İmişlininin icra başçısı barədə kitab nəşr olunub

8

Nəşrdə Vilyam Hacıyevin korrupsiyaya qurşanmasından, aldatma yolu ilə iş adamlarının pulunu mənimsəməsindən bəhs edən çoxsaylı məqalələr verilib

 

 “Şəms” nəşriyyatı tərəfindən “Vilyam Hacıyevin sərgüzəştləri” adlı kitab nəşr olunub. Kitabda son bir ildə İmişlinin icra başçısı Vilyam Hacıyev barədə kütləvi informasiya vasitələrində dərc edilmiş məqalələr təqdim edilir.

 Kitaba  İsmayıllı hadisələrindən sonra keçirilən müşavirədə Prezident İlham Əliyevin səsləndirdiyi bu sözlər bələdçilik edir: “Azərbaycan vətəndaşına hər yerdə hörmət olmalıdır, dövlət qurumları tərəfindən normal rəftar edilməlidir, incidilməməlidir. Belə hallar var?! Var! Kim bunu edir?! Dövlət məmurları! Kim incidə bilər vətəndaşı?! Dövlət məmuru!”

 “Ön söz”də nəşriyyat rəhbərliyi ölkə başçısının məmurlar qarşısında qoyduğu tələbləri xatırladaraq bildirir ki, bu nəşr xalqın ehtiyacının ödənilməsi üçün bütün səy və bacarıqların səfərbər olunması məqsədi güdür: “Biz heç də məqsədli şəkildə məhz İmişlinin “kiçik padşah”ını seçmədik. Son bir ildə onun barəsində mediada daha çox tənqidi yazıların dərc olunması diqqətimizi çəkdi. Hesab edirik ki, elə bu yazılar yetərlidir ki, ölkə vətəndaşları V. Hacıyev və digər bu kimi məmurların oturduqları kresloya nə dərəcədə layiq olub-olmadıqları barədə müəyyən fikrə gəlsin.”

 Nəşrdə qeyd olunur ki, İmişli Rayon İcra Hakimiyyətinin başçısı təyin edilənədək V. Hacıyev Göygöl və Samux rayonlarında anoloji vəzifəni yerinə yetirib. “Sərgüzəştlər” də elə “Vilyam Hacıyevin Samux dəhşətləri” ilə başlayır. Məqalələrin birində iddia olunur ki, V. Hacıyev Göygöl rayonuna rəhbərlik etdiyi vaxt öz qardaşı Eldar Hacıyevə 32 min manat, Samuxda işləyəndə isə iş adamı Nəsrulla Nəzərova 491 min manat “atıb”. Bunun ardınca İmişlidə abadlıq işləri aparıldığı müddətdə icra başçısı V. Hacıyev tərəfindən xeyli sayda iş adamının  aldadılması barədə məqalələr sıralanır. Bu ilin yanvarın 31-də İmişlidə keçirilmiş etiraz aksiyasının da məhz aldadılmış sahibkarlar tərəfindən təşkil olunması ehtimalı irəli sürülüb.

 “İmişlidə Vilyam Hacıyev rəzaləti” adlı məqalədə müəllif iddia edir ki, vaxtilə aviabilet satan İmişlinin icra başçısı hələ Göygöl və Samux rayonlarında işlədiyi vaxt “atan” ləqəbi qazanıb, hazırda isə “atmaq” üzrə elmlər doktorudur. Başqa bir məqalədə isə qeyd olunur ki, 12 fevral müşavirəsindən sonra Vilyam Hacıyev prezidentin qəzəbindən qorunmaq  üçün Bakı, Gəncə, Daşkəsən, Göygöl və İmişlidə olan obyektlərini satmaqla sahibkarlara borclu qaldığı 586 min manat pulu ödəyib, təxminən 2,5 milyon manatı isə ölkədən çıxararaq Qazaxstandakı tikinti biznesinə yatırıb.

 Vilyam Hacıyev barədə məqalələr toplusunu təqdim edərkən “Şəms” nəşriyyatı bu seriyadan növbəti  kitabların buraxılma ehtimalı barədə də anons verib: “Layihəmiz uğurlu alınsa və oxucular tərəfindən rəğbətlə qarşılansa, digər oliqarx-məmur, əyalət padşahları, qanuna, haqqa, ədalətə deyil, rüşvətə, korrupsiyaya söykənərək qərar çıxaran hakimlər, prokurorlar, rəislər və başqaları barədə də bu səpkili informativ kitabçalar nəşr etməyi nəzərdə tuturuq.” infom.az