymət verilir, onlar orden, medal və fəxri adlarla təltif olunurlar. Bu gün dövlətimizin ali mükafatları ilə təltif olunanlar müxtəlif sahələrdə çalışan insanlardır. Onların əməyinin qiymətləndirilməsi səmərəli fəaliyyətlərinin nəticəsində mümkün olmuşdur. Eyni zamanda, əməyə verilən bu qiymət hər bir insanda böyük ruh yüksəkliyi yaradır, onların qurub-yaratmaq əzmini artırır, gələcəkdə daha məhsuldar fəaliyyət göstərməyə sövq edir”.

Ali Məclisin sədri təltif olunanların bundan sonra daha məsuliyyətlə çalışacaqlarına və nümunəvi xidmət göstərəcəklərinə əminliyini bildirmiş, onlara qarşıdakı fəaliyyətlərində uğurlar arzulayıb. Sonra Ali Məclisin Sədri orden və medalları, Naxçıvan Muxtar Respublikasının fəxri adlarının döş nişanlarını və vəsiqələrini təqdim edib. Təltif olunanlardan İradə Novruzova, Fariz Bağırov, Məzahir Mirzəyev, Afin Məmmədov, Həbib İbrahimov, Həbibə Allahverdiyeva, Mətləb İbrahimov, Xuraman Əsgərova, Elminaz Məmmədova, Sultan Rzayev, Müzəffər Əsgərov, Ələddin Məmmədov əməklərinə verilən yüksək qiymətə görə dərin minnətdarlıqlarını ifadə ediblər.

Qeyd olunub ki, ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinə daim sadiq olmaq bundan sonra da fəaliyyətin əsasını təşkil edəcək. Çünki dahi şəxsiyyətin müəllifi olduğu sosial-iqtisadi inkişaf strategiyası bu gün ölkəmizi, eləcə də onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasını inkişaf və tərəqqiyə qovuşdurub. Bu inkişaf bütün sahələri əhatə edib. Hər bir şəxs də çalışır ki, ölkəmizin inkişafına öz töhfəsini versin. Muxtar respublikanın 90 illik yubileyi ərəfəsində dövlət mükafatına layiq görülmək isə ikiqat qürur və şərəfdir.

Təltif olunanlar bundan sonra da doğma diyarımızın inkişaf və tərəqqisi yolunda səylə çalışacaqlarına söz veriblər.