İlham Əliyev yeni tədris korpusunun açılışında iştirak edib

pr1

Azərbaycan Prezidenti İlham Əliyev avqustun 28-də Xəzər rayonunun Buzovna qəsəbəsindəki 26 nömrəli orta məktəbin əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub, yeni tədris korpusunun açılış mərasimində iştirak edib.
Bakı şəhərinin və onun qəsəbələrinin sosial inkişafına dair Dövlət Proqramında nəzərdə tutulan tədbirlər planına uyğun olaraq paytaxtın orta ümumtəhsil məktəblərinin əsaslı təmir və yenidənqurma işləri davam etdirilir. Təmir işləri ilə yanaşı, ehtiyacı olan məktəblər üçün yeni sinif otaqları, tədris korpusları, idman və akt zalları, yeməkxanalar inşa olunur və lazımi avadanlıqla təchiz edilir, təhsil müəssisələrinin ərazilərində abadlıq işləri həyata keçirilir.

Dövlətimizin başçısı 26 nömrəli orta məktəbin təmirdən əvvəlki vəziyyətini əks etdirən fotolardan ibarət stendə baxıb.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağı Prezident İlham Əliyevə məlumat verərək bildirdi ki, 1969-cu ildə inşa olunan məktəbdə Dövlət Proqramına uyğun olaraq əsaslı təmir və yenidənqurma işləri ötən il başa çatdırılıb. Sinif otaqları, idman və iclas zalları tam təmir olunmuş, bütün elektrik və kommunikasiya xətləri dəyişdirilib.

Dövlətimizin başçısı sinif otaqlarına, idman və iclas zallarına baxdı, buradakı şəraitlə maraqlanıb.

Sonra Prezident İlham Əliyev məktəbin yeni inşa edilmiş korpusunda yaradılan şəraitlə yaxından tanış olub. Bildirildi ki, məktəbdə şagird sıxlığı nəzərə alınaraq yeni tədris korpusu ən müasir standartlara uyğun şəkildə inşa olunub. Qırx sinif otağından ibarət yeni korpusda tikinti işləri qısa vaxt ərzində yüksək keyfiyyətlə həyata keçirilib. Sinif otaqlarında şagirdlərin yüksək səviyyəli təhsil almaları üçün lazımi şərait yaradılıb. Yeni korpusda internet şəbəkəsinə qoşulmuş iki müasir kompyuter sinfi də fəaliyyət göstərir.

Diqqətə çatdırılıb ki, 2340 şagird yerlik məktəbdə dərslər əsasən bir növbəli olacaq. Məktəbin yeni inşa olunmuş tədris korpusunda da müasir kommunikasiya sistemi quraşdırılıb, dayanıqlı elektrik enerjisi ilə təmin olunub.