İlham Əliyevin Naxçıvana səfəri

2

 

İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfərə gəlmişdir

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfərə gəlmişdir.

Naxçıvan Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və digər rəsmi şəxslər qarşıladılar.

Dövlət başçısı fəxri qarovul dəstəsinin önündən keçdi.

Azərbaycan Prezidenti Naxçıvan Muxtar Respublikasının rəhbər şəxsləri ilə görüşdü.

 


İlham Əliyev “N” saylı hərbi hissədə Naxçıvan Muxtar Respublikasının hərbi hissələrinə daxil olan yeni texnika və silahlara baxmışdır

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev “N” saylı hərbi hissədə Naxçıvan Muxtar Respublikasının hərbi hissələrinə daxil olan yeni texnika və silahlara baxmışdır.

Güclü Azərbaycan Ordusunun yaranması, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təşəkkül tapması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Görkəmli dövlət xadiminin həyata keçirdiyi taleyüklü işlərin nəticəsidir ki, 1993-2003-cü illərdə nizami və qüdrətli Azərbaycan Ordusunun təməli qoyulmuş, əsgər və zabitlərimizin hərbin sirlərinə daha da dərindən yiyələnmələri üçün mühüm şərait yaradılmışdır. 2003-2013-cü illərdə isə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu özünün ən yüksək inkişaf mərhələsini yaşamışdır. Bu inkişaf Naxçıvan Muxtar Respublikasında da özünü büruzə verir. Blokada şəraitində olan və düşmənlə üz-üzə dayanan Naxçıvandakı Silahlı Qüvvələr istər döyüş qabiliyyəti, istərsə də maddi-texniki təchizatı baxımından ən müasir hərbi standartlara cavab verir.

Azərbaycan Respublikası müdafiə nazirinin müavini, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-leytenant Kərəm Mustafayev Ali Baş Komandan İlham Əliyevə raport verdi.

Azərbaycan Prezidentinə yeni silahlar və hərbi texnika barədə məlumat verildi. Bildirildi ki, Naxçıvanda peşəkar ordunun yaradılması Azərbaycanda ordu quruculuğuna dair bütün mühüm tədbirlərin ardıcıl surətdə, həm də dünya təcrübəsi nəzərə alınmaqla həyata keçirilməsi ilə bağlıdır. Bu tədbirlər Azərbaycanın hərbi qüdrətinin artmasını başlıca məqsəd kimi qarşıya qoyan dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin ölkənin müdafiəsinə göstərdiyi diqqət və qayğı ilə bağlıdır. Dövlət başçısı kimi fəaliyyətinin ilk dövrlərindən Prezident İlham Əliyev Azərbaycanın hərbi büdcəsinin Ermənistanın ümumi dövlət büdcəsini üstələməsini bir vəzifə kimi qarşıya qoymuşdu. Tezliklə bu strateji hədəfə nail olunmuşdur. Ötən ilin dövlət büdcəsində hərbi sahəyə ayrılan xərclər 3 milyard 730 milyon dollara çatdırılmışdır. Həmin il Ermənistanın dövlət büdcəsinin gəlir hissəsi isə cəmi 2,5 milyard dollar təşkil etmişdir. Azərbaycan ordusunun maddi-texniki bazasının gücləndirilməsi, hərbçilərimizin peşəkarlığının və döyüş ruhunun artırılması bir daha sübut edir ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan Ordusu torpaqlarımızı düşmən tapdağından azad etməyə istənilən an hazırdır. Bütün sahələrdə regionun lider dövləti olan Azərbaycan hərbi sahədə də liderlik zirvəsindədir. Bu isə o deməkdir ki, Azərbaycan Silahlı Qüvvələri qarşısında duran bütün vəzifələri həll etməyə qadirdir.
Dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevə Naxçıvanda təqdim olunan yeni, ən müasir standartlara uyğun hərbi texnika və silah-sursat bu danılmaz həqiqətin növbəti əyani nümunəsidir.

 


İlham Əliyev Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun yeni inzibati binasının açılışında iştirak etmişdir

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun yeni inzibati binasının açılışında iştirak etmişdir.

Bu gün ölkəmizdə bütün sahələrdə aparılan islahatlar ordu quruculuğu və hüquq mühafizə orqanları ilə iş sahəsində də mühüm tədbirlərin görülməsinə geniş imkanlar açmışdır. Cənubi Qafqazın ən güclü ordusuna malik ölkəmizdə Silahlı Qüvvələrlə bağlı qanunvericilik bazasının möhkəmləndirilməsi, bu sahədə mövcud qanunların icra və tətbiq olunmasına nəzarət edilməsi də xüsusi əhəmiyyət kəsb edir. Bununla yanaşı, ölkədə prokurorluq orqanlarında, o cümlədən hərbi prokurorluq sahəsində çalışanların sosial problemlərinin həlli diqqət mərkəzində saxlanılır, onların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlər görülür. Bundan əlavə, hərbi prokurorluq orqanlarına daxil olan inzibati binalarda əsaslı yenidənqurma işlərinin aparılmasına, yeni binaların inşasına xüsusi diqqət göstərilir. Bu sırada təbii ki, Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğunun yeni inzibati binasında yaradılan şərait də mühüm əhəmiyyətə malikdir. Binada yaradılan imkanlar bir daha təsdiqləyir ki, ölkəmizdə ordu quruculuğunun, insan hüquq və azadlıqlarının qorunmasında mühüm rola malik olan hərbi prokurorluq orqanlarının fəaliyyətinin günün tələbləri nəzərə alınmaqla qurulması bu sahədə ciddi keyfiyyət dəyişikliklərinin yaranmasına səbəb olmuşdur.

Dövlət başçısı yeni inzibati binanın rəmzi açılışını bildirən lenti kəsdi.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov məlumat verdi ki, altı mərtəbədən ibarət olan və xüsusi memarlıq quruluşuna malik binada hərbi prokurorluq əməkdaşlarının fəaliyyəti üçün hər cür şərait yaradılmışdır.

Prezident İlham Əliyevin qayğısı sayəsində bütün hüquq mühafizə, ədliyyə, məhkəmə və xüsusi xidmət, o cümlədən hərbi prokurorluq orqanları inkişafının məzmunca və keyfiyyətcə yeni mərhələsinə qədəm qoymuş, hərtərəfli dövlət qayğısı ilə əhatə olunan həmin təsisatların işinin müasirləşdirilməsi istiqamətində çox mühüm addımlar atılır.

Hazırda dövlətimizin başçısının dəstəyi ilə yeni müstəvidə davam etdirilən müasir məzmunlu islahatların nəticəsində hərbi prokurorluq sahəsində yeni tələblərə uyğun təkmilləşdirilmiş mütərəqqi normativ-hüquqi baza formalaşdırılmışdır.

Bu baxımdan Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğunda da hərtərəfli iş aparılmışdır. Yeni iş prinsipləri və metodları əsasında fəaliyyət göstərən sivil dövlət təsisatının inkişaf etdirilməsinin nəticəsidir ki, kadr tərkibi davamlı olaraq yeniləşdirilmiş, işin səmərəliliyinin artırılması və mövcud çatışmazlıqların təxirə salınmadan aradan qaldırılması baxımından da mühüm işlər görülmüşdür. Bundan əlavə, digər hüquq mühafizə orqanları ilə qarşılıqlı əlaqəli fəaliyyətin təkmilləşdirilməsi, müasir elmi-texniki nailiyyətlərdən geniş istifadə olunmaqla mərkəzləşdirilmiş informasiya-kommunikasiya sisteminin yaradılması, bütün istiqamətlər üzrə işin səmərəliliyinin və əməkdaşların peşəkarlığının artırılması, yeni nəsil hərbi prokurorluq işçilərinin yetişdirilməsi, onların sosial müdafiəsinin gücləndirilməsi və maddi-texniki təminatın yaxşılaşdırılması üçün konkret tədbirlər davam etdirilir.

 


İlham Əliyev Naxçıvan-Şahbuz-Batabat magistral avtomobil yolunun açılışında iştirak etmişdir

Prezident İlham Əliyev Naxçıvan-Şahbuz-Batabat magistral avtomobil yolunun açılışında iştirak etmişdir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf nəticəsində paytaxt Bakı ilə yanaşı, respublikanın bütün regionlarında mühüm yol-nəqliyyat layihələri icra olunur, yeni yollar salınır, mövcud magistrallar ən müasir səviyyədə yenidən qurulur, çoxfunksiyalı yol qovşaqları inşa edilir. Təqdirəlayiq haldır ki, bu layihələr indi hər bir rayonu, kəndi və qəsəbəni əhatə edir. Naxçıvan-Şahbuz-Batabat avtomobil yolunun yenidən qurulması belə layihələrin Naxçıvan Muxtar Respublikasında da geniş vüsət aldığını nümayiş etdirir. Son illərdə Naxçıvanda yol-nəqliyyat infrastrukturunun müasirləşdirilməsi istiqamətində həyata keçirilən mühüm layihələr sırasında öz yeri olan Naxçıvan-Şahbuz-Batabat avtomobil yolu ilk növbədə, əhalinin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdəndir. Yüksək səviyyədə inşa edilən bu yol nəqliyyatın rahat və maneəsiz hərəkətinə tam zəmin yaradır.

Dövlətimizin başçısı əvvəlcə yolun texniki-iqtisadi göstəricilərini əks etdirən stendlərə baxdı.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Prezident İlham Əliyevə məlumat verdi ki, ümumi uzunluğu 88,8 kilometr olan yolda tikinti işləri keyfiyyətlə aparılmış, iki il müddətində başa çatdırılmışdır. Müasir tələblər səviyyəsində qurulan yolda nəqliyyatın təhlükəsiz hərəkəti təmin edilmişdir. Yeni yol təkcə Naxçıvan şəhəri və Şahbuz rayonu üçün deyil, ümumilikdə muxtar respublika üçün mühüm iqtisadi əhəmiyyətə malikdir.

Bildirildi ki, tikinti işləri zamanı yol yatağı genişləndirilmiş, hərəkət hissəsinin eni bəzi yerlərdə 17 metrə çatdırılmışdır. Muxtar respublikada reallaşdırılan mühüm infrastruktur layihələrindən biri olan Naxçıvan-Şahbuz-Batabat avtomobil yolunun üzərində körpülər, beton-selötürücü və su keçidləri də inşa edilmişdir. Tikinti işləri aparılarkən nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti üçün siqnal dirəkləri və yol-hərəkət nişanları quraşdırılmışdır.

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının nəqliyyat yollarının xəritəsinə də baxdı.

Bildirildi ki, bu gün Naxçıvan Muxtar Respublikasında yol-nəqliyyat infrastrukturunun inkişafı da diqqət mərkəzində saxlanılır, nəqliyyat kompleksinin yenilənməsinə xüsusi önəm verilir. Eyni zamanda, kənddaxili və kəndlərarası yolların da abadlaşdırılması istiqamətində davamlı işlər görülür. Ümumilikdə, 2013-cü ildə muxtar respublikada 164 kilometr uzunluğunda yol salınmış və ya əsaslı təmir olunaraq istismara verilmiş, 21 körpü tikilmiş, 12 körpü isə təmir olunmuşdur. Prezident İlham Əliyevin 2013-cü il 5 mart tarixli Sərəncamı ilə Babək rayonunun 13 yaşayış məntəqəsini əhatə edən 25,6 kilometr uzunluğunda Hacıvar-Vayxır-Sirab yolunun tikintisinə 6,3 milyon manat vəsait ayrılmışdır. Həmin vəsait hesabına yolun tikintisi başa çatdırılmışdır.

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi, yeni yolda avtomobili idarə etdi.

 

 


 

İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Kəngərli Rayon Mərkəzi Xəstəxanasının yenidənqurmadan sonra açılışında iştirak etmişdir

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Kəngərli Rayon Mərkəzi Xəstəxanasının yenidənqurmadan sonra açılışında iştirak etmişdir.

Azərbaycanda səhiyyə sektorunun inkişafı ilə bağlı islahatlar dövlətin həyata keçirdiyi sosial siyasətin başlıca istiqamətlərindən birini təşkil edir. Son illər Prezident İlham Əliyevin səhiyyənin inkişafı ilə bağlı həyata keçirdiyi məqsədyönlü siyasət bu sahənin keyfiyyət və kəmiyyət göstəriciləri ilə zənginləşməsinə səbəb olmuşdur. Səhiyyə ilə bağlı mühüm Dövlət proqramlarının hazırlanaraq həyata keçirilməsi, əhalinin sağlamlığının daha etibarlı şəkildə qorunması, onların ən yüksək səviyyədə tibbi xidmətlərlə əhatə olunması bu istiqamətdə aparılan siyasətin əsas prioritetləridir. Səhiyyə müəssisələrinin təmiri və bərpası, ən müasir avadanlıqla, həmçinin vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təchiz olunması, müalicəsi, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsi, uşaqların bütün növ tibbi xidmətlərlə ən yüksək səviyyədə əhatə olunması səhiyyə sahəsində islahatların əsasını təşkil edir. Bu məqsədlə ölkənin hər yerində əhalinin tibbi xidmətlərlə keyfiyyətli şəkildə təmin olunması üçün bütün növ müayinə və müalicəni, əməliyyatları həyata keçirməyə imkan verən yeni müəssisələr yaradılmışdır.

Ölkəmizin digər bölgələrində olduğu kimi, Naxçıvanda da səhiyyə sistemi özünün ən uğurlu inkişaf dövrünü yaşayır. Muxtar respublikadakı səhiyyə ocaqları ən son tələblərə cavab verən avadanlıqla təchiz edilir. Burada son illərdə müasir tələblər səviyyəsində yaradılan tibb ocaqlarından biri də Kəngərli Rayon Mərkəzi Xəstəxanasıdır. Bu səhiyyə ocağının yenidənqurmadan sonra istifadəyə verilməsi rayon sakinlərinin keyfiyyətli səhiyyə xidmətindən rahat istifadəsinə daha çox kömək edəcəkdir.

Dövlətimizin başçısı səhiyyə ocağının rəmzi açılışını bildirən lenti kəsdi.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dövlətimizin başçısına aparılan yenidənqurma işləri barədə ətraflı məlumat verdi.

Bildirildi ki, bu tibb ocağı Qıvraq kənd sahə xəstəxanasının bazasında yaradılmışdır. Qıvraq qəsəbəsində uyğunlaşdırılan binada yerləşən xəstəxana üçün 2006-cı ildə yeni bina tikilərək istifadəyə verilmişdir.

Bu gün Naxçıvan Muxtar Respublikasında əhalinin sağlamlığının qorunması və tibbi xidmətin səviyyəsinin yüksəldilməsi dövlət qarşısında duran ən mühüm vəzifələrdəndir. Aparılan genişmiqyaslı islahatlar çərçivəsində yeni səhiyyə ocaqları tikilir, köhnələri əsaslı təmir olunur, yaxud yenidən qurulur və ən müasir tibbi avadanlıqla təchiz edilir. 2000-2005-ci illərdə muxtar respublikada Özəl Tibb Mərkəzi, Gigiyena və Epidemiologiya Mərkəzi, Duzdağ Fizioterapiya Mərkəzi, Əlillərin Bərpa Mərkəzi, “İmplant-dent” Stomatoloji Dispanseri, Mərkəzi Uşaq Xəstəxanası, Darıdağ arsenli su müalicəxanası da daxil olmaqla ümumilikdə 48 səhiyyə obyekti tikilmiş, 35 tibb ocağında əsaslı təmir-bərpa işləri aparılmış və müasir tibbi avadanlıqla təmin edilərək istifadəyə verilmişdir. 2005-2010-cu illərdə isə Naxçıvan Müalicə-Diaqnostika Mərkəzi, Kəngərli Rayon Mərkəzi Xəstəxanası, Şərur rayonunda ən müasir avadanlıqla təchiz olunan xəstəxana şəhərciyi, Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanseri, Uşaq Bərpa Mərkəzi, Körpələr evi, Naxçıvan Şəhər Təcili Tibbi Yardım Mərkəzi, Doğum Mərkəzi, Onkoloji Mərkəz, kəndlərdə həkim ambulatoriyaları və feldşer-mama məntəqələri tikilərək və ya yenidən qurularaq istifadəyə verilmişdir.

Yeni bina ilə tanışlıq zamanı Prezident İlham Əliyevə məlumat verildi ki, Kəngərli rayonunda 30 mindən çox əhaliyə xidmət edəcək xəstəxananın binasında ən müasir səviyyədə əsaslı yenidənqurma işləri aparılmışdır. Bu tibb müəssisəsi möhtəşəmliyi ilə yanaşı, xidmətin müxtəlifliyi ilə fərqlənir. Kompleksə stasionar və poliklinika şöbələri, üç bölmə daxildir. Burada müxtəlif xəstəliklərin müayinəsi və müalicəsi mümkün olacaqdır. Cərrahiyyə, terapiya, pediatriya, ginekologiya, yoluxucu xəstəliklər, anesteziologiya, reanimatologiya, şüa-diaqnostika, fizioterapiya, qəbul şöbələri, konsultativ poliklinika, doğuş bölməsi, laboratoriya, təcili tibbi yardım stansiyası tibbin ən son nailiyyətləri olan avadanlıq və cihazlarla təmin edilmişdir.

Diqqətə çatdırıldı ki, xəstəxananın bütün infrastrukturu tamamilə yenilənmişdir. Xəstəxanada 95 nəfərdən ibarət tibb heyəti çalışacaqdır. Bu yeniliklər özlüyündə Kəngərli Rayon Mərkəzi Xəstəxanasının nə qədər geniş funksiyanı yerinə yetirəcəyini göstərən amildir. Bütün bunlar sübut edir ki, son illərdə respublikamızın səhiyyə sahəsində yaşanan böyük inqilabi dəyişiklik bu sektorun dünyanın ən müasir tibbi texnika və avadanlığı ilə təmin olunmasıdır. Müasir Azərbaycanı modern texnologiyaların tətbiq olunduğu məkana çevirmək məqsədini qarşıya qoyan Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizdə yenidən qurulan səhiyyə müəssisələri regionda ilk dəfə açıq ürək əməliyyatı və qara ciyərin köçürülməsi kimi mühüm nailiyyətlərə imza atmışdır. Ötən illər ərzində regionlarda yüzlərlə tibb ocağının, müalicə-diaqnostika mərkəzlərinin inşası səhiyyə sisteminin inkişafından xəbər verir. Yeni tikilən tibb ocaqları, ölkəmizə gətirilən müasir tibbi avadanlıq, ilk növbədə bir məqsədə – Azərbaycan əhalisinin sağlamlığı kimi mühüm missiyanın yerinə yetirilməsinə xidmət edir.

Xəstəxanada yaradılmış şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev xidmətin yüksək səviyyədə təşkili ilə bağlı tapşırıq və tövsiyələrini verdi.

 


İlham Əliyev “Arpaçay-1” və “Arpaçay-2” Su Elektrik stansiyalarının işə salınması mərasimində iştirak etmişdir

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində “Arpaçay-1” və “Arpaçay-2” Su Elektrik stansiyalarının işə salınması mərasimində iştirak etmişdir.

Son illərdə ölkəmizin elektroenergetika sektoru üzrə enerji təchizatının dayanıqlılığı, səmərəliliyi və təhlükəsizliyi prinsiplərini nəzərə alan mühüm Dövlət proqramları qəbul olunmuşdur. Proqramlara əsasən Naxçıvan Muxtar Respublikasında da olduqca əhəmiyyətli işlər görülmüşdür. 20,5 meqavat gücündə “Arpaçay-1” və 1,4 meqavat gücündə “Arpaçay-2” Su Elektrik stansiyalarının işə salınması bu qəbildən olan tədbirlərin ardıcıl xarakter aldığını nümayiş etdirir.

Naxçıvanda həyata keçirilən bu layihələr muxtar respublikanın elektrik enerjisi ilə təminatında mühüm rol oynayaraq, ümumilikdə, ölkəmizin enerji təhlükəsizliyinə töhfə verir. Belə stansiyaların fəaliyyətə başlaması Naxçıvanın iqtisadi inkişafının təmin edilməsində də müstəsna rol oynayır. Bundan başqa, bu cür layihələr sosial məsələlərin həlli üçün nəzərdə tutulan işlərin uğurla, həm də qısa müddətdə reallaşmasına yardım edir. Bütün bunlar Prezident İlham Əliyevin belə vacib və strateji əhəmiyyət kəsb edən layihələrin icrasına daim diqqətlə yanaşdığını bir daha təsdiqləyir. Təsadüfi deyildir ki, dövlətimizin başçısının diqqət və qayğısı sayəsində hələ 2006-cı ildə Naxçıvanın enerji təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət kəsb edən və ümumi gücü 87 meqavat olan Naxçıvan Modul Elektrik Stansiyası işə salınmışdır. Turbinlərin qazla işləmə rejiminə keçirilməsi nəticəsində Naxçıvan Qaz-Turbin Elektrik Stansiyasının gücü artaraq 60 meqavat olmuşdur. Sonradan müxtəlif dövrlərdə bu istiqamətdə həyata keçirilən tədbirlər nəticəsində Heydər Əliyev su anbarı üzərində 4,5 meqavat gücündə Ordubadda Biləv Su Elektrik Stansiyası fəaliyyətə başlamış, Şərur rayonunda “Arpaçay” Su Elektrik Stansiyasının işə salınması istiqamətində mühüm işlər görülmüşdür.

Əvvəlcə “Arpaçay-2” Su Elektrik Stansiyasının fəaliyyəti ilə tanış olan Prezident İlham Əliyevə məlumat verildi ki, 1,4 meqavat gücündə olan stansiyanın anbarının ümumi su tutumu 3 milyon kubmetrdir. Əsasən paylayıcı funksiyanı yerinə yetirən stansiyada son vaxtlar görülən işlər əhalinin elektrik enerjisi ilə fasiləsiz təmin olunmasına və daha geniş ərazidə əkin sahələrinin suvarılmasına əlverişli imkanlar yaradır.

Dövlət başçısı “Arpaçay-2” Su Elektrik Stansiyasını işə saldı.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Prezident İlham Əliyevə məlumat verdi ki, aparılan yenidənqurma işləri zamanı müasir texnika və avadanlığın quraşdırılması diqqət mərkəzində saxlanılmışdır. Bu işlər Prezident İlham Əliyevin 2014-cü il martın 14-də “Naxçıvan Muxtar Respublikasında “Arpaçay-2” Su Elektrik Stansiyasının tikintisinin maliyyələşdirilməsi haqqında” imzaladığı Sərəncam əsasında aparılmışdır. Sərəncama əsasən, “Arpaçay-2” Su Elektrik Stansiyasının tikintisini başa çatdırmaq məqsədilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 4 milyon manat ayrılmışdır.

Sonra Prezident İlham Əliyev “Arpaçay-1” Su Elektrik Stansiyasının işə salınması mərasimində iştirak etdi.

Dövlət başçısına məlumat verildi ki, gücü 20,5 meqavat olan Su Elektrik Stansiyası suqəbuledici qurğu, stansiya binası, tunel və transformator yarımstansiyasından ibarətdir. Suqəbuledici saniyədə 37 kubmetr su buraxmaq gücünə malikdir.

Tuneldən suyu turbinlərə ötürmək üçün yüksək təzyiqli boru xətti çəkilmiş, havaboşaldıcı inşa edilmişdir. Buradakı anbarın su tutumu 150 milyon kubmetrdir. Anbardan götürülən su ilə 17 min 370 hektar əkin sahəsi suvarılacaqdır.

Stansiya binasında müasir iş otaqları və idarəetmə mərkəzi yaradılmışdır. Burada stansiyanı idarəetmə və nəzarət-mühafizə sistemləri quraşdırılmışdır. Bu da stansiyanın iş rejimini daimi nəzarətdə saxlamağa imkan verir. Stansiya binasında 8 meqavat gücündə iki, 4,5 meqavat gücündə bir turbin quraşdırılmışdır. Bu energetika qurğusunda bütün emal prosesi avtomatlaşdırılmışdır. İstehsal olunmuş elektrik enerjisini şəbəkəyə ötürmək üçün ərazidə transformator yarımstansiyası qurulmuş, 11 kilometr uzunluğunda 110 kilovoltluq elektrik xətləri çəkilmişdir.

Prezident İlham Əliyev “Arpaçay-1” Su Elektrik Stansiyasını işə saldı.

Azərbaycan Prezidentinə məlumat verildi ki, iqtisadi səmərəlilik və enerji potensialının gücləndirilməsi baxımından böyük əhəmiyyətə malik olan stansiyanın işə salınması ilə muxtar respublikanın elektrik enerjisinə olan tələbatının böyük hissəsi su elektrik stansiyaları hesabına ödəniləcəkdir. Bu prosesə hazırda Şərur rayonu ilə yanaşı, Ordubadda 36 meqavat gücündə inşa olunan yeni elektrik stansiyasının tikintisi də əsaslı töhfə verəcəkdir. Sovet hakimiyyəti illərində cəmi bir elektrik stansiyası olan muxtar respublikada hazırda 7 elektrik stansiyası fəaliyyət göstərir. Nəticədə blokada şəraitində yaşamasına baxmayaraq, Naxçıvan Muxtar Respublikasının elektrik enerjisinə olan tələbatı daxili imkanlar hesabına tam ödənilir. Bundan başqa, muxtar respublikanın elektrik enerjisi ixrac etmək imkanları da ilbəil genişlənir.

Sonra dövlətimizin başçısı Naxçıvan Muxtar Respublikası ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Görüşdə çıxış edən Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:

  • Bu gün Naxçıvanda əlamətdar bir gündür. Biz “Arpaçay-1 və 2” su elektrik stansiyalarının açılışını qeyd edirik. Bu gözəl hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm. Bu hadisə bir daha onu göstərir ki, bu gün Naxçıvan inamla, uğurla inkişaf edir. Naxçıvanda böyük infrastruktur layihələri icra edilir. Respublika çox dinamik inkişaf dövrünü yaşayır.

Bu gün səhər mən Naxçıvanda müxtəlif obyektlərin açılışında iştirak etmişəm. Bütün bu açılışlar ölkəmizin gücünü göstərir və Naxçıvanda görülən işlər ən yüksək səviyyədədir. Bu münasibətlə bütün Naxçıvan sakinlərini, Naxçıvan Muxtar Respublikasının rəhbərliyini ürəkdən təbrik edirəm.

Naxçıvan şəhəri gözəlləşir, abadlaşır, sosial proqramlar icra edilir, sosial infrastruktur layihələri uğurla həyata keçirilir.

Əlbəttə ki, Naxçıvanın enerji təminatı məsələləri ön plandadır. Biz hamımız yaxşı xatırlayırıq ki, vaxtilə Naxçıvanı elektrik enerjisi ilə təmin etmək üçün çox böyük problemlər mövcud idi. Ulu Öndərin rəhbərliyi ilə Naxçıvanın enerji təhlükəsizliyi məsələlərinin həllinə start verildi və bu gün biz bu siyasəti uğurla davam etdiririk. Son illərdə Naxçıvanda 5 elektrik stansiyası tikilmişdir. Demək olar ki, Naxçıvanda enerji təhlükəsizliyi məsələləri tam şəkildə öz həllini tapmışdır. Son illərdə biz “Vayxır”, “Biləv” su elektrik stansiyalarının açılışlarını qeyd etmişik və bu gün Naxçıvanın enerji ilə təminatı su elektrik stansiyalarının xətti ilə icra edilir. Bu da Naxçıvanı dünya miqyasında çox nadir bir respublika kimi təqdim edir.

Çünki dünyada çox nadir hallarda daxili tələbat bərpa olunan enerji növləri hesabına təmin edilir. Bu gün Naxçıvanın reallıqları belədir ki, su elektrik stansiyalarının fəaliyyəti sayəsində Naxçıvanın tam enerji təminatı həll edilib. Bu gün Naxçıvanın enerji potensialı 220 meqavata yaxındır və bu da imkan verir ki, eyni zamanda, Naxçıvanın ixrac potensialı da artsın.

Bu gün Azərbaycan reallıqları bundan ibarətdir. Vaxtilə başqa ölkələrdən elektrik enerjisini almaq üçün səylər göstərmiş Azərbaycan, bu gün Naxçıvandan Türkiyəyə elektrik enerjisi ixrac edir. Bu ixrac getdikcə artır, daha da artacaqdır. Çünki gələcəkdə Naxçıvanın enerji potensialının artırılması üçün əlavə tədbirlərin görülməsi də nəzərdə tutulur. Buna ehtiyac var, çünki əhali artır. Naxçıvan əhalisi artıq 430 mindən yuxarıdır. Naxçıvanın sənaye istehsalı artır, yeni müəssisələr işə salınır, sosial məsələlər öz həllini tapır. Beləliklə, biz gələcəkdə Naxçıvanın dinamik inkişafını təmin etmək üçün yeni enerji güclərini yaratmalıyıq.

Bu gün Naxçıvan Muxtar Respublikası demək olar ki, tam qazlaşdırılıbdır, qazlaşdırılma 100 faizə yaxındır. Elektrik enerjisi ilə təminat yüksək səviyyədə təşkil edilibdir. Yəni, muxtar respublikanın enerji təhlükəsizliyi məsələləri tamamilə öz həllini tapıbdır. Bu gün dünyada enerji təhlükəsizliyi məsələləri, ümumiyyətlə, ön plana çıxır. Biz görürük ki, enerji təhlükəsizliyi məsələləri ölkələrin ümumi təhlükəsizlik məsələləri ilə sıx uzlaşır. Yəni, özünü enerji təhlükəsizliyi baxımından rahat hiss etməyən ölkələr böyük problemlərlə üzləşirlər. Orada asılılıq yaranır. Azərbaycan öz enerji siyasətini Ulu Öndərin siyasəti sayəsində elə qurub ki, bu gün Azərbaycan tam enerji təhlükəsizliyini təmin edib, başqa ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində də öz rolunu oynayır və bu rol getdikcə artacaqdır.

Əlbəttə, Naxçıvanın enerji potensialının yaradılması və inkişafı həmişə gündəlikdə duran məsələ olubdur. Bu məsələ artıq həll edilib və deyə bilərəm ki, bu, tarixi hadisədir. “Arpaçay” su elektrik stansiyalarının tikintisi də bu gün dövlətimizin gücünü göstərir. Çünki bu layihə texniki cəhətdən çox çətin bir layihədir. Bu layihəni Azərbaycan mütəxəssisləri, fəhlələri icra ediblər. Bu dağlar arasında tunel tikilibdir, qurğular yaradılıbdır. Layihənin icrası dövründə yeni bir təşəbbüs Naxçıvan Muxtar Respublikası rəhbərliyi tərəfindən irəli sürülmüşdür və “Arpaçay-2” stansiyasının tikintisi də artıq reallaşıbdır. Yəni, budur bugünkü müasir yanaşma və budur Naxçıvanın inamlı inkişafı.

Qeyd etdiyim kimi, burada sosial, iqtisadi məsələlər uğurla həll edilir, Naxçıvanın hərbi gücü lazımi səviyyədədir. Bu gün Naxçıvana gətirilmiş yeni texnikanın nümunələri ilə tanış olmuşam. Respublikanın inkişafı üçün bütün işlər görülür, işsizlik demək olar ki, aradan götürülübdür, yeni iş yerləri açılır. Yəni, dinamik inkişaf təmin edilir.

Hər bir ölkənin, respublikanın, o cümlədən Naxçıvan Muxtar Respublikasının inamlı inkişafı üçün elektrik enerjisi birinci şərtdir. Siz energetiklər bunu yaxşı bilirsiniz. Enerji hər bir inkişafın təməlində dayanan ən vacib amildir və bu gün Azərbaycan və onun ayrılmaz hissəsi olan Naxçıvan bu məsələni tam şəkildə həll edibdir. Bu, böyük hadisədir, tarixi nailiyyətdir. Bu hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm, sizə yeni uğurlar, cansağlığı arzulayıram.

Sağ olun.

X X X

Sonda xatirə şəkli çəkdirildi.

Daha sonra Prezident İlham Əliyev tutumu 150 milyon kubmetr olan su anbarına baxdı.


 

İlham Əliyev Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə iştirak etmişdir

Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə iştirak etmişdir.

Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayının salonuna toplaşanlar – muxtar respublikanın hökumət nümayəndələri, elm, mədəniyyət və incəsənət xadimləri, ölkəmizdəki diplomatik korpusun, Naxçıvan ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi hərarətlə qarşıladılar.

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə geniş nitq söylədi.

Prezident İlham Əliyevin nitqi

  • Əziz naxçıvanlılar.

Hörmətli qonaqlar.

Hörmətli səfirlər, əziz dostlar.

Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür. Bu gün biz Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyini qeyd edirik. Bu gözəl hadisə münasibətilə Naxçıvan Muxtar Respublikasının bütün sakinlərini və eyni zamanda, bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Naxçıvan qədim Azərbaycan torpağıdır. Naxçıvanda tarixi abidələr, dini abidələr, memarlıq abidələri, bütün toponimlər Azərbaycan xalqına məxsusdur. Əsrlər boyu Azərbaycan xalqı bu gözəl diyarda yaşamış, yaratmışdır.

Naxçıvanın, eyni zamanda, qədim dövlətçilik tarixi vardır. Qədim Atabəylər dövlətinin mərkəzi Naxçıvan idi. Təsadüfi deyil ki, Naxçıvana 90 il bundan əvvəl Azərbaycanın tərkibində muxtariyyət statusu verilmişdir. Bu, gözəl hadisə idi, tarixi hadisə idi. Naxçıvanın rolunu, bu diyarın strateji əhəmiyyətini əks etdirən bir qərar idi. Ancaq bununla bərabər, o vaxt xalqımıza qarşı ədalətsizlik də edilmişdir. Çünki Azərbaycanın əzəli torpağı olan Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana vermişdilər. Bu, böyük ədalətsizlik idi. Çünki Zəngəzur tarixi, əzəli Azərbaycan torpağıdır. Zəngəzurun o vaxtkı əhalisinin mütləq əksəriyyəti azərbaycanlılar idi. Zəngəzurun bütün yaşayış məntəqələrinin adları Azərbaycan adları idi. Ona görə, bu qərarın qəbul edilməsində Azərbaycan xalqına qarşı ədalətsizlik və qərəz əsas rol oynamışdır. Eyni zamanda, bu qərarla Azərbaycan coğrafi baxımdan iki yerə bölünürdü. Eyni zamanda, böyük türk dünyası iki yerə bölünürdü. Bu, ədalətsizlikdir, bu, sağalmayan yaradır. Ancaq mən tam əminəm ki, vaxt gələcək və biz azərbaycanlılar bütün tarixi torpaqlarımıza qayıdacağıq.

Naxçıvanın inkişafı ulu öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. İlk növbədə, ona görə ki, Naxçıvan Azərbaycan xalqına böyük şəxsiyyət ulu öndər Heydər Əliyevi bəxş etmişdir. Ulu Öndər bütün dövrlərdə Naxçıvana böyük diqqət göstərmişdir.

1970-1980-ci illərin əvvəllərində respublikanın sosial-iqtisadi inkişafı üçün çox böyük işlər görmüşdür. O vaxt Azərbaycanın hər bir yerində olduğu kimi, Naxçıvanda da sürətli inkişaf dövrü müşahidə edilirdi. Ulu Öndərin rəhbərliyi ilə Azərbaycan 1980-ci illərin əvvəllərində sovet məkanında ən qabaqcıl yerlərdə idi, o cümlədən Naxçıvanda da böyük sosial quruculuq işləri aparılırdı. Naxçıvanın sənaye potensialı formalaşırdı. Bir sözlə, muxtar respublika öz inkişaf dövrünü yaşayırdı.

Əfsuslar olsun ki, Heydər Əliyevin Azərbaycandan Moskvaya köçməsindən sonra bütün Azərbaycanda olduğu kimi, Naxçıvanda da tənəzzül dövrü yaşanmışdı. Əldə edilmiş bütün uğurlar tədricən tənəzzül etmiş və muxtar respublika üçün çox ağır bir dövr başlamışdır. Biz o dövrü yaxşı xatırlayırıq. 1980-ci illərin sonları Naxçıvan üçün əsl sınaq dövrü idi.

Xoşbəxtlikdən yenə də Ulu Öndərin rəhbərliyi ilə naxçıvanlılar bu ağır sınaqdan şərəflə çıxa bilmişlər.

Məhz 1990-cı illərin əvvəllərində Naxçıvanın taleyi həll edilirdi. Əgər o illərdə Heydər Əliyev Naxçıvanda olmasaydı və naxçıvanlılar Ulu Öndərin ətrafında sıx birləşməsəydilər, Naxçıvanın taleyi çox ağır ola bilərdi.

Çünki artıq erməni millətçiləri Azərbaycana qarşı işğalçı siyasətini başlamışdılar və onların məkrli planlarında Naxçıvanın işğalı da var idi. O vaxt Naxçıvanda vəziyyət böyük çətinliklər hesabına sabit olaraq qalırdı. O vaxtkı Azərbaycan rəhbərliyi də Naxçıvana ögey münasibət bəsləyirdi, heç bir yardım etmirdi, əksinə, Naxçıvanda sabitliyi pozmaq və vəziyyəti gərginləşdirmək üçün çox çirkin əməllər edirdi. Ancaq naxçıvanlılar həmişə olduğu kimi, müdrikliyini göstərərək Ulu Öndərin ətrafında bir yumruq kimi sıx birləşdilər və həm erməni işğalçılarına tutarlı cavab verdilər, onları yerinə oturtdular, həm də Azərbaycanın mərkəzi hökumətinə də öz etiraz səslərini qaldıraraq bildirdilər ki, Naxçıvanda o məkrli ssenari keçməyəcəkdir.

Naxçıvanda dövlət çevrilişi cəhdi də olmuşdur. Biz bunu yaxşı xatırlayırıq. Bu, yaxın tarixdir. Ancaq yenə də Ulu Öndərin qətiyyəti, müdrikliyi, cəsarəti, naxçıvanlıların ona olan inamı bu ağır sınaqdan çıxmaq üçün bizə imkan yaratdı. O illərdə nəinki Naxçıvan üçün, Azərbaycan üçün də tarixi qərarlar qəbul edilmişdir. Naxçıvan Muxtar Respublikası Naxçıvan Sovet Sosialist Muxtar Respublikası adlandırılırdı. O vaxt Naxçıvanın adı dəyişdirildi. Ulu Öndərin təklifi ilə “sovet sosialist” sözləri muxtar respublikanın adından çıxarıldı. Naxçıvanda ilk dəfə olaraq 1990-cı illərdə Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı dövlət bayrağı kimi qəbul edildi və Azərbaycanın Ali Məclisi qarşısında vəsatət qaldırıldı ki, Azərbaycan dövləti də bu bayrağı rəsmi dövlət bayrağı kimi təsdiq etsin. 1991-ci ildə Sovet İttifaqının saxlanması üçün keçirilən qanunsuz referendumda Naxçıvan iştirak etməmişdir. Yəni, bu addımlar ondan sonrakı dövrdə Azərbaycanın dövlət müstəqilliyini şərtləndirdi. O illərdə də Ulu Öndər qətiyyət, cəsarət, öz xalqına, öz millətinə nə qədər bağlı olduğunu göstərmişdir. Bir daha göstərmişdir ki, onun üçün dövlət maraqları, Azərbaycanın maraqları hər şeydən üstündür. Naxçıvan bu ağır sınaqlardan çıxaraq inkişaf yoluna qədəm qoymuşdur.

Ulu Öndərin Azərbaycan tarixində rolu əvəzsizdir. Şəxsiyyətlərin tarixdə rolu haqqında çoxlu kitablar, elmi əsərlər yazılmışdır. Ulu Öndərin həyat və fəaliyyəti, onun siyasəti şəxsiyyətlərin tarixdə rolu haqqında kifayət qədər geniş material verir. Bu böyük şəxsiyyətin rolu o qədər əhəmiyyətli və dəyərlidir ki, bu gün müstəqil Azərbaycan dövləti Ulu Öndərin siyasəti, cəsarəti, uzaqgörənliyi sayəsində inkişaf edir, yaşayır.

Bizim müstəqilliyimiz ən böyük sərvətdir və hamımız yaxşı bilirik ki, XX əsrin əvvəllərində də Azərbaycan müstəqillik qazanmışdı. Ancaq biz o müstəqilliyi qoruya bilməmişdik. O müstəqilliyin ömrü müəyyən səbəblər üzündən uzun olmamışdır. Ancaq bu, reallıqdır və bundan da əlavə məhz o illərdə, müstəqillik illərində, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul edilmiş qərara əsasən, bizim əzəli torpağımız olan İrəvan Ermənistana verilmişdir. Necə ki, ondan bir neçə il sonra bolşevik sovet hakimiyyəti Zəngəzuru ermənilərə vermişdir. Necə ki, ötən əsrin sonlarında Qarabağ işğal altına düşmüşdür. Görün bizim xalqımız nə qədər böyük faciələr yaşamışdır. Ancaq buna baxmayaraq, xalqımızın iradəsi sınmamışdır. Buna baxmayaraq, Azərbaycan bu gün inamlı inkişaf dövrünü yaşayır. Bu gün güclü Azərbaycan bölgə üçün, region üçün sabitləşdirici rol oynayır. Mən tam əminəm ki, güclü Azərbaycan və güclənən Azərbaycan bizə öz ərazi bütövlüyümüzü bərpa etməyə və gələcəkdə bütün tarixi torpaqlarımıza qayıtmağa imkan verəcəkdir.

O illəri xatırlayarkən bir daha hamımız görürük ki, nə qədər ağır illər idi, ancaq, eyni zamanda, bizim qələbəmiz nə qədər şərəfli idi. Çünki bu qələbə Azərbaycan dövlətinin, Azərbaycan xalqının qələbəsi idi. Azərbaycan xalqı öz müstəqilliyini qoruya bilmişdir. Məhz ona görə ki, müstəqilliyin bünövrəsi 1990-cı illərin əvvəllərində Naxçıvanda qoyulmuşdur. Məhz ona görə ki, 1993-cü ildə Azərbaycan xalqının xahişi ilə Ulu Öndər Naxçıvandan Bakıya getmiş və orada Azərbaycanı böyük bəlalardan, vətəndaş müharibəsindən qurtarmış və Azərbaycana sabitlik gətirmişdir.

1993-cü ildən başlayaraq Azərbaycanda sabitlik, sürətli inkişaf dövrü yaşanır və müstəqilliyimizin banisi Heydər Əliyevin bu uğurlarda rolu əvəzsizdir.

Naxçıvan da sürətlə inkişaf edir. Naxçıvanda bütün məsələlər uğurla icra edilir. Bu səfər mənim Naxçıvana son 10 il ərzində 11-ci səfərimdir. Demək olar ki, hər il Naxçıvana gəlirəm, burada gedən inkişafla tanış oluram və çox sevinirəm.

Sevinirəm ki, bu gün Naxçıvan çiçəklənən bir diyardır.

Dünən son bir il ərzində Naxçıvanda görülən işlərlə bir daha tanış olarkən gördüm ki, nə qədər böyük işlər görülür, Naxçıvan rəhbərliyi muxtar respublikanın inkişafı üçün nə qədər böyük sevgi ilə, diqqətlə səylər göstərir. Bütün bu uğurlar münasibətilə naxçıvanlıları ürəkdən təbrik edirəm.

Naxçıvanın hərbi potensialı böyük dərəcədə möhkəmlənmişdir. Naxçıvan Ordusu bu gün güclü Ordudur. Naxçıvan Ordusunun hərbi texnika ilə təminatı ən yüksək səviyyədə təşkil edilir. Bu da təbiidir, çünki Naxçıvan strateji yerdə yerləşir.

Naxçıvan blokada şəraitində yaşayır və belə olan halda Naxçıvanın döyüş potensialı ən yüksək səviyyədə olmalıdır. Bu gün bu, belədir. Gələcəkdə Naxçıvanın hərbi potensialının gücləndirilməsi üçün əlavə tədbirlər görüləcəkdir. Naxçıvanın hərbi potensialı elə olmalıdır ki, istənilən təcavüzə tutarlı, layiqli cavab verə bilsin. Bu gün bu, artıq reallıqdır. Gələcək illərdə görüləcək əlavə tədbirlər hesabına biz Naxçıvanda daha da böyük hərbi potensial yaradacağıq. Buna imkan vardır.

Azərbaycan dövləti zəngin dövlətdir. Bildiyiniz kimi, bizim dövlət büdcəmizin əsas xərcləri hərbi məqsədlər üçün nəzərdə tutulur. Nə qədər ki, torpaqlarımız işğal altındadır, bu, belə də olmalıdır.

Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Ordu quruculuğu sahəsində aparılan islahatlar, Naxçıvanda əlahiddə ordunun yaradılması, bu ordunun ən müasir silah-sursat, texnika ilə təchiz edilməsi bizim dövlət siyasətimizdir. Yəni, bundan sonrakı illərdə də Naxçıvanın hərbi gücünün artırılması üçün əlavə tədbirlər görüləcəkdir.

Naxçıvanda enerji təhlükəsizliyi məsələləri öz həllini tam şəkildə tapıbdır. Bu da çox sevindirici haldır. Bu gün Naxçıvan 100 faiz səviyyəsində qazlaşdırılıbdır. Bütün yaşayış məntəqələrində təbii qaz vardır. Naxçıvan bu gün elektrik enerjisi ilə təchizat baxımından öz enerji təhlükəsizliyini tam şəkildə təmin edə bilibdir.

Hətta ixrac imkanları yaranmışdır.

Biz o illəri yaxşı xatırlayırıq. 1990-cı illərin əvvəllərində mən də dəfələrlə Naxçıvana gəlirdim. Biz faktiki olaraq qaranlıq içində yaşayırdıq. Evlərdə işıq yox idi, nəinki küçələrdə. İşıq böyük fasilələrlə verilirdi. Ən böyük problem işıq idi. Qazdan, ümumiyyətlə, söhbət belə getmirdi. Ancaq bu gün Naxçıvan nəinki özünü enerji ilə tam şəkildə təmin edir, hətta ixrac edir.

Ən önəmlisi ondan ibarətdir ki, Naxçıvanın daxili təminatı 100 faiz bərpa olunan enerji növləri hesabına ödənilir. Bu da deyə bilərəm ki, dünyada çox nadir hallarda müşahidə edilən bir mənzərədir.

İndi Naxçıvanın elektrik enerjisi potensialı 220 meqavata yaxındır. Bu imkanları son illərdə tikilmiş elektrik stansiyaları yaratdı. Son illər ərzində 5 elektrik stansiyası tikilmişdir. Bu gün elektrik enerjisi ilə heç bir problem yoxdur. Nəinki bu gün, gələcəkdə də olmayacaqdır. Çünki biz, əlbəttə, öz enerji potensialımızı elə təşkil etməliyik ki, uzun illər bundan sonra da sürətli inkişafımızı təmin etsin. Çünki heç bir inkişaf elektrik enerjisiz mümkün deyildir. Naxçıvanın artan iqtisadi potensialı, sənaye inkişafı, artan əhalisi diktə edir ki, elektrik enerjisi ilə təchizat daim yüksək səviyyədə təşkil edilsin.

Yəni, bir sözlə, bu gün bu məsələ öz həllini tapıbdır.

Dünən Naxçıvanda sərgilənən yerli istehsal nümunələri ilə də tanış olmuşam. O sərgidə Naxçıvanda son illər ərzində yaradılmış müəssisələrin məhsulları nümayiş etdirilirdi. Bu da çox sevindirici haldır. Çünki yerli istehsal artır. Naxçıvanın sənaye potensialı artır, ixrac artır və Naxçıvanın artıq 100 milyon dollar səviyyəsində ixrac potensialı yaranmışdır.

Naxçıvanda ərzaq təhlükəsizliyi məsələləri demək olar ki, tam şəkildə öz həllini tapmışdır. Dünən mən maraqlanırdım, soruşurdum ki, vəziyyət necədir? Mənə Vasif Talıbov məlumat verdi ki, Naxçıvanın əsas ərzaq məhsulları ilə təminatı tam şəkildə təşkil edilibdir. Bu da böyük nailiyyətdir, böyük uğurdur.

İnfrastruktur layihələrinin icrası, yolların çəkilməsi, hazırda içməli su və kanalizasiya layihələrinin icrası da çox önəmli hadisədir. Yəni, bir sözlə, Naxçıvanın bütün sosial, iqtisadi, infrastruktur, hərbi məsələləri yüksək səviyyədə öz həllini tapır.

Naxçıvan gözəlləşir, abadlaşır, gözəl, müasir şəhərə çevrilir. Nəinki Naxçıvan şəhəri, digər şəhərlər də. Bütün rayon mərkəzlərində artıq müasir tibb məntəqələri vardır. Naxçıvanda ən böyük mərkəzi xəstəxana tikilir. Ondan əvvəlki dövrlərdə diaqnostika mərkəzi, doğum mərkəzi tikilmişdir. Yəni, görülən bütün işləri sadalamaq üçün çox vaxt lazım olacaqdır, siz naxçıvanlılar bunları yaxşı bilirsiniz. Sadəcə olaraq mən öz təəssüratlarımı, öz sevincimi ifadə etmək istəyirəm ki, bu gün Naxçıvan sözün əsl mənasında inamla, uğurla inkişaf edir. Sizə, naxçıvanlılara gələcək işlərdə də yeni uğurlar arzulayıram.

Bir daha demək istəyirəm ki, bu uğurların təməlində Ulu Öndərin siyasəti dayanır. Biz, onun davamçıları bu siyasətə sadiqik. Artıq on bir ilə yaxındır ki, Ulu Öndər aramızda deyil. Ancaq onun ideyaları, siyasəti, siyasi xətti yaşayır. Azərbaycan inamla, uğurla inkişaf edir. Azərbaycan sözün əsl mənasında müstəqil dövlət kimi öz siyasətini aparır. Azərbaycan xalqı bu gün inkişaf edən Azərbaycanın timsalında müstəqilliyin üstünlüklərini əyani şəkildə görür. Müstəqillik ən böyük sərvətimizdir. Hətta inkişafımız olmasa idi, hətta ağır vəziyyətdə yaşasaydıq belə, yenə də azadlıq, müstəqillik hər şeydən üstündür. Ancaq biz nəinki müstəqil dövlətik, nəinki öz taleyimiz öz əlimizdədir və müstəqil siyasət aparırıq, biz uğurlu dövlətik. Biz böyük uğurlara imza atmışıq. Son on ilin nəticələri göz qabağındadır. Bu, statistikadır, bu, tarixdir, bu, reallıqdır. Son 10 il ərzində iqtisadi sahədə Azərbaycan qədər inkişaf edən ikinci ölkə olmamışdır. Cəmi 10 il ərzində iqtisadiyyat 3 dəfə artmışdır.

Bizi uzun illər incidən işsizlik kimi problem demək olar ki, aradan qaldırılıb. Yoxsulluq səviyyəsi ən aşağı həddədir.

Azərbaycan bu gün bütün iqtisadi parametrlər üzrə ən qabaqcıl ölkələrlə eyni səviyyədədir, bəzi parametrlər üzrə inkişaf etmiş ölkələri də qabaqlayır. Bizim dövlət xarici borcumuz ümumi daxili məhsulun 8 faizini təşkil edir. Azərbaycanda böyük həcmdə valyuta ehtiyatları yaradılmışdır və ümumi daxili məhsulumuzun 70 faizini təşkil edir. Büdcə kəsiri çox aşağı səviyyədədir. İnfrastruktur layihələrinə qoyulan vəsait bu gün ölkəmizin hər bir yerində özünü göstərir, yeni imkanlar açır.

Biznes imkanları da çox yaxşıdır. Azərbaycanda liberal iqtisadiyyat aparılır. Rəqabət qabiliyyətliliyinə görə Azərbaycan iqtisadiyyatı dünyada 39-cu yerdədir.

Yəni, aparılan islahatlar, düşünülmüş siyasət, xalqla iqtidar arasındakı birlik bizim uğurlarımızı şərtləndirir. Son 10 ilin inkişafı onu göstərir ki, biz, Ulu Öndərin davamçıları onun bütün tapşırıqlarını şərəflə yerinə yetirmişik.

Siyasi islahatlar uğurla aparılır. Azərbaycanda azad cəmiyyət formalaşıbdır. Bütün azadlıqlar mövcuddur. Siyasi fəaliyyət azadlığı, mətbuat azadlığı, internet azadlığı, sərbəst toplaşmaq azadlığı, vicdan azadlığı, bütün azadlıqlar vardır.

Azərbaycan demokratik dövlətdir. Azərbaycan o dövlətdir ki, bu dövlətin inkişafını xalq müəyyən edir. Azərbaycan xalqının maraqları bizim üçün hər şeydən üstündür. Azərbaycan dəyərləri, milli dəyərlərimiz bizim üçün əsas istiqamətdir, əsas yolumuzdur.

Yəni, bu gün Azərbaycan dövləti möhkəm təməl üzərində qurulubdur. Bu təməl tarixə, xalqımızın əsrlər boyu yaratdığı dəyərlərə söykənir. Milli ideologiyamıza söykənir ki, onun müəllifi ulu öndər Heydər Əliyevdir. Bu gün, eyni zamanda, bizim dövlətimiz möhkəm iqtisadi baza üzərində qurulubdur. İqtisadi müstəqillik siyasi müstəqilliyimiz üçün əsas şərtdir.

Azərbaycan bu gün dünya üçün çox önəmli tərəfdaşa çevrilibdir. Beynəlxalq nüfuzumuz artır. Dünya ictimaiyyəti bizi dəstəkləyir. Əgər belə olmasaydı, 155 ölkə bizə səs verməzdi. BMT Təhlükəsizlik Şurasının üzvü olmuşuq. Dünyanın ən mötəbər təşkilatı olan Təhlükəsizlik Şurasına iki dəfə sədrlik etmişik. Bu il Avropa Şurasında sədrlik edəcəyik. Dünyada dostlarımızın, bizimlə əməkdaşlıq etmək istəyənlərin sayı artır. Yəni, budur bizim beynəlxalq nüfuzumuz. Beynəlxalq nüfuz, iqtisadi güc, hərbi potensial, sosial məsələlərin həlli, regional inkişaf proqramlarının uğurla icra edilməsi və prinsipial siyasət.

Hər bir məsələ ilə bağlı bizim prinsipial mövqeyimiz vardır. Azərbaycan hər bir beynəlxalq hadisə ilə bağlı öz prinsipial mövqeyini ifadə edir. Bu mövqe prinsiplər üzərində qurulubdur. Beynəlxalq hüquq və ədalət – bu iki prinsip hər bir ölkə üçün ən əsas prinsip olmalıdır. Bizim üçün bu, belədir. Bu gün Azərbaycanın dünyada artan hörməti, eyni zamanda, bizim prinsipial mövqeyimizdən qaynaqlanır. Bizim tərəfdaşlarımız bilirlər ki, Azərbaycan etibarlı tərəfdaşdır. Bizim sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur.

Biz gələcəyə böyük ümidlərlə, nikbinliklə baxırıq. Bizim gələcəyimiz daha da gözəl olacaqdır. Sözün düzü, hesab edirəm ki, bu gün Naxçıvanın gələcək inkişafı ilə bağlı əlavə sözlərə ehtiyac yoxdur. Çünki bütün işlər burada ən yüksək səviyyədə görülübdür. Bir daha qeyd etmək istəyirəm ki, siz bütün məsələləri – quruculuq, abadlıq işlərini, enerji təhlükəsizliyi, hərbi potensial, infrastruktur layihələrinin icrası, ərzaq təhlükəsizliyi məsələlərini həll etmisiniz. Bundan sonra ancaq bu uğurlara yeni uğurlar əlavə etmək lazımdır. Bundan sonra Azərbaycanın, o cümlədən onun ayrılmaz hissəsi olan Naxçıvanın uğurlu, dinamik inkişafı təmin ediləcəkdir. Bu günədək görə bilmədiyimiz işləri görəcəyik. Görüləsi işlər vardır.

Ancaq deyə bilərəm ki, xalqımızı narahat edən əsas sosial və iqtisadi məsələlərin böyük əksəriyyəti öz həllini tapmışdır.

Biz inamla irəliyə gedirik. İrəliyə getmək üçün bizim yolumuz açıqdır. Bu yolun təməlini Ulu Öndər qoymuşdur. Bir daha demək istəyirəm ki, biz bu siyasətə sadiqik. Bizim yolumuz müstəqillik, milli ləyaqət, inkişaf, tərəqqi yoludur. Bizi bu yoldan heç kim döndərə bilməz.

Əziz dostlar, bu gözəl hadisə münasibətilə bütün naxçıvanlıları və bütün Azərbaycan xalqını bir daha ürəkdən təbrik edirəm.

Eşq olsun Azərbaycan xalqına, yaşasın Naxçıvan!

X X X

Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov çıxış etdi.

Ali Məclisin Sədri Vasif Talıbovun çıxışı

  • Möhtərəm cənab Prezident!

Azərbaycandakı diplomatik nümayəndəliklərin hörmətli rəhbərləri!

Yubiley tədbirinin hörmətli iştirakçıları!

90 il bundan əvvəl – 1924-cü il fevralın 9-da Azərbaycanın dövlətçilik tarixində mühüm tarixi hadisə baş verdi: Naxçıvan Muxtar Respublikası təşkil edildi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən bu gün Naxçıvan Muxtar

Respublikasının 90 illik yubileyini qeyd edirik.

Muxtariyyət bayramının yüksək dövlət səviyyəsində qeyd olunması barədə verdiyiniz Sərəncama və dövlət xadimi kimi bu yubileyi bizimlə birlikdə qeyd etdiyinizə görə Sizə Naxçıvan Muxtar Respublikasının bütün əhalisi adından dərin minnətdarlığımızı bildiririk!

Azərbaycan Prezidentinin “Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında” 2014-cü il 14 yanvar tarixli Sərəncamında qeyd olunur ki, “Azərbaycanın qədim bölgəsi Naxçıvan tarixən çətin sınaqlarla dolu, mürəkkəb və eyni zamanda, şərəfli bir yol qət etmişdir. Çoxəsrlik dövlətçilik ənənələri olan bu diyar həmişə xalqımızın zəngin mədəni irsini layiqincə yaşatmış, … ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi həyatında əvəzsiz rol oynamışdır”.

Sərəncamda vurğulanır ki, Naxçıvan Muxtar Respublikasının yaradılması Azərbaycanın siyasi tarixinin mühüm əhəmiyyətli hadisəsidir. Ümummilli liderimiz Heydər Əliyev də deyirdi ki: “Naxçıvan Muxtar Respublikasının yaradılması Azərbaycan xalqının olduqca mürəkkəb bir siyasi şəraitdə əldə etdiyi böyük tarixi nailiyyətdir”.

Naxçıvanın muxtariyyəti asanlıqla qazanılmayıb. Beynəlxalq Qars müqaviləsi 1921-ci ildə imzalansa da, Naxçıvana 3 il sonra, 1924-cü ildə muxtariyyət verilib. Naxçıvanın muxtariyyəti çətin sınaqlardan keçərək gərgin hərbi-siyasi və diplomatik mübarizələr nəticəsində əldə olunub.

Naxçıvanın muxtariyyəti tarixi zərurət idi. 1919-cu ildə Zəngəzur mahalı Ermənistana veriləndən sonra Naxçıvan ölkənin əsas ərazisindən təcrid olunmuşdu. Regionda marağı olan böyük dövlətlər İrəvan və Zəngəzur kimi Naxçıvanı da ermənilərə güzəştə getmək istəyirdilər. Erməni yaraqlıları əhalini qorxu içərisində saxlayır, soyqırımı törədir, torpaqların boşaldılmasına çalışırdılar. Buna baxmayaraq, nə böyük dövlətlərin siyasi və diplomatik təzyiqi, nə aclıq və səfalət, nə də ermənilərin aramsız hərbi müdaxiləsi naxçıvanlıların iradəsini sındıra, Azərbaycanla bir olmaq istəyinin qarşısını ala bilmədi. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin başçısı Nəsib bəy Yusifbəyli parlamentdəki çıxışında deyirdi ki, hökumət yaranmış şəraitdə Naxçıvana real yardım göstərə bilmədi: “İgid naxçıvanlılar, şərurlular… bu məsələni özləri həll etdilər. Onlar həyatlarını, ailələrinin şərəfini və var-dövlətlərini riskə qoyaraq doğma torpağa – Vətənə qovuşmaq üçün ayağa qalxıb azad oldular və bununla da hökumətin işini asanlaşdırdılar. Haqq və ədalət tərəfdarları bu qətiyyəti, fədakarlığı və vətənpərvərliyi görəndən sonra onların qanuni hüquqlarını danmayacaqlar”.

Naxçıvanlıların qanuni hüququ öz tarixi ərazisində yaşamaq, daim Azərbaycanla bir olmaq, ana Vətəndən ayrı düşməmək idi. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti yaranandan sonra naxçıvanlılar dəfələrlə Azərbaycana birləşmək iradəsini ortaya qoysalar da, mövcud siyasi və beynəlxalq vəziyyət bu istəyin həyata keçməsinə imkan verməmişdi. Naxçıvan Milli Şurasının Xalq Cümhuriyyəti hökumətinə məktublarında deyilirdi: “Biz ermənilərə tabe olmuruq. Tezliklə Azərbaycan qoşunları tərəfindən Zəngəzurun tutulmasını və Azərbaycana birləşməsini gözləyirik”. Başqa bir məktubda isə deyilirdi: “Bu xalq mədəni dövlətlərin alovlarında məhv olmağa razı olar, amma Azərbaycandan ayrılmaz”.

Göründüyü kimi, Naxçıvanın Azərbaycanın ayrılmaz tərkib hissəsi olması bütün dövrlərdə regionda aparıcı siyasi xətt kimi qalmış, əhali tərəfindən dəstəklənmişdir.

Yaranmış şəraitdə ermənilər tərəfindən torpaqların işğalının qarşısının alınması və Azərbaycandan ayrı düşmüş regionda vahid idarəçiliyin həyata keçirilməsi üçün Naxçıvana Azərbaycanın tərkibində muxtariyyət verilməsi qabaqcıl ictimai düşüncəni məşğul edən əsas məsələ idi. O vaxt bu istiqamətdə mübarizə iki cəbhədə gedirdi. Birincisi ermənilərə qarşı silahlı mübarizə cəbhəsi idi ki, döyüş qabiliyyəti və əlində silahı olan naxçıvanlılar bu cəbhədə birləşmişdilər. Məşhur Naxçıvan xanlarının nəslindən olan Cəfərqulu xan, Kalbalı xan və Rəhim xan yerli silahlı dəstələrə ümumi komandanlığı həyata keçirirdilər. Şərur taborunun komandanı Fətulla Hüseynov, Sədərək taborunun komandanı Həsən Şahverdi oğlu, Nehrəm taborunun komandanı Kəlbə Muxtar, Cəhri taborunun komandanı Kəlbə Kərim erməniləri geri oturda bilmiş, Vətənə xidmət nümunəsi göstərmişdilər.

Naxçıvan ziyalıları yaxşı başa düşürdülər ki, mübarizə aparmadan muxtariyyət qazanmaq mümkün deyil. Odur ki, əlində qələm tutanlar da siyasi mübarizə cəbhəsində vuruşurdular. Onlardan yazıçı-publisist Əli Səbri Qasımovun və Naxçıvanın ləyaqətli oğlu Behbud ağa Şahtaxtinskinin adını xüsusi qeyd etmək istəyirik. Behbud ağa Şahtaxtinski Sovet Azərbaycanı hökumətinin ədliyyə naziri olmasına baxmayaraq, Naxçıvanın Ermənistana verilməsi barədə bəyanata etiraz əlaməti olaraq Naxçıvana gəlmiş, yerli əhalinin kütləvi etirazını təşkil edərək mərkəzi hakimiyyətin Ermənistanın xeyrinə qəbul etdiyi qərarın qarşısını almışdı. Sovetlər birliyinin rəhbəri Vladimir Leninə yazdığı xüsusi məktubda o qeyd edirdi: “Naxçıvan diyarı böyük siyasi, iqtisadi və strateji əhəmiyyətə malikdir… Bu diyarın Ermənistana verilməsi xalqın özünütəyin prinsipini və Sovet Azərbaycanının hüquqlarını pozur”.

Beləliklə, Naxçıvan əhalisinin və ziyalılarının inadlı mübarizəsi, Türkiyə hökumətinin tutduğu ədalətli mövqe nəticəsində 1921-ci ildə Naxçıvanın muxtar respublika statusunda Azərbaycanın tərkibində qalmasını şərtləndirən Moskva və beynəlxalq Qars müqavilələri imzalandı. Bu sənədlər əsasında 1924-cü il fevralın 9-da Azərbaycanın tərkibində Naxçıvan Muxtar Respublikası təşkil olundu.

Ümummilli liderimiz Heydər Əliyev Naxçıvanın muxtariyyət tarixinin çətin sınaqlardan keçdiyini nəzərdə tutaraq, eyni zamanda, bu muxtariyyətin qazanılmasında fədakarlıq göstərənlərin əməyini yüksək qiymətləndirərək deyirdi: “Naxçıvana muxtariyyət vermək, Moskva, Qars müqavilələrində Naxçıvanın müqəddəratını o illərdə həll etmək asan məsələ deyildi. Amma o vaxt milli mənafeyini qoruyan adamlar bunu etdilər. Mən bunu tarixi nailiyyət hesab edirəm… Kim Azərbaycanın milli mənafelərinin keşiyində durubsa, ona xidmət göstəribsə, o insanlar bizim tariximizdə həmişə hörmətlə yada saIınmalı və tariximizə daxil olmalıdırlar”.

Ümummilli Liderimiz Naxçıvanın muxtariyyətinin bütün dövrlərdə düşmən həmlələrindən qorunacağını bəyan edərək demişdir: “Naxçıvan muxtar respublikadır. Azərbaycanın tərkibindədir. Bu, beynəlxalq müqavilələr nəticəsində yaranmış statusdur. Onu heç kəs dəyişdirə bilməz”.

Bu təntənəli gündə Naxçıvanın və onun muxtariyyətinin böyük hamisi, müstəqil Azərbaycanın qurucusu ümummilli lider Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edir, ruhu şad olsun, deyirik.

Naxçıvanın muxtariyyət statusu ötən 90 il ərzində burada inkişafın təmin olunmasına, genişmiqyaslı quruculuq tədbirlərinin aparılmasına şərait yaratmışdır. Bu inkişafı şərti olaraq 5 mərhələyə bölmək olar: 1924-1969-cu, 1969-1987-ci, 1987-1993-cü, 1993-2003-cü illər və 2003-cü ildən sonrakı dövr.

Naxçıvanın muxtariyyət tarixinin 1924-1969-cu illəri əhatə edən dövrü olduqca ağır siyasi, sosial-iqtisadi və mədəni problemlər dövrüdür. Bu dövrün müxtəsər siyasi xarakteristikasını verən Ümummilli Liderimiz demişdir ki, bizim xalqımız iyirminci əsrdə çox faciələrlə rastlaşıbdır. Bunların içərisində Naxçıvanın başına gələn bəlalar, bəlkə, Azərbaycanın başqa bölgələrindən daha dəhşətli, faciəli olubdur… Naxçıvanın hüquqlarını tam məhdudlaşdırmaq istəyiblər.

Naxçıvanın hüquqlarını məhdudlaşdırmaq istəyənlər Azərbaycanın bu qədim torpağında inkişafa mane olmaq məqsədi güdürdülər. 1925-ci ilin martında guya Naxçıvanın hakimiyyət strukturlarındakı “xan-bəy elementləri”nin fəaliyyətini araşdırmaq üçün Naxçıvana xüsusi komissiya göndərilmiş, bir gecədə 50 rəhbər işçi həbs olunmuş, onlardan 48-i repressiyaya məruz qalmışdı. Bunlar o adamlar idilər ki, Naxçıvanın ermənilərdən müdafiəsində xüsusi fəallıq göstərmişdilər.

Naxçıvanın iqtisadiyyatına da ağır zərbələr vurulmuşdu. Keçmiş Sovetlər Birliyinin Dövlət Plan Komitəsində işləyən ermənilər Naxçıvanın duz yataqlarından hasilatın guya baha başa gəldiyini “əsaslandıra bilmişdilər”. Nəticədə duz istehsalı kəskin azalmış, Azərbaycan öz kimya sənayesini inkişaf etdirmək üçün başqa yerlərdən baha qiymətə duz gətirməyə məcbur olmuşdur. Ötən əsrin 50-60-cı illərində isə Arpaçayın axın istiqamətinin ermənilər tərəfindən dəyişdirilməsi Şərururn suvarma əkinçilyinə ciddi ziyan vurmuş, kəskin su qıtlığı yaradılmışdır.

Naxçıvanın muxtariyyət tarixinin 1969-1987-ci illəri əhatə edən ikinci dövrü dirçəliş dövrüdür. Bu dövrdə böyük dövlət xadimi möhtərəm Heydər Əliyevin siyasi hakimiyyətə gəlişi ilə doğma Azərbaycanımız, onunla birlikdə isə Naxçıvan Muxtar Respublikası da özünün əsl inkişafına qovuşmuşdur.

1969-1987-ci illərdə Naxçıvan Muxtar Respublikası qabaqcıl sənaye, kənd təsərrüfatı, elm və mədəniyyət mərkəzinə çevrilmişdir. Naxçıvanın sənayeləşdirilməsinin əsası qoyulmuş, 21 iri sənaye müəssisəsi tikilib istifadəyə verilmişdir.

Naxçıvan böyük tikinti meydançasına çevrilmiş, 45 min nəfər əhalinin yaşadığı yeni massivlər salınmış, şəhər və rayonların, ucqar dağ kəndlərinin infrastruktur sahələri yenilənmiş, təhsil, səhiyyə və mədəniyyət müəssisələri tikilmiş, köhnə kəndli komalarının yerində müasir üslubda abad evlər ucaldılmışdı. Artıq 1985-ci ildə Azərbaycanda istehsal olunan daş duzun, üzlük travertinin və şüşə qablar istehsalının hamısı, mineral suların və alt trikotaj məmulatlarının əsas hissəsi, konservlərin və ipək xammalının isə 23 faizdən çoxu Naxçıvanın payına düşürdü.

Bu dövrdə süni göllərin və dəryaçaların yaradılması da Naxçıvanın xilasına hesablanmış əhəmiyyətli addımlar idi. Ulu Öndərimizin səyi nəticəsində 1970-1980-ci illərdə 4 böyük su anbarı, 10-a yaxın sututar tikilib istifadəyə verilmişdir. Bu hesaba əkin dövriyyəsinə daxil edilən torpaqlar xeyli artırılmış, kənd təsərrüfatı dinamik inkişaf yoluna çıxarılmışdı. Şuşa-Laçın-Biçənək-Naxçıvan təbii qaz xətti, Yevlax-Şuşa-Naxçıvan radio-rele xətləri çəkilmiş, yeni rabitə evləri tikilmiş, hər 3 ailədən biri telefonla təmin olunmuşdu. Energetika və nəqliyyat sahələri də inkişaf etdirilmiş, Araz çayı üzərində 22 meqavat gücə malik su elektrik stansiyası yaradılmış, bütün rayon mərkəzlərində və Naxçıvan şəhərində avtovağzallar, 1976-cı ildə isə Naxçıvan Hava Limanı tikilib istifadəyə verilmişdi. Naxçıvanda “Təbriz” mehmanxanasının tikilməsi və Babək rayonunun yaradılması Ümummilli Liderimizin hələ Sovetlər Birliyinin mövcud olduğu dövrdə daim azərbaycançılıq mövqeyində dayanmasının, milli yaddaşın bərpası istiqamətində taleyüklü tədbirlər görməsinin konkret ifadəsi idi.

Naxçıvanın muxtariyyət tarixinin ikinci mərhələsində görülən tədbirlərin nəticəsidir ki, 1980-ci ilin sonuna yaxın ümumi məhsul istehsalı muxtar respublikanın təşkil edildiyi 1924-cü ilə nisbətən 180 dəfə artmışdı. Təkcə 1980-ci ilin 2 günündə 1924-cü il ərzində istehsal olunan qədər məhsul istehsal edilirdi.

1987-1993-cü illərdə ölkəmizi Heydər Əliyev yolundan döndərməyə uğursuz cəhdlər göstərildi. Nəticəsi də o oldu ki, Azərbaycan ağır vəziyyətlə üzləşdi. 20 Yanvar faciəsi baş verdi, Dağlıq Qarabağ və ətraf rayonlar işğal olundu. Ölkə iqtisadiyyatı bərbad vəziyyətə düşdü. Separatçı hərəkatlar baş qaldırdı. Azərbaycan fəlakətin bir addımlığında idi. O, siyasi xəritədən silinə bilərdi.

Eyni aqibət Naxçıvan Muxtar Respublikasını da gözləyirdi. Bu dövrün Naxçıvanı təklənmiş, taleyin ümidinə buraxılmış adanı xatırladırdı. Ermənistan tərəfindən təkcə iqtisadi blokadaya yox, həm də informasiya blokadasına salınmış Naxçıvan beynəlxalq aləmdən təcrid edilmişdi.

1990-cı ilin iyul ayında xalqımızın böyük oğlunun Moskvadan Naxçıvana gəlməsi, burada siyasi fəaliyyət göstərməsi muxtar respublikanı siyasi oyunlardan – ərazisini erməni işğalından, muxtariyyətini isə ləğv olunmaq təhlükəsindən xilas etdi.

Ümummilli Liderimiz 1990-1993-cü illərdə burada baş verən prosesləri xatırlayaraq deyirdi: “1990-1993-cü illərdə Naxçıvanda keçirdiyim dövr mənim həyatımda xüsusi yer tutur. O illər biz Naxçıvanın ağır dövrünü yaşadıq və Naxçıvanı böyük təhlükələrdən, böyük faciələrdən xilas etdik. O dövr böyük sınaq dövrü oldu. İnsanların öz torpağına, Vətəninə sədaqətinin sınaqdan keçməsi dövrü oldu. Biz bu sınaqdan çox böyük şərəflə çıxdıq”.

Aydın məsələdir ki, Ulu Öndərimizin siyasi fəaliyyətinin Naxçıvan dövründə həyata keçirdiyi tədbirlər, hazırladığı siyasi sənədlər təkcə Naxçıvanın yox, eyni zamanda, doğma Azərbaycanımızın da xilasına xidmət edirdi. Üçrəngli dövlət bayrağının, digər milli dövlətçilik atributlarının qəbul edilməsi, milli ordu quruculuğuna başlanılması, aqrar islahatların həyata keçirilməsi – böyük ömrün Naxçıvanda keçən 3 ili ərzində görülən bütün bu tədbirlər müstəqil dövlətimizin daha da möhkəmlənməsinə yönəlmiş milli inkişaf konsepsiyasının tərkib hissələri idi.

Həmin dövrdə Heydər Əliyev quruculuq xəttini davam etdirən Naxçıvan Azərbaycanın digər əraziləri üçün bir nümunə gücündə idi. Təsadüfi deyil ki, dövlət müstəqilliyini itirmək təhlükəsi yarandıqda bütün Azərbaycan xalqı “Heydər Əliyev hakimiyyətə gəlməlidir” tələbi ilə ayağa qalxdı.

1993-cü ildə böyük dövlət xadiminin ikinci dəfə ali hakimiyyətə qayıdışı bir tərəfdən böyük şəxsiyyətlərin tarixdə oynadıqları rolun daha bir ifadəsi idisə, digər tərəfdən xalqla milli liderin qırılmaz tellərlə bağlılığının nümunəsi idi. On ikinci əsrin görkəmli siyasətçisi Nizamül-mülk deyirdi: “Xalqın iradəsi ilə rəhbərin dühası birləşdikdə ölkə möhkəmlənər, gündən-günə inkişaf edər”.

Bu fikirlərdə əks olunan lider və xalq bağlılığının klassik ifadəsi bir daha öz təsdiqini 1993-cü ildən sonrakı Azərbaycan siyasi və iqtisadi mühitində tapdı. Tarixə qurucu rəhbər kimi daxil olan Ümummilli Liderimizin hakimiyyətdə olduğu illərdə Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası da sabitliyə və tərəqqiyə qovuşmuş, davamlı inkişaf və əmin-amanlıq yoluna çıxmışdır. 1993-2003-cü illər ərzində muxtar respublikada sənaye məhsulunun həcmi 3 dəfə, kənd təsərrüfatında ümumi məhsul istehsalı 4 dəfə artmışdı.

Ulu Öndərimizin Azərbaycan Prezidenti kimi siyasi hakimiyyəti dövründə Naxçıvan Muxtar Respublikasında 96 təhsil müəssisəsi, 38 səhiyyə, 94 mədəniyyət obyekti, 73 inzibati bina tikilmiş və ya yenidən qurulmuşdur. Bu dövrdə əlil, məcburi köçkün, qaçqın, şəhid ailələri və təbii fəlakətdən zərər çəkmiş əhali üçün 47 fərdi ev tikilmiş, 66 körpü, 74 nasos stansiyası, 386 digər infrastruktur obyektləri istifadəyə verilmişdir.

Zaman keçdikcə bu nailiyyətlər daha da artır və artacaqdır. Çünki Ümummilli Liderimizin yolunu layiqli davamçısı, müstəqil Azərbaycanın qüdrətli rəhbəri möhtərəm İlham Əliyev davam etdirir!

Bu gün xalqımız əmindir ki, Ümummilli Liderimizin siyasi kursu möhkəm əllərdədir. Bu kursu davam etdirən cənab Prezident Azərbaycanı, onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasını da yaşadır və inkişaf etdirir, ölkəmizi və xalqımızı inamla daha firavan gələcəyə aparır!

Azərbaycan Prezidentinin rəhbərliyi altında Naxçıvan Muxtar Respublikasının inkişafının 2003-cü ildən sonrakı dövrü milli liderimiz Heydər Əliyevin quruculuq xəttinin yaradıcı gücünün daha bir əyani ifadəsidir. Bu xəttin davam etdirilməsi blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasında dinamik inkişafı təmin etmişdir.

Azərbaycan Prezidentinin təsdiq etdiyi 2004-2008-ci və 2009-2013-cü illəri əhatə edən Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramlarının icrası paytaxt Naxçıvan şəhəri ilə yanaşı, rayonların və ucqar dağ kəndlərinin də inkişafına səbəb olmuşdur. Ölkə rəhbərinin diqqət və qayğısının nəticəsidir ki, 2013-cü ildə ümumi daxili məhsul istehsalı 2003-cü ildəki göstəricini müqayisəli qiymətlərlə 8 dəfə üstələmişdir. Ötən il hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2003-cü ilə nisbətən 7 dəfə artaraq 5423 manat olmuşdur.

2003-cü illə müqayisədə 2013-cü ildə sənaye məhsulunun həcmi 49 dəfə artmışdır. 2003-cü ilin sonuna muxtar respublikada 66 sənaye müəssisəsi fəaliyyət göstərirdisə, 2013-cü ildə bu göstərici 7 dəfə artaraq 438-ə çatmışdır.

Görülən tədbirlər nəticəsində muxtar respublikanın enerji təhlükəsizliyi də təmin olunmuşdur. Ölkə rəhbərinin diqqət və qayğısı sayəsində 14 illik fasilədən sonra 2005-ci ildə muxtar respublikaya təbii qazın nəqli bərpa edilmişdir. Bu gün muxtar respublikanın elə bir yaşayış məntəqəsi yoxdur ki, ora təbii qaz verilməsin. Əgər sovetlər birliyi dövründə muxtar respublika üzrə cəmi 33 min abonentə təbii qaz verilirdisə, indi artıq 81 mindən çox abonent təbii qazla təmin olunur.

Əgər 2003-cü ilə qədər muxtar respublikada 1 su elektrik stansiyası vardısa, indi 6 yeni elektrik stansiyası yaradılmışdır.

Əsas kapitala yönəldilən dövlət investisiyalarının həcmi də 2003-cü illə müqayisədə 4 dəfə artmışdır. Son 10 ildə 227 inzibati bina, mənzil təsərrüfatı üzrə 42 obyekt, 29 nasos stansiyası, 150 subartezian quyusu tikilmişdir. Kənd və qəsəbələrin də inkişafı diqqətdə saxlanmış, 104 kənd və qəsəbə mərkəzi tikilərək istifadəyə verilmişdir.

Muxtar respublikada su və kanalizasiya sistemlərinin müasir tələblər səviyyəsində qurulması istiqamətində ardıcıl tədbirlər görülmüş, Naxçıvan şəhər Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksi yaradılmışdır.

Muxtar respublikamızda yol-nəqliyyat kompleksinin yeniləşməsi və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində də kompleks tədbirlər görülür. Son illər muxtar respublikada 725 kilometr uzunluğunda yeni avtomobil yolları salınmış, 16 körpü tikilmişdir.

Əhalinin 70 faizdən çoxunun kənddə yaşaması kənd təsərrüfatını muxtar respublika iqtisadiyyatının əsas sahələrindən birinə çevirmişdir. Məhsul istehsalçılarına güzəştli şərtlərlə kreditlərin verilməsi, torpaq istifadəçilərinin suvarma suyu, gübrə, müasir texnika və avadanlıqlarla təmin olunması torpağa bağlılığı daha da artırmışdır. Bunun nəticəsidir ki, 2003-cü illə müqayisədə taxıl istehsalında 41 faiz, tərəvəz istehsalında 25 faiz, meyvə və giləmeyvə istehsalında 46 faiz artım əldə olunmuşdur. Tələbata uyğun olaraq quşçuluğun və balıqçılığın inkişafı dəstəklənmiş, ötən 10 il ərzində 60 yeni quşçuluq, 11 balıqçılıq təsərrüfatı istifadəyə verilmişdir.

Hazırda muxtar respublikada 106 növdə ərzaq, 226 növdə qeyri-ərzaq məhsullarına olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir. Sahibkarlığın inkişafı hesabına məhsul istehsalının həcmi daha da artırılmış, ümumi daxili məhsulda özəl bölmənin xüsusi çəkisi 87 faiz təşkil etmişdir. Yeni istehsal sahələrinin yaradılması hesabına məşğulluq səviyyəsi yüksəlmiş, ötən 10 il ərzində 59 min yeni iş yeri açılmışdır ki, bunun da 43 minə yaxını daimi iş yeridir.

Naxçıvan Muxtar Respublikasında informasiya cəmiyyətinə keçid və elektron hökumətin formalaşdırılması sahəsində də ardıcıl tədbirlər görülür. İnformasiya-kommunikasiya sahələri sürətlə inkişaf etdirilir. Hazırda muxtar respublikanın mövcud telekommunikasiya şəbəkəsinin 94 faizi optik şəbəkəyə birləşdirilmiş, Naxçıvan şəhərində “Evədək optika” layihəsinin icrasına başlanmışdır. Muxtar respublikanın yaşayış ərazilərinin 92 faizində genişzolaqlı internet, 80 faizində isə simsiz internet xidməti göstərilir. Azərbaycanın ilk peykinin orbitə buraxılması Naxçıvan Muxtar Respublikası ərazisində də keyfiyyətli yayım imkanı yaratmışdır. “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı” icra olunmuş, orta ümumtəhsil məktəblərində hər 14 şagirdə 1 kompyuter dəsti olmaqla 3409 kompyuter, 551 elektron lövhə quraşdırılmışdır. Quraşdırılmış kompyuterlərin 84 faizinin birbaşa internetə çıxışı təmin olunmuşdur.

Qeyd olunan dövrdə ümumtəhsil məktəblərinin, məktəbəqədər və məktəbdənkənar müəssisələrin tikintisinə də diqqət artırılmış, 56 min 926 şagird yerlik 142 orta məktəb binası, 17 uşaq bağçası, 17 məktəbdənkənar müəssisə, 20 uşaq musiqi məktəbi tikilərək və ya yenidən qurularaq gənc nəslin istifadəsinə verilmişdir. Məktəb tikintisində Ümummilli Liderimizin adını daşıyan Fond da yaxından iştirak etmiş, Fondun təşəbbüsü ilə 8 məktəb binası tikilmişdir.

Ali və orta ixtisas məktəbləri, elm ocaqları üçün bina və korpusların tikintisi də davam etdirilmiş, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsinin institutları üçün 3 korpus yenidən qurulmuş, Batabat Astrofizika Rəsədxanası, Bioresurslar İnstitutunun Nəbatat bağı üçün inzibati binalar, Naxçıvan Dövlət Universiteti üçün 6 tədris korpusu və Elektron Kitabxana tikilmişdir.

Görülən tədbirlər nəticəsində təhsilin səviyyəsi artmışdır. Əgər 2004-cü ildə orta məktəbi bitirən məzunlardan 49 faizi ali məktəblərə sənəd vermişdirsə, 2013-cü ildə bu göstərici 77 faiz olmuşdur. 2004-cü ildə abituriyentlərin 30 faizi və ya 891 nəfəri tələbə adını qazanmışdırsa, 2013-cü ildə bu göstərici müvafiq olaraq 52 faiz və ya 1676 nəfər təşkil etmişdir. 2004-cü ildə tələbə adını qazananların yalnız 67 nəfəri qəbul imtahanlarında 500-dən yuxarı bal toplamışdırsa, 2013-cü ildə 500-dən yuxarı bal toplayanların sayı 5 dəfə artaraq 312 nəfər olmuşdur. 2004-2013-cü illərdə əldə etdiyi yüksək nailiyyətlərə görə 51 tələbə Prezident təqaüdünə layiq görülmüşdür. Məzunlarımızdan 350 nəfəri Türkiyə, Ukrayna, İngiltərə, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa və Koreya Respublikası universitetlərinə qəbul olunaraq təhsillərini davam etdirirlər.

Ötən dövrlərdə savadlı nəslin yetişdirilməsi ilə yanaşı, əhali sağlamlığının mühafizəsi istiqamətində də tədbirlər davam etdirilmiş, 71 səhiyyə müəssisəsi tikilərək və ya əsaslı təmir olunaraq istifadəyə verilmişdir.

Təhsil və səhiyyə ilə yanaşı, elm də inkişaf etdirilmiş, ötən dövr ərzində 149 fəlsəfə doktoru, 32 elmlər doktoru dissertasiyası müdafiə edilmişdir.

Həyata keçirilən islahatlar sosial-iqtisadi sahədə də dönüş yaratmış, əhalinin həyat şəraitinin və güzəranının yaxşılaşmasına səbəb olmuşdur. Əhali gəlirlərinin həcmi 2003-cü illə müqayisədə 2013-cü ildə 10 dəfə artmış, hər bir nəfərə düşən gəlirlərin həcmi 2003-cü ildəki 458 manata nisbətən 9 dəfə artaraq 4028 manata qalxmışdır.

Bu inkişaf əhali artımına və məskunlaşmaya da öz təsirini göstərmişdir. Son 10 ildə Naxçıvan Muxtar Respublikasının əhalisi 62 min nəfər artmış, əhalinin ümumi sayı isə 436 minə çatmışdır.

Muxtar respublikada ordu quruculuğu və müdafiə ilə bağlı tədbirlər də diqqət mərkəzindədir. Bu gün möhtərəm Prezidentimizin rəhbərliyi ilə ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər nəticəsində yaradılmış ordu birləşmələri etibarlı müdafiəni təmin etməklə yanaşı, işğal olunmuş torpaqların azad edilməsi barədə Ali Baş Komandanımızın bütün tapşırıqlarını yerinə yetirməyə hazırdır!

Göründüyü kimi, Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası bütün sahələrdə uğurlu yol keçmişdir. Bunun nəticəsini təkcə rəqəmlərdə yox, eyni zamanda, real həyatda, şəhər və rayon mərkəzlərimizin, kəndlərimizin dəyişən simasında, tikilən infrastruktur obyektlərində, insanların firavanlığının, həyat şəraitinin yaxşılaşmasında görürük.
Möhtərəm cənab Prezident!

Yubiley tədbirinin hörmətli iştirakçıları!

Naxçıvan Muxtar Respublikasının 90 il ərzində keçib gəldiyi yol, ondan çıxarılan nəticə bir daha təsdiqləyir ki, tarixin sınaqlarından çıxmış ulu öndər Heydər Əliyevin yolu ölkəmizin dünəninin, bu gününün, sabahının və gələcəyinin yoludur.

Bu yolu uğurla davam etdirən cənab Prezidentə minnətdarlığımızı, ehtiramımızı bildirir və Sizin dediyiniz kimi: “Ölkəmizi bundan sonra da inkişaf etdirmək və qüvvətli dövlətə çevirmək üçün ən başlıcası Azərbaycanda Heydər Əliyev yolu davam etdirilməlidir”.

Diqqətinizə görə sağ olun!

X X X

Prezident İlham Əliyevin 2014-cü il 5 aprel tarixli sərəncamları ilə Naxçıvan Muxtar Respublikasının sosial–iqtisadi inkişafında xidmətlərinə görə muxtar respublikanın bir qrup ziyalısı müxtəlif orden və medallara, fəxri adlara layiq görülmüşdür.

Dövlət başçısı həmin mükafatları sahiblərinə təqdim etdi.

Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi münasibətilə bir daha təbriklərini çatdıran Prezident İlham ƏLİYEV dedi:

  • Əziz naxçıvanlılar, bu gözəl bayram münasibətilə sizi bir daha ürəkdən təbrik edirəm. Hər birinizə cansağlığı, xoşbəxtlik, yeni-yeni uğurlar arzulayıram. Sağ olun.

X X X

Yubiley mərasiminin rəsmi hissəsindən sonra Naxçıvan Muxtar Respublikasının incəsənət ustalarının ifasında konsert proqramı nümayiş olundu.

Azərbaycan Prezidenti İlham Əliyev və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, təntənəli mərasimdə iştirak edən qonaqlar konsert proqramına maraqla tamaşa etdilər.

X X X

Konsertdən sonra Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi münasibətilə ziyafət verildi.

Əvvəlcə Prezident İlham Əliyev yubiley mərasimində iştirak etmək üçün Naxçıvan şəhərinə gələn ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri ilə söhbət etdi.

Sonda xatirə şəkli çəkdirildi.

 


 

İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri başa çatmışdır

Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri aprelin 9-da başa çatmışdır.

Naxçıvan Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidentini Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yola saldı.

Dövlət başçısı Naxçıvandan İran İslam Respublikasına yola düşdü.