İLHAM ƏLIYEV “İSMAYILLI-1” SU ELEKTRIK STANSIYASININ AÇILIŞINDA IŞTIRAK ETMIŞDIR

Prezident İlham Əliyev İsmayıllı rayonunun Sumağallı kəndi yaxınlığında inşa edilən “İsmayıllı-1” Su Elektrik Stansiyasının açılışında iştirak etmişdir.

“Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev dövlətimizin başçısına məlumat verdi ki, “İsmayıllı-1” Su Elektrik Stansiyası alternativ enerji mənbələrindən səmərəli istifadə edilməsi proqramı çərçivəsində inşa olunan obyektlərdən biridir. Kiçik su elektrik stansiyalarının

tikintisi elektrik enerjisinin istehsalında yanacağa qənaət etməklə yanaşı, həm də ətraf mühitə heç bir zərər yetirmir.

Prezident İlham Əliyevə stansiyanın inşası, fəaliyyəti və layihənin əsas komponentləri barədə də məlumat verildi. Bildirildi ki, stansiyanın tikintisinə 2011-ci ildə başlanılmışdır. Əsas və köməkçi avadanlığın təchizatı, eləcə də bütün tikinti-quraşdırma işləri “Azenco” şirkəti tərəfindən həyata keçirilmişdir. Stansiyanın tikintisində 100 nəfər çalışmışdır. Tikinti işləri zamanı burada suqəbuledici quraşdırılmış, hər birinin uzunluğu 2115 metr, diametri isə 800 millimetr olan üç boru çəkilmiş, stansiya binası inşa edilmişdir.

Stansiyanın binasının foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Azərbaycanda energetika sahəsinin inkişafına göstərdikləri diqqəti, həmçinin bu sferanın müasirləşdirilməsi istiqamətində həyata keçirdikləri layihələri əks etdirən fotolardan ibarət stend yaradılmışdır. Binada nəzarət, mühafizə və idarəetmə sistemləri quraşdırılmışdır.

Prezident İlham Əliyev idarəetmə mərkəzindən stansiyanı işə saldı.

Diqqətə çatdırıldı ki, bu stansiyanın ümumi layihə gücü 1600 kilovat olan üç hidroturbin və üç hidrogeneratordan ibarətdir. Burada 10 və 0,4 kilovoltluq yarımstansiya və elektrik ötürücü xətlər çəkilmişdir. Stansiyanın aşağı byefindən çıxan təmizlənmiş su tikilməkdə olan “İsmayıllı-2” Su Elektrik Stansiyasına daxil olacaqdır. Beləliklə, yekunda İsmayıllı Su Elektrik Stansiyası ümumi gücü 3200 kilovat olan kiçik su elektrik stansiyaları silsiləsini təşkil edəcəkdir. Bu layihə olduqca səmərəli və əhəmiyyətlidir. Belə ki, İsmayıllı rayonunun Sumağallı kəndi yaxınlığında inşa edilən derivasiya tipli su elektrik stansiyası ildə 8 milyon kilovat-saat ekoloji cəhətdən təmiz elektrik enerjisi istehsal etmək imkanına malikdir. Su elektrik stansiyasında 12 nəfər daimi işlə təmin ediləcəkdir. Stansiyanın ərazisində abadlıq-quruculuq işləri görülmüş, müasir işıqlandırma sistemi quraşdırılmışdır.

Azərbaycan Prezidenti yaradılmış şəraitdən razılığını bildirdi, tapşırıqlarını verdi.