İlham Əliyev yenidən qurulan daha iki məktəbdə olub

71

 

Prezident Sabunçudakı 252 və 80 nömrəli orta məktəblərin əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub

Prezident İlham Əliyev Bakının Sabunçu rayonundakı 252 və 80 nömrəli orta məktəblərin əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub.

Dövlət başçısı əvvəlcə Sabunçu rayonundakı 252 nömrəli məktəbin əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov məktəbdə aparılan yenidənqurma işləri və yaradılan şərait barədə dövlətimizin başçısına məlumat verib. Bildirildi ki, bu məktəbin binası 1972-ci ildə inşa olunub. Məktəbdə əvvəllər 1100 şagird təhsil alırdı. Dövlət Proqramına uyğun 40 sinif otağından ibarət 800 şagird yerlik əlavə korpus inşa olunub. 1900 şagird yerlik məktəbdə hazırda 1176 şagird təhsil alır. Məktəbin bütün sinif otaqlarında, ayrı-ayrı fənn kabinetlərində əsaslı təmir və yenidənqurma işləri həyata keçirilib. Açıq və qapalı idman meydançaları yenidən qurulmuş, müasir istilik sistemi quraşdırılıb.

Prezident İlham Əliyev sonra Sabunçu rayonundakı 80 nömrəli orta məktəbə gəlib.
Burada da görülən işlərlə bağlı dövlət başçısına məlumat verilib. Bildirilib ki, bu orta məktəbin binası 1969-cu ildə xalqımızın ümummilli lideri Heydər Əliyevin birbaşa təşəbbüsü ilə inşa olunub. Ulu Öndər 1975-ci ildə məktəbdə olub, müəllim və şagirdlərlə görüşüb. 860 yerlik məktəbdə 1110 şagird təhsil alır. Gələn il üçün 30 sinif otağından ibarət 600 şagird yerlik yeni korpusun inşa olunacağı gözlənilir. 80 nömrəli məktəbdə də bütün sinif otaqları, fənn kabinetləri, iclas və idman zalları əsaslı şəkildə yenidən qurulmuş və lazımi avadanlıqla təchiz edilib. Burada da ən müasir istilik sistemi qurulub.

Yaradılan şəraitlə yaxından tanış olan dövlət başçısı görüləcək işlərlə bağlı müvafiq tapşırıqlarını verib.