Hökümə Qurbanovanın doğum günüdür

Hokume

Bu gün görkəmli aktrisa, Azərbaycanın və SSRİ-nin Xalq artisti Hökümə Abbasəli qızı Qurbanovanın doğum günü ilə yadda qalıb. O, 1913-cü ilin 11 iyununda Bakıda anadan olub. Hökümə xanım həm də görkəmli Azərbaycan bəstəkərı Müslüm Maqomayevin bacısı qızı idi. Doğmaları onu elə gənc yaşlarından pedaqoq, eləcə də tədqiqatçı kimi görmək istəyirdilər. Amma Hökümə xanım nə müəllimlik etdi, nə də musiqiçi oldu. İncəsənət aləmi onu özünə çəkdi və o, beləcə aktrisa oldu. Hökümə Qurbanovanın sənət dünyasına ilk gəlişi 1933-cü ilə təsadüf edir.

Böyük dramaturq Cəfər Cabbarlının ssenarisi və rejissorluğu ilə “Almaz” filmi çəkilirdi. Ədib “Yaxşı” rolu üçün aktrisa axtarırdı. Təsadüfən foto vitrində Hökümə Qurbanovanın şəklini görən kimi onu çəkilişə dəvət edir. İllər keçdi və böyük ədibimizin seçimində yanılmadığı özünü bir daha sübut etdi. İlk addımlarını kinoda atan Hökümə Qurbanova, sonralar Azərbaycan teatr sənətinin böyük korifeylərindən birinə çevrildi. Hökümə xanımın milli teatrda ilk rolu 1939-cu ildə “ Vaqif” tamaşasındaki gürcü qızı “Tamara” oldu. Cəmi səkkiz misralıq monoloq aktrisaya gələcək şöhrətin qapılarını açdı və o, ömrünün sonunadək bu teatrın əvəz olunmaz aktrisası kimi fəaliyyət göstərdi. Tamaşaçılar ona valeh olurdular. Şöhrət özü Hökümə Qurbanovanı tapırdı, çünki o, ömrü boyu ancaq sənət haqqında düşünürdü.