İlqar Qasımov təkzib edi:“AŞPA üzvlərinə müraciətə mən imza atmamışam”

Ilqar Qasimov

 

Yanvarın 16-da bir qrup Azərbaycan QHT təmsilçisi, jurnalist, vəkil tərəfindən Avropa Şurası Parlament Assambleyasına müraciət göndərilib. Müraciətdə AŞPA-nın yanvar sessiyasında Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnun alınmasına çağırış edilib. Müraciətə imza atanlar sırasında “Hüquqi Yardım”  İctimai Birliyinin sədri İlqar Qasımovun da adı göstərilib.

Strateq.az-a açıqlamasında isə İlqar Qasımov bu müraciətə imza atmadığını bildirib. Qeyd edib ki, bu müraciətdə əks olunan fikirləri bölüşmür.

İmza atmadığı halda adının müraciəti dəstəkləyənlər sırasında qeyd edilməsinin məqsədləri isə ona məlum deyil: “Yox, mən bu müraciətə imza atmamışam. Bu müraciəti mənə Emin Hüseynov göndərmişdi. Məndən xahiş edirdi ki, dəstək verim. Yazdım ona ki, lazım olsa, dəstək verərəm. Sonra tərcümə etdim, baxdım gördüm ki, mənim dəstək verməyim uyğun deyil. Ona söz verməmişdim ki, mütləq dəstək verəcəyəm. Ona görə nə imza atdım, nə müraciəti bir yana göndərdim. Bu müraciət poçtumda da qalır. Bu müraciətlə bağlı heç nə etməmişəm. Bu məsələ ilə bağlı heç bir mənəvi məsuliyyətim yoxdur. Bu fikirləri də bölüşmədim. Bölüşmədiyim üçün də, bu müraciəti nə Avropa Şurasına, nə də başqa qurum və şəxsə göndərməmişəm.

Yəqin, onlar belə hesab ediblər ki, mənim elektron poçtuma göndərməklə, guya ki, məlumatlıyam, dəstək vermişəm. Görünür, onlar öz sıralarını çox göstərmək üçün belə ediblər. Hər halda məqsədləri mənə məlum deyil. Onu bilirəm ki, mən imza atmamışam”.