İlham Əliyevi təbrik edirlər

Gürcüstan prezidenti Giorgi Marqvelaşvili İlham Əliyevi yenidən Azərbaycan prezidenti seçilməsi münasibətilə təbrik edib.

XALQ.AZ xəbər verir ki, G.Marqvelaşvili təbrikində iki ölkə arasında münasibətlərin bundan sonra da inkişaf edəcəyinə ümidvar olduğunu deyib:

“Dostum İlham Əliyevi yenidən Azərbaycan Respublikasının prezidenti seçilməsi münasibətilə təbrik edirəm. İnanıram ki, Gürcüstan və Azərbaycan arasında əsrlər boyu mövcud olan dostluq münasibətləri xalqlarımızın rifahı naminə bundan sonra da davam edəcək”.

G.Marqvelaşvili İlham Əliyevə Azərbaycan xalqının sülh və rifahı naminə dövlət fəaliyyətində uğurlar arzulayıb.

 


İran İslam Respublikasının prezidenti Həsən Ruhani Azərbaycan prezidenti İlham əliyevi dünən keçirilən prezident seçkilərində inamlı qələbəsi münasibətilə təbrik edib.

  Həsən Ruhani İlham Əliyevə təbrik məktubu ünvanlayıb:

“Zati-aliləri, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Bu seçim Azərbaycan Respublikası xalqının hökumətin proqramlarını dəstəkləməsinin, həmçinin Sizin rəhbərliyinizlə ölkənizin inkişafı və rifahı yolunun davam etdirilməsində maraqlı olduğunun göstəricisidir.

Əminəm ki, xalqlarımızın ortaq tarixi, dini və mədəni dəyərlərindən qaynaqlanan İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasındakı dostluq və qardaşlıq münasibətlərinin inkişafı prosesi hər iki ölkə rəsmilərinin birgə səyləri ilə bundan sonra da əzmlə davam etdiriləcəkdir.

Uca Allahdan Zati-alinizə möhkəm cansağlığı və müvəffəqiyyətlər, Azərbaycan Respublikasının xalqına isə rifah və başucalığı arzulayıram”.

 


Qazaxıstan prezidenti Nursultan Nazarbayev İlham Əliyevi yenidən Azərbaycan prezidenti seçilməsi münasibətilə təbrik edib.

Təbrikdə N.Nazarbayev Azərbaycan xalqının prezident İlham Əliyevin yürütdüyü siyasəti dəstəklədiyini bildirib.

O, həmçinin İlham Əliyevin dostluq və etimad əsasında Azərbaycan və Qazaxıstan arasında əlaqələrin möhkəmlənməsinə böyük töhfə verdiyini qeyd edib.

Sonda Qazaxıstanın dövlət başçısı qardaş Azərbaycan xalqına sülh və firavanlıq arzulayıb.

 

Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrik mətnində deyilir:

“Zati-aliləri.

Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edir və işlərinizdə uğurlar arzulayıram.

Azərbaycan vətəndaşları tərəfindən Sizə yenidən yüksək etimad göstərilməsi sübut edir ki, onlar Sizin ideyalarınızın gücünə və Azərbaycanın gələcək tərəqqisi barədə Zati-alinizin fikirlərinə dərindən inanırlar. Əminəm ki, xalqın etimadı onun uğur yolu ilə aparılmasını davam etdirmək üçün Sizin polad iradənizi daha da möhkəmləndirəcək.

Şadam ki, tezliklə yenidən Sizin ölkənizə gələcəyəm və həm mənim bundan əvvəlki səfərim, həm də başqa tədbirlər zamanı apardığımız məzmunlu söhbətləri davam etdirəcəyik. Çünki biz dövlətlərin beynəlxalq hüquq tərəfindən tanınmış suverenlik və ərazi bütövlüyü prinsiplərinə ciddi riayət edilməklə Serbiya ilə Azərbaycan arasında ənənəvi dostluq və strateji tərəfdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi üçün birgə səylərimizi davam etdirmək arzusunda və əzmindəyik.

Zati-aliləri, bu xoş fürsətdən istifadə edərək, bir daha Sizə ən səmimi ehtiramımı bildirirəm”.

 ****** 

Macarıstanın baş naziri Viktor Orban Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib.

  V. Orban İ. Əliyevi prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib, ona Azərbaycan xalqının rifahı naminə prezidentlik fəaliyyətində uğurlar arzulayıb.

Dövlət başçısı göstərilən diqqətə və təbrikə görə V. Orbana minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi bildirilib, əlaqələrimizin bundan sonra da genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulanıb.

****** 

Moldova prezidenti İqor Dodon prezident İlham Əliyevi Azərbaycanda keçirilmiş prezident seçkilərində inamlı qələbə qazanması münasibətilə təbrik edib.

Təbrikdə İ.Dodon seçkilərdəki qələbənin Azərbaycan xalqının İlham Əliyevə olan etimadını göstərdiyini bildirib.

***** 

Dövlət rəhbərləri Azərbaycan prezidenti İlham Əliyevə yenidən dövlət başçısı seçilməsi münasibətilə təbrik məktubu ünvanlayıblar.

Tacikistan prezidenti Emoməli Rəhmon, Özbəkistan prezidenti Şavkat Mirziyoyev, Qırğızıstan prezidenti Sooronbay Jeenbekov Azərbaycan prezidenti İlham Əliyevi seçkilərdəki qələbə münasibətilə təbrik ediblər.

Təbrik məktublarında dövlət rəhbərləri Azərbaycan prezidenti İlham Əliyevi inamlı qələbə münasibətilə təbrik edib və gələcək dövlət idarəçiliyi fəaliyyətində uğurlar arzulayıblar.

Qeyd edək ki, daha əvvəl prezident İlham Əliyevi Türkiyə, Belarus və Ukrayna prezidentləri də təbrik ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir