İlham Əliyev AXC şərəfinə ucaldılmış abidəni ziyarət etmişdir

 

1

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımızın həyatına böyük və tarixi hadisə kimi daxil olmuşdur. Müstəqil, azad, demokratik respublika qurulmasını qarşısına məqsəd qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqımızın milli mənlik şüurunu özünə qaytarmış, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirmişdir.

1918-ci il mayın 28-də Tiflisdə qəbul edilmiş “İstiqlal Bəyannaməsi”ndən – “Əqdnamə”dən də göründüyü kimi, bu möhtəşəm tarix xalqımızın müstəqillik amalını daha da gücləndirmişdir.

XX əsrin sonunda yenidən müstəqilliyinə qovuşan Azərbaycan öz suverenliyini qoruyub saxlamağı bacarmışdır. Ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər görmüş, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etmişdir. Ulu öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti sürətli inkişaf yoluna qədəm qoymuşdur.

Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti XX əsrin sonunda yenidən istiqlaliyyətinə qovuşan müstəqil Azərbaycanın şərəfli tarixində böyük mərhələnin başlanğıcını qoymuşdur. Xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı bu şərəfli tarixi – 28 Mayı Respublika Günü kimi qeyd edir.

X X X

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə paytaxtın İstiqlaliyyət küçəsində ucaldılmış abidəni Respublika Günü münasibətilə mayın 27-də ziyarət etmişdir.

Abidənin ətrafında fəxri qarovul dəstəsi düzülmüşdü.

Dövlət başçısı abidənin önünə əklil qoydu.

Azərbaycan Respublikasının dövlət himni səsləndirildi.