İcra başçısı sakinlərlə görüşdü

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev yerli hüquq mühafizə orqanlarının rəhbərləri və xidmət təşkilatlarının məsul şəxsləri ilə birlikdə Əhmədoba kəndində səyyar qəbul keçirib.
Qəbuldan əvvəl Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev və yerli hüquq mühafizə orqanlarının rəhbərləri şəhid İsmət Aslan oğlu Rəsulovun büstünü ziyarət ediblər.
Qəbulda Əhmədoba İnzibati Ərazi Dairəsi Üzrə nümayəndəliyinə daxil olan Əhmədoba, Hacıəhmədoba, Hacıqazma və Qaracəlli kəndlərinin sakinləri iştirak edib.
Görüş iştirakçıları əvvəlcə Əhmədoba kənd tam orta məktəbinin həyətində şəhid İsmət Rəsulovun büstünü ziyarət edib.
Daha sonra fərdi qaydada müraciət və təkliflər dinlənilib. Sakinlər məktəb binasının yenilənməsi,qaz təchizatının bərpası, elektrik təsərrüfatında aparılan yenidənqurma işlərinin sürətlındirilməsi, yolların təmiri və suvarma suyu ilə təchizatın yaxşılaşdırılması ilə bağlı müraciətlər səsləndiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.