İlham Əliyev birinci oldu

pr

Ölkə əhalisinin əksəriyyəti Azərbaycan Prezidenti İlham Əliyevi dəstəkləyir. Bunu “Rəy” Monitorinq Mərkəzinin avqustun sonunda ölkə üzrə keçirdiyi ictimai rəy sorğusunun nəticələri sübut edir.

Cavablar göstərir ki, əgər prezident seçkiləri qarşıdan gələn bazar günü keçirilsəydi, səsvermə məntəqələrinə yollanacaq respondentlərin tam əksəriyyəti – 84,7% öz səslərini hazırki dövlət başçısı İlham Əliyevə verərdi.

“İ.Əliyev sizin kimi insanların maraqlarına cavab verirmi?” sualına respondentlərin 82%-ə yaxını “bəli, cavab verir” (tam və ya qismən), 6%-i “xeyr, cavab vermir”, 5%-i isə “əsasən cavab vermir” bildirib. Qalan respondentlər bu sualı cavablandırmaqda çətinlik çəkiblər.

Sorğu həmçinin göstərib ki, “prezident seçkiləri qarşıdan gələn bazar günü” keçirilsəydi, rəyi soruşulanların əksəriyyəti (62%) birmənalı olaraq səsverməyə qatılardılar. Daha 20% “yəqin ki, iştirak edərdim” cavab variantını seçib. Səsverməyə getməyəcəyini deyən respondentlər isə 13% təşkil edib. Qalan 5% cavab verməkdə çətinlik çəkib.

Respondentlərə müxalifət düşərgəsindəki proseslər haqda da sual verilib.

İntervyüerlər onlardan “Milli Şura”nın prezidentliyə “ehtiyat namizəd” irəli sürməsindən xəbərdar olub-olmadığını soruşublar.

Məlum olub ki, rəyi soruşulanların böyük əksəriyyəti – 90,4%-i “ehtiyat namizəd” haqda ilk dəfədir eşidirlər. Və yalnız 9,6% bu haqda məlumatlı olduqlarını bildirib (bu barədə məlumatı olanların 60%-i Bakının payına düşür).

Amma, eyni zamanda, onların yalnız 58,3%-i bu namizədin adını çəkə bilib, 41,7%-i isə etiraf edib ki, “Milli Şura”nın ehtiyyat namizədinin adını bilmirlər.

Bəs bu payız seçicilər müxalifətin potensial namizədlərindən kimə səs verməyə hazırdırlar?

Sorğu zamanı həmin namizədlərdən Cəmil Həsənli – 0,4%, Rüstəm İbrahimbəyov – 0,2%, İsa Qəmbər, Əli Kərimli, Rəsul Quliyev və Eldar Namazov isə 0,1%-dən 0,3%-dək səs toplayıblar.

Yəni müxalifətin bütün nominantları birlikdə, o cümlədən namizəd siyahısına düşməmiş prezidentliyə iddialılar da daxil olmaqla, respondentlərin 1,5% səsini alıblar.

Hesabat 2013-cü il avqustun 26-30-da keçirilmiş “omnibus” tipli ictimai rəy sorğusunun nəticələri əsasında hazırlanıb.

Yaşayış yeri üzrə üzbəüz müsahibə yolu ilə keçirilən sorğuda yaşı 18 və yuxarı olan 1535 nəfər iştirak edib. Nisbi xəta 3,0 faizdir.

Əhalinin sosial stratifikasiyası, yaş və cinsi strukturunu proporsional şəkildə əks etdirən bu sorğu, təsadüfi seçmə metodu əsasında Azərbaycanın 10 sosial-iqtisadi zonası üzrə 36 yaşayış məntəqəsini əhatə edib.