İlham Əliyev ali mükafata layiq görülüb

Bu gün Azərbaycan prezidenti İlham Əliyev Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviçi qəbul edib.

XALQ.AZ xəbər verir ki, Dünya Güləş Birliyinin prezidenti N.Laloviç dövlət başçısını prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib.

N.Laloviç Bakıda Formula 1 yarışlarının yüksək səviyyədə təşkil edildiyini bildirib,  Azərbaycanın güləş idman növündə dünyanın ən aparıcı ölkələri sırasında olduğunu qeyd edib.

Azərbaycanın mötəbər beynəlxalq idman yarışlarının təşkil olunduğu məkana çevrildiyini söyləyən N.Laloviç 2015-ci ildə birinci Avropa Oyunlarının ölkəmizdə çox gözəl təşkilinin dünya idman ictimaiyyəti tərəfindən böyük maraqla izlənildiyini xatırladıb. Azərbaycan güləşçilərinin əldə etdiyi uğurlara toxunan Dünya Güləş Birliyinin prezidenti ABŞ-da sərbəst güləş üzrə dünya kuboku yarışlarında Azərbaycan yığma komandasının ikinci yer tutmasının önəmini qeyd edib.

Dövlət başçısı təbriklərə görə minnətdarlığını çatdırıb. Prezident İlham Əliyev Azərbaycanda idmanın inkişafının sağlam gənc nəslin və perspektivli idmançıların yetişməsi baxımından böyük önəm daşıdığını, Azərbaycan idmançılarının müxtəlif sahələrdə, o cümlədən güləş idman növündə böyük uğurlar qazandığını nəzərə çatdırıb.

N.Laloviç müxtəlif illərdə güləş idman növündə xidmətlərinə görə və birlik tərəfindən seçilmiş fəxri insanlar üçün təyin olunmuş Dünya Güləş Birliyinin ən ali mükafatı “Qızıl Orden”i dövlət başçısına təqdim edib.

Dövlət başçısı mükafata görə minnətdarlığını bildirib.

Elgün

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir