İlham Əliyev Biləsuvar rayonuna səfərdə olub-YENİLİNİB

BİLESUVAR

Prezident İlham Əliyev Salyana səfərini başa çatdıraraq Biləsuvar rayonuna gəlmişdir.

Dövlət başçısı əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev yeni salınan Heydər Əliyev Parkında görülmüş işlər barədə Prezident İlham Əliyevə məlumat verdi. Bildirildi ki, ümumi sahəsi 2 hektar olan parkda genişmiqyaslı yaşıllaşdırma işləri görülmüş, 4 müasir fəvvarə kompleksi tikilmiş, işıqlandırma sistemi quraşdırılmış, Bayraq Kompleksi inşa olunmuşdur.


İlham Əliyev Biləsuvar şəhərinə içməli suyun verilməsi mərasimində iştirak etmişdir

Prezident İlham Əliyev Biləsuvar şəhərinə içməli suyun verilməsi mərasimində iştirak etmişdir.

Dövlət başçısı əvvəlcə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü, əlamətdar hadisə münasibətilə onları təbrik etdi.

Rayon Mərkəzi Xəstəxanasının həkimi Xoşbəxt Ağayeva ölkənin bütün başqa rayonları kimi, Biləsuvarın da inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını çatdırdı.

Sonra Prezident İlham Əliyev Biləsuvar şəhərinin su təchizatı sisteminin, Şirvan-Muğan qrup su kəmərinin baş planları və texniki göstəricilərini əks etdirən stendlərə baxdı.

Layihə barədə məlumat verən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov bildirdi ki, Biləsuvar şəhəri içməli su ilə Araz çayından çəkilən “Cənub” kanalından təmin olunurdu. Şəhərdə sutəmizləyici qurğu olmadığından kanal suyu çökdürülərək əhaliyə verilirdi. Şəhərin 21 min sakininin təxminən 50 faizinə yerli Sukanal İdarəsi tərəfindən xidmət göstərilirdi. Əhalinin qalan hissəsi isə tələbatını fərdi qaydada ödəyirdi. Şəhər əhalisinə içməli su həftənin 5 günü cədvəl üzrə 7-8 saat ərzində verilirdi. İstismarda olan su xətləri isə yararsız vəziyyətdə idi. Kanalizasiya sistemi ümumiyyətlə olmamışdır.

Sonra dövlətimizin başçısına “Biləsuvar şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi haqqında məlumat verildi. Qeyd olundu ki, layihə 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla 26 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanmışdır. Layihəyə əsasən Biləsuvar şəhərinə içməli su yeni mənbədən – Şirvan-Muğan qrup su kəmərindən verilir. Bu məqsədlə Salyan şəhəri yaxınlığındakı anbardan 57 kilometr uzunluğunda özüaxımlı magistral su kəməri çəkilmişdir. Biləsuvar şəhərini fasiləsiz rejimdə içməli su ilə təmin etmək üçün ümumi tutumu 10 min kubmetr olan iki su anbarı tikilmişdir. Yeni layihəyə əsasən şəhərə saniyədə 158 litr su veriləcəkdir ki, bu da istehlakçıların tələbatını tam ödəyəcəkdir. Biləsuvar şəhərində 89 kilometrlik paylayıcı su şəbəkəsində işlər tam yekunlaşmış, 4430 ünvanın hamısı yeni şəbəkəyə qoşulmuşdur.

Layihəyə uyğun olaraq Biləsuvar şəhərində ilk dəfə kanalizasiya şəbəkəsi yaradılır. 88 kilometr kanalizasiya şəbəkəsinin 70 kilometrlik hissəsinin tikintisi başa çatmış, 3 kilometr uzunluğunda mikrotunel tipli kanalizasiya kollektorunun tikintisi davam etdirilir. Tullantı suları şəhərin kənarında tikiləcək çirkab sutəmizləyici qurğuya ötürüləcəkdir. İcrasına 2011-ci ilin oktyabrında başlanan və dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilən layihə 2014-cü ildə tam başa çatdırılacaqdır.

Biləsuvar şəhərini içməli su ilə təmin edən Şirvan-Muğan qrup su kəməri rayonun 24 kəndini də içməli su ilə təmin edəcəkdir.

Prezident İlham Əliyevə Şirvan-Muğan qrup su kəməri haqqında da məlumat verildi. Kəmərin təməli 2012-ci il iyulun 16-da Prezident İlham Əliyev tərəfindən qoyulmuşdur. Kür və Bakı su kəmərləri ilə nəql edilən suyun bir hissəsi Şirvan-Muğan qrup su kəməri vasitəsilə Hacıqabul, Şirvan, Salyan, Neftçala və Biləsuvar şəhərlərinin, həmçinin həmin rayonların 121 kəndinin tələbatının ödənilməsinə imkan verəcəkdir. Kəmərin istismara verilməsi ilə 470 min əhali fasiləsiz keyfiyyətli içməli su ilə təmin olunacaqdır. Artıq 2013-cü ilin aprelindən Hacıqabul, iyulundan isə Şirvan şəhərinə bu kəmər vasitəsilə su verilir.

Layihələrlə tanışlıqdan sonra Prezident İlham Əliyev Biləsuvar şəhərinə içməli suyun verilməsini bildirən düyməni basdı.

Sonda xatirə şəkli çəkdirildi.


İlham Əliyev Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının inzibati binasının açılışında iştirak etmişdir

Prezident İlham Əliyev Biləsuvara səfəri çərçivəsində Yeni Azərbaycan Partiyası rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak etmişdir.

Dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi.

Bildirildi ki, ikimərtəbəli binada 15 iş otağı vardır. Otaqlar zəruri inventar və avadanlıqla təchiz olunmuşdur. Binanın foyesində Ulu Öndər, Yeni Azərbaycan Partiyasının banisi Heydər Əliyevin büstü qoyulmuşdur. Burada Ümummilli Liderin və Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyası ilə bağlı fəaliyyətlərini əks etdirən maraqlı fotolardan ibarət stend yaradılmışdır.

Binanın 40 nəfərlik akt zalında müxtəlif tədbirlər keçirmək mümkündür.

YAP-ın Biləsuvar rayon təşkilatı 1993-cü ilin yanvarında 12 ilk ərazi təşkilatının iştirakı ilə yaradılmışdır. Hazırda isə YAP Biləsuvar rayon təşkilatının 68 ilk ərazi təşkilatı və 4 min 440 üzvü vardır. Təşkilat üzvlərinin 27 faizini qadınlar, 35 faizini gənclər təşkil edir. Onlar rayonun ictimai-siyasi, sosial-iqtisadi həyatına mühüm töhfələr verir, aparılan abadlıq-quruculuq və yenidənqurma işlərində yaxından iştirak edirlər.

Yeni bina ilə tanışlıqdan sonra Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verdi.

 


İlham Əliyev Biləsuvarda Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmişdir

Prezident İlham Əliyev Biləsuvarda Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmişdir.

Dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, Mərkəzin 28 otaqdan ibarət üçmərtəbəli binası bütün zəruri avadanlıqla təchiz edilmişdir. Girişdə Mərkəz barədə bütün məlumatların əks olunduğu elektron köşk quraşdırılmışdır. Birinci mərtəbədə ümummilli lider Heydər Əliyevin büstü qoyulmuşdur. Buradakı Heydər Əliyev Muzeyində Ulu Öndərin həyat və fəaliyyəti ilə bağlı sənədlər böyük maraq doğurur. Dahi şəxsiyyətin müxtəlif dövrlərə aid fotoları 15 guşədə yerləşdirilmişdir. Birinci mərtəbədə Ümummilli Liderin uşaqlıq, gənclik, tələbəlik illərinə, sovet dönəmi və müstəqillik illərində ölkəyə rəhbərlik etdiyi dövrlərə aid müxtəlif fotoları maraqla qarşılanır. Onların arasında Ulu Öndərin hakimiyyətdə olduğu illərdə Biləsuvara səfərlərini əks etdirən çoxlu sayda fotoşəkillər və çap materialları da sərgilənir. Birinci mərtəbədə, həmçinin psixoloji məsləhət otağı, linqafon kabineti, rəqs studiyası fəaliyyət göstərir. Burada Ümummilli Liderin həyat və fəaliyyətinə həsr edilmiş film fasiləsiz olaraq nümayiş etdiriləcəkdir. İkinci mərtəbədə rəsm studiyası, şahmat dərnəyi, internet kafe, kompyuter otağı, treninq zalı, kitabxana, 3D kinozalı vardır. Mərkəzdə, həmçinin fotostudiya, heykəltəraşlıq dərnəyi, poliqrafiya və dizayn studiyaları, virtual sinif, intellektual oyun otağı, xalçaçılıq dərnəyi fəaliyyət göstərəcəkdir.

Diqqətə çatdırıldı ki, Mərkəzin böyük akt zalında rayonun ictimai-siyasi həyatında baş verən mühüm hadisələr və əlamətdar günlərlə bağlı tədbirləri yüksək səviyyədə keçirmək üçün hərtərəfli imkan yaradılmışdır.

Prezident İlham Əliyev Mərkəzin xatirə kitabına ürək sözlərini yazdı.


İlham Əliyev Biləsuvar Rayon İcra Hakimiyyətinin yeni inzibati binasında yaradılmış şəraitlə tanış olmuşdur

Prezident İlham Əliyev Biləsuvara səfəri çərçivəsində rayon icra hakimiyyətinin yeni inzibati binasında yaradılmış şəraitlə tanış olmuşdur.

Dövlət başçısına məlumat verildi ki, rayon icra hakimiyyətinin köhnə binası 1950-ci illərdə istifadəyə verilmişdir. Əvvəllər bina müxtəlif təyinatlar üçün istifadə olunmuşdur. 1992-ci ildən isə icra hakimiyyətinin binası kimi fəaliyyət göstərməyə başlamışdır. Ötən illər ərzində binada əsaslı təmir aparılmadığından iş şəraiti əlverişsiz olmuşdur.

Diqqətə çatdırıldı ki, yeni inzibati binanın tikintisinə 2012-ci ilin iyulunda başlanmış, bu ilin iyulunda başa çatdırılmışdır. Binanın girişində ulu öndər Heydər Əliyevin büstü qoyulmuşdur. Burada Ümummilli Liderin və Prezident İlham Əliyevin Biləsuvara səfərlərini əks etdirən fotoguşə yaradılmışdır.

Prezident İlham Əliyev binada yaradılmış şəraitlə tanış oldu. Üç mərtəbədən ibarət bina bütün lazımi avadanlıqla təchiz edilmişdir. Otaqların hamısı müasir tələblər səviyyəsində qurulmuşdur. Heydər Əliyev prospektində inşa olunmuş və şəhərin gözəlliyini artıran binanın fasadı yerli tikinti materialları ilə üzlənmişdir.

Qeyd edildi ki, binanın birinci mərtəbəsində 8 iş otağı və 40 nəfərlik yeməkxana vardır. İkinci mərtəbədə müxtəlif toplantıların və “dəyirmi masa”ların keçirilməsi üçün konfrans zalı və 10 işçi otaq yaradılmışdır. Üçüncü mərtəbədə isə böyük akt zalı və 13 iş otağı vardır. Ərazidə geniş yaşıllaşdırma işləri aparılmış, müxtəlif bəzək elementləri, müasir işıqlandırma sistemi quraşdırılmışdır. İnzibati binada sakinlərlə və yerli icra nümayəndəlikləri ilə birbaşa əlaqə üçün videokonfrans zalı, operativ idarəetmə mərkəzi yaradılmışdır.

Prezident İlham Əliyev operativ idarəetmə mərkəzinə baxdı. Burada online videoqəbul da mümkün olacaqdır. Sakinlər binaya gəlmədən kənd və qəsəbə icra nümayəndəliklərinə müraciət edərək onları narahat edən problemlərlə əlaqədar rayon icra hakimiyyətinin başçısı və digər məsul şəxslərlə birbaşa videoəlaqə yarada biləcəklər. Artıq şəhər icra nümayəndəliyi və yeddi kənd icra nümayəndəliyi şəbəkəyə qoşulmuşdur. Müasir standartlara cavab verən səs, istilik, işıq sistemləri ilə təchiz edilən 150 nəfərlik konfrans zalında müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılmışdır.

Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirdi.