İlin ən yaxşı fotoşəkili seçildi

XALQ,AZ xəbər verir ki, Venesuelalı fotoqraf Ronaldo Şemidtin çəkdiyi foto “World Press Photo” versiyası üzrə ən yaxşı hesab olunub.

Nüfuzlu beynəlxalq müsabiqənin qalib və mükafatçılarının elan edilməsi mərasimi cümə axşamı Amsterdamda keçirilib.

Qalib gələn fotoda yanaraq qaçan əleyhiqazlı kişi təsviri öz əksini tapıb. Bu, 3 may 2017-ci il tarixində Karakasda hökumət əleyhinə nümayişlərdə iştirak edən 28 yaşlı Xose Viktor Salasar Balsadır. Onun paltarı yaxınlıqdakı motosiklet yandırılan zaman yanacaq çəninin partlaması nəticəsində yanıb. O, həmin vaxt I və II dərəcəli yanıq xəsarətləri ilə hospitala yerləşdirilib və orada ona lazımi tibbi yardım göstərilib.

“İlin fotosu” titulu uğrunda daha beş şəkil, o cümlədən Mosulda gedən döyüşlər və Londonda törədilən terror aktı zamanı çəkilən fotolar mübarizə aparıb.

“World Press Photo” 1955-ci ildən bu işlə məşğul olan fotoqrafların nüfuzlu beynəlxalq müsabiqəsidir. Bu il seçim zamanı münsiflər 125 ölkədən olan 4,5 min fotoqrafın çəkdiyi 73 mindən çox fotonu nəzərdən keçiriblər.

Elgün