İcra başçısının avtomobili

 

 

 

Hacıbala Abutalıbovun xidməti avtomobili kobud yol hərəkəti qaydası pozuntusuna yol verib 

 

Bu gün Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun xidməti avtomobili kobud yol hərəkəti qaydası pozuntusuna yol verib. Hadisə Nəsimi rayonu ərazisində – Səməd Vurğun küçəsində baş verib.

XALQ.AZ xəbər verir ki, avtosfer.az saytının əməkdaşı qayda pozuntusunu kameranın yaddaşına köçürə bilib. Onun verdiyi məlumata görə, Bakı merinin “BMW” markalı, 10 AA 008 dövlət nömrə nişanlı avtomobili Səməd Vurğun küçəsi ilə üzü Bakıxanov küçəsinə hərəkətdə olarkən tıxaca düşüb. “Təzə bazar”ın qarşısından əks yola çıxan merin avtomobili Bakıxanov küçəsinə qədər “protiv” gedib. Qarşı yola çıxmağı bir yana, Hacıbala Abutalıbovun sürücüsü çoxlarının “danq-danq” siqnal kimi tanıdığı qadağan olunmuş səs siqnalından istifadə edərək kobud qayda pozuntusuna yol verməklə qəza şəraiti yaradıb.

Əməkdaşımız bildirir ki, həmin vaxt Hacıbala Abutalıbov özü də avtombildə olub və o, hansısa tədbirə tələsirmiş.

Qeyd edək ki, bu hadisə günorta saat 14:00 radələrində baş verib. Həmin vaxt Səməd Vurğun küçəsindən Bakıxanov küçəsi istiqamətində tıxac yaranıb. Yolun əks tərəfində isə sıxlıq olmadığı üçün normal hərəkət sürəti olub. Yəni, orada maşınlar 40-60 km/saat sürətlə hərəkət edirmişlər. Belə sürətlə hərəkət edən avtomobillərin qarşısına çıxan merin sürücüsü sağ-salamat Bakıxanov küçəsinə çata bilib. Əməkdaşımız isə Səməd Vurğun küçəsindəki tıxacın səbəbini öyrənə bilib. Məlum olub ki, bu küçənin Bakıxanov küçəsi ilə kəsişən nöqtəsində «Nissan Maxima» markalı nəqliyyat vasitəsi qəza törədib və əzilmiş maşın yolun hərəkət hissəsində qaldığı üçün avtomobillərin hərəkətində sıxlıq yaranıb. Bu zaman ətrafda yol polisləri olmayıb.

Qeyd edək ki, bu cür qayda pozuntuları yalnız operativ nəqliyyat vasitələri tərəfindən edilə bilər ki, bu zaman həmin nəqliyyat vasitələrinin üzərində xüsusi səs siqnalları və rənglənmə qrafikası olmalıdır. Bakı meri Hacıbala Abutalıbovun avtomobili isə operativ yox, xidməti avtomobildir və onun bu cür kobud qayda pozuntusuna yol verməsi başadüşülən deyil. Hər halda, bu əmələ görə merin sürücüsünə 100 manat və 4 cərimə balı düşür. Səs siqnalından istifadəyə görə isə 150 manat cərimə nəzərdə tutulur.